Şərqi İngiltərə Universitetinin alimləri müəyyən ediblər ki, müntəzəm olaraq lift əvəzinə pilləkənlərdən istifadə ürək-damar xəstəliklərindən ölüm ehtimalını 39% azaldır. Bu barədə MedicalXpress Avropa Kardiologiya Cəmiyyətinin onlayn platformasına istinadən xəbər verir.
Tədqiqat çərçivəsində alimlər 500 min insanın sağlamlığı və fiziki fəaliyyəti ilə bağlı məlumatları təhlil ediblər. Məlum olub ki, pilləkənləri mütəmadi olaraq qalxanlar arasında hər hansı səbəbdən ölüm riski 24%, ürək-damar xəstəliklərindən vaxtından əvvəl ölüm riski isə 39% azalıb.
Qeyd olunur ki, pilləkənləri qalxarkən insan bədəni cazibə qüvvəsinə qarşı işləyir. Bu hərəkət üfüqi bir səthdə normal hərəkətdən əhəmiyyətli dərəcədə daha çox səy tələb edir. Pilləkənlərlə qalxmaq həm ürək-tənəffüs sistemini, həm də ayaq əzələlərini effektiv şəkildə gücləndirir.
Tədqiqatın nəticələrini şərh edən Klivlend Klinikasından (ABŞ) doktor Tamanna Sinq qeyd edib ki, belə fiziki fəaliyyətin faydalarını yaşamaq üçün yüksək mərtəbələrə qalxmaq lazım deyil. Hər gün 50-60 pillə qalxmaq ürək sağlamlığı üçün əhəmiyyətli faydalar gətirir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.