16 oktyabr 2025-ci il tarixdə rayonun Tüklə kəndində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovun sakinlərlə növbəti səyyar görüş-qəbulu keçirilmişdir.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov səyyar görüş-qəbulunu açaraq ərazinin tarixi, ziyalıları, ağsaqqalları, mədəniyyəti, məşğuliyyəti və sosial iqtisadi inkişafı barədə çıxış etmişdir.
Sonra rayon rəhbəri sözü Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Famil Cəfərova verərək ötən səyyar görüş-qəbulu zamanı vətəndaşların müraciətlərinin həlli vəziyyəti və ərazidə görülmüş işlər barədə ətraflı məlumat verməsini istəmişdir.
Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Famil Cəfərov çıxış edərək ərazidə ötən qəbul zamanı 3 nəfər vətəndaş tərəfindən 4 məsələ qaldırıldığını, məsələlərin 3-nün müsbət həll olunduğunu və 1 məsələ ilə bağlı vətəndaşa qanunamüvafiq cavab verildiyini bildirmişdir.
Sonra Famil Cəfərov ərazidə görülmüş işlər barədə məlumat verərək qeyd etmişdir ki, şəhid ailələri, imtiyazlı şəxslərə və yardıma ehtiyacı olan insanlara məişət, kommunal və digər problemlərinin həlli ilə bağlı köməklik göstərilmiş, Tüklə ərazisində 2,2 km məsafədə yola asfalt örtüyü döşənmiş, 900 metr məsafədə yola asfalt qırıntısı və çınqıl tökülərək qreyderlə hamarlanmışdır.
Tüklə, Məmmədoba və Tiyaqani kəndlərinin mərkəzi yollarında 2 km məsafədə asfalt ortüyü cari təmir olunmuş, Tiyaqani kəndində yolun genişləndirilməsi işlərinə başlanılmış, Məmmədoba kəndində yolda genişlənmə işləri aparılmış, yola maneə yaradan elektrik və rabitə dirəkləri, eləcədə qaz xətlərinin yeri müvafiq qurumlar tərəfindən dəyişdirilmiş, ərazidə 34 ədəd yararsız elektrik dirəyi və 280 metr elektrik xətti yenisi ilə əvəz olunmuş, 4 km məsafədə suaparıcı kanallar təmizlənmiş və keçidlərə 12 ədəd hər biri 6 metr olan borular atılmış, GPON lahiyəsi üzrə “Aztelekom” İB və “CityNet” MMC şirkəti tərəfindən ərazidə yeni internet xətti çəkilərək əhalinin istifadəsinə verilmişdir.
Daha sonra “Konstitusiya və Suverenlik ili” çərçivəsində isə 250 ədəd ağac əkilməsi, Tüklə və Məmmədoba kənd məscidlərinin cari təmir olunması, ərazidə yerləşən 4 kənd qəbiristanlıqlarının hər birində abadlıq işləri görülməsi və hasarlarının təmir olunaraq rənglənməsi, Məmmədoba kəndində şəhidlər bulaq kompleksinin qarşısına 50 kv.metr asfalt örtüyünün döşənməsi, ərazinin girişində şəhidlərin şəkilləri olan lövhələrin quraşdırılması, Tüklə kəndində aztəminatlı ailə üçün yeni fərdi yaşayış evinin tikilməsi, ərazidə olan dövlət bayraqları və şəhid lövhələrinin yenilənməsi barədə məlumatları görüş iştirakçılarının nəzərinə çatdırmışdır.
Sonra rayon rəhbəri qəbula gələn vətəndaşları narahat edən məsələlərlə bağlı müraciətlərini dinləmiş, qəbul zamanı qaldırılan məsələlərin qeydiyyata alınması və nəzarətdə saxlanılmasını təmin etmək məqsədi ilə tapşırıqlarını vermişdir.
Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov səyyar-görüş qəbulunu yekunlaşdıraraq rayonda vətəndaş müraciətlərinin daim diqqətdə saxlanıldığını bildirmişdir.