Oktyabr ayının 20-dən etibarən respublika ərazisində həyata keçirilən “Təmiz hava” aylığı çərçivəsində Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən birgə nəzarət tədbirləri davam etdirilir.
Bu məqsədlə Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidmətinin stasionar postunda növbəti tədbir keçirilib. Tədbir zamanı nəqliyyat vasitələrinin texniki vəziyyəti yoxlanılıb, havanın çirklənməsinin qarşısının alınması istiqamətində profilaktik tədbirlər görülüb.
Eyni zamanda, sürücülərlə, eləcə də sərnişin və yükdaşıma fəaliyyəti göstərən şəxslərlə maarifləndirici söhbətlər aparılıb. Onlara nasaz nəqliyyat vasitələrindən istifadənin ətraf mühitə, insanların sağlamlığına və ümumilikdə ekologiyaya vurduğu mənfi təsirlər barədə ətraflı məlumat verilib.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi bir daha hərəkət iştirakçılarını nəqliyyat vasitələrinin texniki sazlığını daim nəzarətdə saxlamağa, atmosferin çirklənməsinə yol verməməyə və sağlam ekoloji mühitin qorunmasına töhfə verməyə çağırır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.