İlk dəfə Birləşmiş Millətlər Təşkilatının (BMT) Əhali Fondunun (UNFA) jurnalistlər üçün təşkil etdiyi təlimdə iştirak etdim. Təlim zamanı eşitdiyim statistikanın şokundan hələ də ayılmamışam.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Əhali Fondunun Baş müşaviri Fərid Babayev avqustun 2-də "Mediada Gender Həssaslığının artırılması" mövzusunda çıxışı zamanı bildirdi ki, Azərbaycan selektiv abortlara görə ardıcıl 7 ildir ki, dünyada birinci yeri tutur. Kədərli və düşündürücü statistikadır...
Nə üçün hələ də ölkə olaraq selektiv abortlar siyahısında öndə gedirik? Çünki hələ də qız yükünü duz yükü bilən ailələr çoxluq təşkil edir. Çünki qadın olmaq 1 addım geridə olmaq sayılır. Dünyaya oğul övladı gətirə bilməyən analar qohumlar, hətta ər tərəfindən "vərəsə gətirə bilmirsən dünyaya, kim üçün işləyib, malk-mülk sahibi olursunuz, yad oğluna qalacaq" qaxancı ilə yaşamaq məcburiyyətində qalırlar. Onların bariz nümunəsi mənəm. Amma ruhdan düşmədim, böyütdüm qızımı. Şükür, BDU-nun II kursunda təhsil alır, 3 xarici dil bilir. İnşallah magistratura təhsilini ölkə xaricində alması barədə planlarımız var. Məqsədim varisim, yaxud "yad oğlu" üçün mal-mülk toplamaq yox, qazandığımı böyük fəxarət hissi ilə qız övladımın təhsili, cəmiyyətdə layiqli yer tutması üçün xərcləməkdir. Düşüncələri dəyişməyin vaxtıdır. Övladlara mal-mülk varisi kimi yox, cəmiyyətə layiqli vətəndaş təqdim etmək kimi öhdəliyi olmalıdır valideynlərin.
Hamılıqla baxışların dəyişməsinə dəstək olmalıyıq Mən bütün qız analarının özüm kimi güclü olması üçün əlimdən gələni əsirgəməyəcəm.
Hələki qadın olmaq, etdiyin səhvlərin daha da qabardılaraq media manşetlərini bəzəyib onlara İP gətirmək deməkdir. Qadın olmaq ticarətçilər üçün satılmayan mallarının qadınların açıq-saçıq geyimdə bədəni fonunda satılmasına çalışmaq deməkdir. Qadın olmaq bəzi şərəfini, ləyaqətini itirmiş rəhbərlərin ya "qılıncının altından keçmək", ya da yüksək tənələrlə daha çox işləməyə məcbur edilmək deməkdir.
İllər keçir, amma düşüncələrdə dəyişiklik edə bilmirik.
KİV-lərə diqqət yetirsək görərik ki, Azərbaycanda gender cinayətləri mövzusu getdikcə daha çox cazibəli başlıqlarla diqqət çəkməyə başlayır. Gender əsaslı zorakılıq və cinayətlər əsasən qadınlara və qızlara qarşı törədilir və bu problem, ailə daxili zorakılıq, məişət zorakılığı, erkən nikahlar və qadınların cəmiyyətdəki statusuna dair bir çox məsələləri əhatə edir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdir müavini Seymur Məmmədov bildirir ki, hər il Azərbaycanda gender bərabərliyinin təşviqi, təbliği istiqamətində əhəmiyyətli işlər görülür. Əldə olunmuş nəticələr göstərir ki, ötən illərlə müqayisədə ictimai həyatın demək olar ki, bütün sahələrində kişilərlə bərabər qadınların təmsilçiliyi artmış, onlar arasında işsizliyin səviyyəsi nəzərə çarpacaq dərəcədə azalmışdır. Qadınların qərar qebul etmə səviyyəsində təmsilçiliyinin artması arzuolunan məsələlərdəndir.
Gender bərabərliyinin təminatı istiqamətində davamlı həyata keçirilən effektiv və vacib institusional addım gender məsələləri üzrə məsul şəxslər şəbəkəsinin genişləndirilməsi və fəaliyyətlərinin təkmilləşdirilməsidir. Mərkəzi icra hakimiyyəti orqanları və qeyri-hökumət təşkilatlarında əlaqələndiricilərin kommunikasiyası gender bərabərliyi sahəsində maarifləndirmə şəbəkələrini genişləndirmək imkanını yaratmışdır.
Məsələn, qadınlar üçün ənənəvi olmayan elektroenergetika sahəsində idarəetmənin müxtəlif səviyyələrində qadınların kişilərlə bərabər təmsilçiliyi tam təmin olunmasa da, son illərdə bu sahədə müəyyən inkişaf dinamikası mövcuddur. Lakin hələ də qadınların onlar üçün ənənəvi hesab edilən və kişilərlə müqayisədə üstünlük təşkil etdikləri sahələrdə rəhbər vəzifələrdə təmsilçiliyi zəifdir.
Qadınlar əsasən daha çox təhsil (72,7%), səhiyyə və sosial xidmətlərin göstərilməsi (78,3%), peşə, elm və texniki fəaliyyət (44,8%), istirahət, əyləncə və incəsənət sahəsində (61,2%), maliyyə və sığorta fəaliyyəti (36,1%), su təchizatı və tullantıların tənzimlənməsi və emalı (35,8%) sahələrində fəaliyyət göstərirlər.
Son illərdə Azərbaycanda bu kimi məsələlərin qarşısını almaq üçün bir sıra qanunvericilik və hüquqi addımlar atılsa da, gender bərabərliyinin tam təmin edilməsi üçün hələ də çox iş görülməlidir.
BMT-nin 1325 saylı qətnaməsinə əsasən Azərbaycan Respublikasında gender bərabərliyi üzrə 2019-2024-cü illər üçün Milli Fəaliyyət Planı təsdiqlənib, amma müzakirəyə çıxarılmır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və digər qurumlar gender zorakılığı ilə mübarizə aparmaq üçün müxtəlif proqramlar həyata keçirsə də, ictimai məlumatlılıq və hüquqi qoruma səviyyəsi hələ də kifayət qədər deyil.
Həmçinin, qadın hüquqları müdafiəçiləri və qeyri-hökumət təşkilatları (QHT-lər) bu məsələ ilə bağlı təbliğat işləri apararaq, cəmiyyətdə daha güclü gender bərabərliyi və zorakılığın azaldılması üçün çalışmalıdırlar.
"Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova ilə 2024-cü ilin 8 aylıq hesabatına nəzər salırıq. Mehriban xanım bu ilin 8 ayı ərzində İB-ə zorakılığa məruz qalmlş 240 nəfərin müraciət etdiyini bildirdi. Onlardan 89 nəfəri qadın, 151 nəfəri uşaq olub. Uşaqların sihahısında 23 nəfər yeniyetmə qız var!.. 3 insan alveri qurbanı da qadınlardı...
Xatırladım ki, ölkədə Məişət zorakılığı haqqında qanun 2010-cu ildə qəbul olunub. 14 il keçsə də, təkliflər toplanır, amma qanunlarda dəyişiklik, təkmilləşdirmə yoxdur.
Yetkinlik yaşına çatmayan qızlar ailə qurur, onların sonrakı taleyi heç bir qurumu maraqlandırmır. Televiziyalarda əxlaqsızlıq təbliğ edilir, məişət zorakılığına məruz qalan qadınlar üzərində reytinq xatirinə şou yaradılır. Ekran arxasında qadınların, qızların düşdüyü rəzil durumu görən valideynlər dünyaya qız övladı gətirmək istəmirlər. Azərbaycanda uğurlu iş xanımları, idmançı xanımlar, təhsildə fərqlənən qızlar önə çəkilmir, onların iştirakıyla kütləvi tədbirlər təşkil edilmir gənc nəslə nümunə üçün, motivasiya üçün. Nə zaman fikirləşəcəklər bu barədə?
Psixoloq Elnarə Kərimova fərqli düşünür. Onun fikrincə, gender problemi heç də deyildiyi kimi Azəbaycana xas olan problem deyil. Dünyanın hətta ən inkişaf etmiş ölkələrində də gender problemi var. Sadəcə məsələnn yaranma səbəbi və ona münasibət baxımından Azərbaycan fərqlənir. “Bərabər hüquqdan bərabər imkanarlara doğru" gedən yol ölkəmizdə həm də keçmişə dayanan səbəblər baxımından asan olmur. Biz Şərqdə qadınlaraın seçki hüququnu qanunla tanıyan ilk ölkə olmağımızla fəxr edə bilərik və etməliyik də. Amma eyni zamanda hələ də eyni işdə işləyən qadın və kişiyə eyni əmək haqqının verilmədiyini də gizlədə bilmərik. Yaxud son zamanlar gender probleminin həlli ilə bağlı qanunvericilik aktlanda müsbət dəyişikliklər var, icra hakimiyyəti orqanlarında qadın təmsilçilərin sayı artır, builki parlament seçkilərində qadın namizədlər də çox olub, qadın millət vəkillərinin sayı da artıb. Amma hələ də Azərbaycanda 13-14 yaşlı qızları nişanlayanlar, təhsil seçimini daha çox ailədəki oğlan uşağı üçün əlçatan edən valideynlər, selektiv aborta vadar edilən analar var. Bu, problemli vəziyyətdir və görünür ki, bir çox hallarda cəmiyyətdən də ciddi təpki almadığına görə davam edir.
Çıxış yolu nədədir? - sualımıza cavab olaraq Elnarə xanım bildirib ki, qanunvericilik bazası mütəmadi olaraq yenilənməli, ictimai maarifləndirmə tədbirləri artırılmalıdır: "Mən qadınlara öz hüquqlarını daha yaxşı təbliğ etmənin tərəfdarıyam, amma eyn zamanda düşünürəm ki, bu hüquqlar daha çox qarşı cins tərəfindən pozulduğuna görə qadın hüquqları daha çox kişilərə aşılanmalıdır ki, onlar hüququnu istəyən xanımlara qarşı zorakılığa əl atmasınlar. Nədənsə QHT-lər, mətbuat qadın hüquqlarının auditoyası kimi əsasən xanımları seçir. Bu auditoriyanı əks cinsə, xüsusilə də uşaqlara dəyişmək lazımdır. Normal gender tərbiyəsiylə böyüyən uşaq həyatının sonrakı mərhələlərində “qadın düşməni” kimi ortaya çıxmayacaq".
Azərbaycanın gender siyasətində bəzi sahələrdə irəliləyişlər var."Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 5 noyabr 2022-ci il tarixli Qanununa əsasən qadın əməyinin tətbiqi qadağan olunan iş yerləri və işlər bütün qadınlara deyil yalnız hamilə və bir yaşına çatmamış uşağı olan qadınlara şamil edilmişdir. Bu dəyişiklik qadın məşğulluğunun artırılmasına və daha geniş sahələri əhatə etməsinə imkan verir. Dəyişikliyə əsasən “Qadın əməyinin tətbiqi qadağan olunan, əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 oktyabr 1999-cu il tarixli 170 nömrəli Qərarına yenidən baxılması və siyahıdakı peşələrin və işlərin sayının azaldılması nəzərdə tutulmuşdur.
Mövcud qanunvericilikdə qadınların əməyi qadağan olunan 674 peşə (vəzifə) və iş yerinin azaldılaraq 204 müəyyən edilməsi gözlənilir. Nəticədə respublikada əmək münasibətlərinin və məşğulluq imkanlarının gender bərabərliyi prinsipləri əsasında qurulmasında, kişi və qadınlara bərabər rəftar və bərabər məşğulluq imkanlarının yaradılmasında əsaslı dönüş yaranacaq.
Təəssüf ki, gender stereotipləri və ənənəvi baxış bucaqları hələ də güclüdür və qadınların iqtisadi və sosial iştirakını məhdudlaşdırır.
Qızların təhsilə və əmək bazarına bərabər çıxışı məsələsində bəzi problemlər mövcuddur.
Bir sözlə, gender bərabərliyinin təmin edilməsi üçün daha çox səylər tələb olunur və sosial dəyişikliklərin təşviqi labüddür.Elnurə Abuşova