“Ülvi – aztəminatlılara dəstək” ictimai birliyi Azərbaycan Respublikasının Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə iyunun 1-dən Sumqayıtda icrasına başladığı “Sosial qanunvericilik üzrə maarifləndirmə” layihəsində nəzərdə tutulan tədbirləri uğurla həyata keçirir.QHT.az xəbər verir ki, bu barədə “Ülvi – aztəminatlılara dəstək” İB-nin sədri, Azərbaycan Yazıçılar birliyinin üzvü, şairə Ağanənə Seyidqızı məlumat verib. Onun sözlərinə görə, həyata keçirilən layihənin əsas məqsədi mövcud qanunvericilikdə müharibə iştirakçılarınının sosial müdafiəsi istiqamətində nəzərdə tutulan güzəştlər və imtiyazlar barədə, eləcə də son illərdə müharibə iştirakçılarının maddi, sosial, iqtisadi vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində qəbul edilmiş sosial dəstək proqramları barədə geniş hüquqi maarifləndirmə işləri aparmaqla bu kateqoriyadan olan vətəndaşların mövcud qanunvericiliyin imkanlarından daha çox bəhrələnməsinə yardımçı olmaqdır:
"Layihə çərçivəsində Birliyin ofisində ölkəmizin ərazi bütövlüyü uğrunda və torpaqlarımızın düşmənlərdən azad edilməsində iştirak etmiş döyüşçülər, onların ailə üzvləri, eləcə də vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin ailə üzvləri üçün pulsuz hüquqi məsləhət və yardım xidməti təşkil olunmuşdur. Sumqayıt və ətraf qəsəbələrdə yaşayan veteranlar, əlillər, şəhid ailələrin üzvləri şəxsən birliyin ofisinə gəlməklə və ya telefonla, sosial şəbəkələrlə əlaqə yaratmaqla təcrübəli hüquqşünasdan maraqlandıqları məsələ ilə bağlı zəruri hüquqi məsləhət ala bilirlər. Ehtiyacları olduqda müraciət edənlərə praktiki hüquqi xidmət də göstərilir, onların adından aidiyyəti dövlət qurumlarına ərizə və müraciətlər hazırlanır".
QHT sədri həmçinin bildirib ki, bundan başqa layihənın icrası dövründə sosial şəbəkələrdə müharibə iştirakçılarının güzəşt və imtiyazları, onlara sosial-iqtisadi dəstəklə bağlı yeni proqramlar barədə məlumatlandırma-maarifləndirmə işləri aparılır, təşkilatın facebook profilində bu mövzuda müzakirələr aparılır, paylaşımlar edilir:
"Layhənin sonuncu həftəsində Sumqayıt şəhərində müharibə iştirakçıları, şəhid ailələri və müharibə əlillərinin problemləri ilə məşğul olan yerli QHT rəhbərləri ilə aidiyyəti dövlət qurumları və yerli media əməkdaşlarının iştirakı ilə dəyirmi masa təşkil olunacaq. Dəyirmi masada layihənin icrası dövründə müharibə iştirakçılarının rastlaşdığı əsas problemlər, çətinliklər, aidiyyəti qurumlarının mövcud qanunvericiliyin və sosial proqramların icrası ilə bağlı gördüyü işlər, bu kateqoridan olan vətəndaşların problemlərinin həllinə daha həssas münasibət göstərilməsi, onların həyat və yaşayış şəraitinin daha da yaxşılaşdırılması imkanları müzakirə ediləcək, aidiyyəti orqanlara təkliflər təqdim ediləcək"
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.