Noyabr ayının 5-də YAP Ağcabədi rayon təşkilatının inzibati binasında şəhid ailələri və qazilərlə görüş keçirilmişdir.
Görüşü YAP Ağcabədi rayon təşkilatının aparat rəhbəri Nazim Bünyatov açaraq demişdir ki, bir neçə gündən sonra Erməni işğalçıları üzərində qazandığımız tarixi qələbənin 1 ili tamam olur. Qazandığımız bu tarixi Zəfər Azərbaycan Xalqının hərb tarixinə qızıl hərflərlə yazılan bir Qələbədir. Bu Qələbə heç də asan əldə edilməmişdir. Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, uzaqgörənliyi, Xalqın Orduya arxa durması, müzəffər ordumuzun, qəhrəmanlığı bizə möhtəşəm bir sevinc yaşatdı. Bu müharibədə xeyli şəhid verdik, igid oğullar qazi adını qazandı.
Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda həlak olanların əziz xatirəsini 1 dəqiqəlik sükutla yad edildi.
Zəfər günü münasibətilə Azərbaycanın Dövlət himni səsləndirildi.
Natiq çıxışına davam edərək vurğuladı ki, ötən ilin sentyabrın 27-də başlayan və 44 gün davam edən Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Prezident İlham Əliyev yalnız hərb meydanında müzəffər sərkərdə deyil, diplomatik cəbhədə də böyük strateq nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsini dünyaya çatdırdı, bütün təzyiqlərə cəsarətlə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik simvoluna çevrildi.
Rəşadətli Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam qurqularını yarıb keçdilər, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad edildi. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı.
Görüşdə şəhid Kapitan Samir Mikayıllının atası Sabir Sultanov, şəhid Anar Cəfərovun həyat yoldaşı Samirə Xudiyeva, Vətən müharibəsi qazisi İntiqam Əliyev, Vətən müharibəsi qazisi Cavid Allahverdiyev, I Qarabağ müharibəsi şəhidi Camal İbrahimovun bacısı Nüşabə İbrahimova, 11 saylı YAP ərazi ilk təşkilatının sədri Sevda Gülmalıyeva çıxış edərək öz ürək sözlərini söylədilər.
Tədbirdə şəhid Cəmaləddin Məmmədovun oğlu Zülfüqar və qızı Günəşin ifasında “Mən şəhid balasıyam” adlı şeir tədbir iştirakçıların qəlbini riqqətə gətirdi.
Daha sonra tədbir bir qrup qazinin iştirakı ilə çay süfrəsi arxasında davam etdi.
Söhbət zamanı YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov Zəfər bayramı münasibəti ilə qaziləri təbrik edərək, Möhtəşəm Qələbənin qazanılmasında onların misilsiz xidmətləri olduğunu minnətdarlıq hissi ilə qeyd etdi.
Görüşdə qazi Cavid Allahverdiyev, İntiqam Əliyev, Ramil Nağıyev çıxış edərək onları görüşə dəvət etdiklərinə görə YAP Ağcabədi rayon təşkilatına öz minnətdarlıqlarını bildirdilər.
Görüşün sonunda YAP Ağcabədi rayon təşkilatının aparat işçiləri və qazilər xatirə şəkili çəkdirdilər.