AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Şimalın soyuğu və millətə xəyanət: Tarixçi-professor Anar İsgəndərovun təhlili”

  • + A
  • - A
  • Dünən, 16:11

    “Şimalın soyuğu və millətə xəyanət: Tarixçi-professor Anar İsgəndərovun təhlili”

    Tarix sərtdir, nə unutqanlığı sevir, nə də bağışlamağı. Tarix ibrətdir. Əgər özündən əvvəl baş verənləri xatırlaya bilsən.


    Azərbaycan xalqının taleyində və tarixində elə hadisələr baş verib ki, bu gün də unudulmur və unutmaq mümkün deyil.

    Slavyanların Azərbaycana yürüşləri 9-cu əsrin sonu, 10-cu əsrdə baş verib. Bu yürüşlərin ən dəhşətlisi Bərdə şəhərinə olub. Çox təəssüflər olsun ki, bu hadisələrin tədqiqi sovet dövrünə təsadüf etdi. Sovet dönəminin tarixçiləri slavyan yürüşlərini Bərdənin faciəsi kimi yox, az qala bayramı kimi təqdim etdilər.

    Çar Rusiyası - Azərbaycan münasibətlərində ən ağrılı tarix müstəqil xanlıqların işğalı problemidir. Doğrudur, eyni dildə danışan və eyni dinə sahib olan xanlıqlar vahid dövlət şəklində birləşə bilmədilər. Hakimiyyət hərisliyi və məişət münaqişələri xanlıqları bir-birinə düşmən etdi. Bir xanlıq digər xanlığın varlığına son qoymaq üçün çar hakimiyyətinə kömək üçün müraciət edir və istəyinə çatırdı. Beləliklə, çar Rusiyası vahid dövlətdə birləşə bilməyən xanlıqları işğal etdi və Azərbaycan tarixinin sonrakı dövrü üçün ən bağışlanmaz hadisə olan ermənilərin Azərbaycan torpaqlarına köçürülməsinə rəvac verdi.
    Bir ağrılı tarixi bir də yada salmaq istəyirəm. Rus idarəçiliyini qəbul edən qarabağlı İbrahim Xəlil xan başda olmaqla ailənin 20-yə qədər üzvü rus zabiti Lisaneviç tərəfindən 1806-cı ilin iyununda vəhşicəsinə qətlə yetirildi. Halbuki İbrahim Xəlil xan rus idarəçiliyini Kürəkçay müqaviləsinə görə könüllü qəbul etmişdi.

    Həm çar Rusiyası dövründə, həm də sovet dönəmində yazılan əsərlərdə çarizmin işğalçılıq siyasətinə bəraət qazandırılırdı. Hətta “ Azərbaycan xanlıqları çar Rusiyasına birləşdirildi” yazmaq qadağan olundu, “könüllü birləşdi” ifadəsinə üstünlük verildi. Müstəqillikləri əllərindən alınan Şimali Azərbaycan xanlıqlarının çar Rusiyasına birləşdirilməsinin 150 illiyi 1964-cü ildə bayram kimi qeyd olundu.

    Azərbaycan xalqı 1918–1920-ci illərdə Müsəlman Şərqində ilk Cümhuriyyət qurdu. Bu Cümhuriyyət qısa zaman kəsiyində 350 ilkə imza atdı. Coğrafi məfhum olan Azərbaycan ifadəsi siyasi məfhuma çevrildi, dövlət öz tarixində ilk dəfə Azərbaycan adlanmağa başladı; Bakı xalqımızın tarixində ilk dəfə bütün Azərbaycanın paytaxtına çevrildi. Azərbaycan dili və Azərbaycan ordusu haqqında qanun qəbul edildi. Azərbaycanda yaşayan bütün xalqların maraqlarını təmin edən Parlament təsis edildi. Seçici sayının azlığı üzündən alman, yəhudi, polyak və gürcülər parlamentdə təmsil oluna bilmirdi. Azərbaycan parlamenti bütün Avropanı heyrətə gətirən tarixi bir qərara imza atdı. Hər dörd xalqı təmsil edən nümayəndəyə parlament üzvü səlahiyyəti verdi. Bu parlament 1919-cu ildə seçkilərdə qadın və kişi bərabərliyini qanun şəklində təsdiq etdi və s.

    Sonra nə oldu? 1920-ci ilin aprelində XI rus ordusu Azərbaycanın müstəqilliyinə son qoydu. İşğala rəvac verənlərin başında Nəriman Nərimanov, Qəzənfər Musabəyov, Mirzə Davud Hüseynov, Çingiz İldırım, Həmid Sultanov və onlarla başqaları dururdu. Saydığım və saymadığım bu inqilabçıların taleyi necə oldu? Nəriman Nərimanov Moskvaya aparıldı və müəmmalı şəkildə öldü. Bakıda qalan kommunistlər isə ağır işgəncələrlə qətlə yetirildi.

    Bakı neftinin faşizmə qarşı müharibədə müstəsna rolu danılmazdır. Amma sovet rəhbərliyi faşizm üzərində qələbənin qazanılmasında Azərbaycan neftini və Azərbaycan neftçilərinin əməyini dilə gətirmədi.

    Mərkəzə canı və qanı ilə xidmət edən Mircəfər Bağırov “xalq düşməni” kimi güllələndi. 50-ci illərdə İmam Müstafayev “millətçi” kimi cəzalandırıldı.

    Türk-müsəlman dünyasında Heydər Əliyev yeganə şəxsiyyətdir ki, dünyanın altıda bir hissəsini əhatə edən Sovet dövlətini idarə edənlərdən biri olub. Sov.İKP Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini kimi məsul vəzifədə olub. Mərkəz Heydər Əliyevə qarşı ən böyük ədalətsizliyi etdi. Halbuki sovet dövlətini idarə edənlər özləri etiraf edib deyirdilər ki, sovet dövlətini ancaq Heydər Əliyev yaşada bilər. Ancaq o, slavyan əsilli olmadığı üçün onu dövlətin birincisi təyin etmədilər.

    Keçən əsrin 80–90-cı illərində Azərbaycana rəhbər təyin edilən Ə. Vəzirov, A. Mütəllibov xalqın haqlı qəzəbindən qorunmaq üçün Moskvaya qaçdılar.

    Bütün bu saydıqlarım və saymadıqlarım onu göstərir ki, şimaldan Azərbaycan xalqına heç bir zaman əmin-amanlıq, dostluq, bərabər hüquqlu münasibət təklif olunmayıb. Şimal soyuq deməkdir.

    2022-ci ildə Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasında idarəçilikdə problemlər yaradanda ona müraciət edərək istefaya getməsini məsləhət bilmişdim. Hətta ona müraciətimdə yazmışdım: “Hazırda Akademiyanın Rəyasət Heyətinin yerləşdiyi bina İsmailiyyə binasıdır, vaxtilə burada Müsəlman Xeyriyyə Cəmiyyəti yerləşirdi. Zamanında bütün müsəlmanların ümid yeri idi. 1918-ci il Mart soyqırımı günlərində erməni silahlı dəstələri tərəfindən yandırılan ilk bina İsmailiyyə olmuşdur. Bu gün bu binada vəzifədə oturan şəxs ziyalılara böyük hörmətlə yanaşmalı, Azərbaycan elminin inkişafına mane olmamalıdır.”

    Çox təəssüf edirəm ki, Akademiya ilə bağlı narahatlıqlar problemin üst qatı imiş. Uzun illər həm sovet dönəmində, həm də müstəqillik illərində ümummilli lider Heydər Əliyevin ən yaxın çevrəsi kimi tanınan, Azərbaycan Respublikasının Prezidenti, Qarabağın fatehi, Azərbaycanı qalib dövlətlərin cərgəsinə çıxaran İlham Əliyevin idarəçiliyində onun yanında olan Ramiz Mehdiyev vətən xaini kimi istintaqa cəlb olunur. İnana bilmirsən ki, müstəqilliyi və ərazi bütövlüyü üçün bu qədər şəhid verən və bu qəhrəmanlıq tarixinin canlı şahidi olan Ramiz Mehdiyev Azərbaycanın qələbə qazanması üçün yox, məğlubiyyəti üçün çalışırmış.

    Azərbaycanda böyük vəzifə sahibi olan şəxs Azərbaycan xalqını niyə Rusiya əsarətinə bağlamaq istəyirdi? Yazdığı kitablarında ön plana çıxarılan müstəqillik və suverenlik haqqında həmin məst edən kifayət qədər fikirlər var. Deməli, Ramiz Mehdiyev bu yazıları ilə əsl həqiqəti gizlədir, xəyanətini həyata keçirmək üçün yeni-yeni adamları dəstəsinə qoşurmuş. Vətənə xəyanətdə Ramiz Mehdiyevdən geri qalmayan belə adamlar tapıldı. Əli Kərimli iqtidarın heç bir uğuruna “hə” demədi. Hakimiyyətə müxalifət yox, düşmən oldu. Deməli, Ramiz Mehdiyevlə gizli əlaqələrdə olan bu şəxs yaxşı fürsət qazanmışdı. Amma nə Ramiz Mehdiyev, nə də Əli Kərimli anlaya bilmədilər ki, Azərbaycan xalqı qəmər yumruq kimi Prezident İlham Əliyevin ətrafında birləşib, bir neçə xəyanətkarla müstəqil Azərbaycanı Rusiyanın quyruğuna bağlamaq mümkün deyil.

    Siyasi gedişlərində əqidəsi bilinməyən Gültəkin Hacıbəyli namus və qeyrət simvolu olan Azərbaycan qadınının adına kölgə saldı. Guya öz ağlı və zəkası, bitirdiyi ali məktəb diplomları ilə öyünən Gültəkin Hacıbəyli vətənə xəyanət etməklə nə qazanmaq istəyirdi? Şimal qonşumuzun maraqlarına xidmət edən və Rusiya Federasiyası ərazisində müxtəlif adlarda təşkilatlar yaradan düşmənlər nəyə nail ola biliblər? Heç nəyə. Bu insanlar Rusiya tərəfinə bir neçə günlük lazım olurlar, sonra isə…

    Ramiz Mehdiyev vaxtilə universitetin tarix fakültəsində təhsil alıb. Rusiya tərəfinin Azərbaycan xalqına qarşı törətdiklərindən xəbəri var. Bu tarixi bilə-bilə niyə xəyanət yolunu tutub? Ona görə ki, onun Azərbaycan xalqı ilə heç bir əlaqəsi yoxdur. O, Azərbaycan xalqına, Azərbaycan dövlətinə düşməndir, ailəsi, yaxın çevrəsi bu ölkədə yaşasalar da, müstəqil Azərbaycanın uğurlarını qəbul etməyənlərin cərgəsindədirlər. Xoşbəxtlikdən barmaqla sayılan qədərdirlər.

    İnsan nə qədər insanlıqdan uzaq olmalıdır ki, qanımız və canımız bahasına düşməndən geri aldığımız Qarabağı və Şərqi Zəngəzuru düşünməsin? İnsan nə qədər xalqına düşmən olmalıdır ki, Qarabağın və Şərqi Zəngəzurun bərpasına xərclədiyimiz 17 milyard manat pulu görməsin? İnsan nə qədər bu torpağa düşmən olmalıdır ki, 30 ildən sonra öz torpaqlarına və yenidən tikilən evlərinə qayıdan 60 min insanın sevincinə şərik olmasın?

    Normal düşüncə sahibləri inana bilmirlər ki, Ramiz Mehdiyev nəyə görə onu, ailəsini və çevrəsini hər şeylə təmin edən Azərbaycana düşmən kəsilmişdi? Azərbaycanın elə bir bölgəsi yoxdur ki, Ramiz Mehdiyevə orada mülk, bağ, torpaq bağışlanmasın. Övladları ən məsul vəzifələrə təyinat almışdı. Ramiz Mehdiyevin yaşayışı ilə bağlı heç bir narahat məqam yoxdur. Nəyi, nə vaxt arzulayıbsa, yerindəcə həll olunub.

    Bəli, tarix unutqan insanı bağışlamır. Tarixdə xəyanətkar insan, vətənə xəyanətdə ittiham olunan insanlar da bağışlanmır. Tarix səhv edən insana çox zaman şans verir. Amma xəyanət edənlər bu şansdan da məhrumdurlar.


    Ramiz Mehdiyev bu illər ərzində komanda yarada bilmədi. Çünki çox az adam üzərinə xəyanətin yükünü götürmək istəyir.

    Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etmək üçün minlərlə şəhid verib, çoxlu sayda gəncimiz fiziki sağlamlığını itirib. Təki Vətən azad və müstəqil olsun. Şəhidlərimizin ruhu rahat olsun, qazilərimizin aldıqları yaralar dilə gəlib deyir: “ Ey Ramiz Mehdiyev başda olmaqla vətən xainləri, Sizə bu torpaqda yer yoxdur. Vətən xainləri cəzalarını almalıdır.”


    Anar İsgəndərov,
    Milli Məclisin Elm və təhsil komitəsinin sədri, tarixçi - professor


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR