Müsəlman Şərqində ilk parlamentli respublika Azərbaycan xalqının adı ilə bağlıdır. Çox təəssüflər olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin süqutu onun milli Konstitusiya haqqında arzu və istəklərini reallışdırmağa imkan vermədi. Cümhuriyyət qurucuları ölkədə hakimiyyət bölgüsünü başa çatdırandan sonra Konstitusiya və parlament seçkilərini həyata keçirməyi nəzərdə tutmuşdular. Amma 20-ci ilin sovet işğalı bu arzu və istəyə imkan vermədi.
Sovet dönəminin ilk illərində Azərbaycanda bir neçə Konstitusiya qəbul edildi. Amma bu konstitusiyaların heç birində insan azadlığı yox, azadlığı məhdudlaşdıran müddəalar çoxluq təşkil edirdi.Bu konstitusiyaların heç biri müstəqil deyildi. Bütün mətnlər Moskvadan gəlir, əyalətlər yalnız öz adlarını bura əlavə edirdilər. Qəbul edilən Konstitusiyalarda söz və vicdan azadlığından söhbət gedə bilməzdi.Xüsusi mülkiyyət qadağan olunur, bütün dinlər təqib olunur, adər-ənənələrə və milli bayramlara məhdudiyyətlər qoyulurdu.
1936-cı ildə SSRİ-nin Konstitusiyası qəbul ediləndən sonra Azərbaycanda da bir il sonra yeni konstitusiya qəbul olundu. Azərbaycanda dövlət dili məsələsi konstitusiyalarda öz əksini tapmırdı. Ona görə də 50-ci illərin ortalarında Azərbaycan dili dövlət dili kimi konstitusiyaya əlavə edildi.Sovet rəhbərliyi bu işin təşkilatçılarından intiqamını aldı. Amma gec idi.
1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası qəbul olundu.Bir il sonra Azərbaycan SSR-in Konstitusiyası hazırlandı.Konstitusiya Komissiyasına Heydər Əliyev rəhbərlik edirdi.Sovet rəhbərliyi əyalət konstitusiyalarında dövlət dilinin təsbit olunmasını məsləhət bilmirdi.Lakin Heydər Əliyev başda olmaqla Azərbaycan tərəfi Azərbaycan dilini dövlət dili kimi irəli sürdü. Sovet rəhbərliyi Azərbaycan tərəfinə etiraz etsə də, Heydər Əliyevi fikrindən döndərmək mümkün olmadı.
Beləliklə, 1978-ci il konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit olundu.
1991-ci ildə Sovet dövləti süqut etdi.Azərbaycan dövlət müstəqilliyinin bərpası haqqında Konstitusiya Aktı qəbul etdi.1995-ci ildə Azərbaycan öz tarixində ilk dəfə milli Konstitusiya qəbul etdi. Müstəqil Azərbaycan dövlətinin bütün uğurları bu Konstitusiyada təsbit olundu.Seçkidə iştirak edənlərin böyük əksəriyyəti Konstitusiyanın lehinə səs verdilər. Beləliklə, 1995-ci ildən sonra hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd olunur. Müstəqil dövlətin Konstitusiyasının qəbulu Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında ən böyük xidmətlərindən biridir.
2002, 2009 və 1016-cı illərdə Konstitusiyaya əlavə və dəyişikliklər edildi.
Müstəqil Azərbaycan dövlətinin ilk Konstitusiyasının qəbul edilməsindən 30 il vaxt keçir. Aradan xeyli vaxt keçib.Azərbaycan 44 günlük Vətən Müharibəsi ilə düşmən işğalı altında olan torpaqlarını azad edib, antiterror əməliyyatı nəticəsində Azərbaycanın suverenliyi bərpa olunub. Bir sözlə, müstəqil Azərbaycanın Konstitusiyası ümumbəşəri dəyərlərə və mütərəqqi milli ənənələrə söykənərək bu günün reallıqlarını, dövlətin, cəmiyyətin inkişaf perspektivlərini əks etdirir.
Azərbaycan Respublikasının ilk Konstitusiyası haqqında Azərbaysan dövlətinin başçısı İlham Əliyev yazır:” Azərbaycan Respublikasının Konstitusiyasının xarakterik cəhətlərindən biri onun sabit olmasıdır… Universal dəyərlərə əsaslanan Azərbaycan Respublikasının Konstitusiyası bu gün də böyük hüquqi, siyasi və ideoloji potensiala malikdir və Azərbaycan xalqının firavanlığına xidmət edir.”
Anar İsgəndərov, Milli Məclisin Elm və Təhsil komitəsinin sədri