Ermənistanın Xarici işlər nazirinin “qərbi azərbaycanlıların deportasiyası” ilə bağlı son bəyanatına dair
Sosioloji sorğu nəticələrinin icmalı
Ermənistan Respublikasının Xarici işlər naziri Ararat Mirzoyan 8 yanvar 2025-ci ildə keçirilən mətbuat konfransında bildirib, sitat: “Biz heç vaxt sovet dövründə Ermənistanda azərbaycanlıların yaşadığını, Sovet İttifaqının dağılması ilə birlikdə Ermənistanı tərk etdiklərini gizlətməmişik. Azərbaycanlılar Ermənistanı heç bir məcburi köçkünlük olmadan, sivil şəkildə tərk ediblər. 100 ailə mənzillərini satıb, 12 mindən çox ailə Azərbaycanda yaşayan ermənilərlə mənzillərini dəyişib. 160 mindən çox insan Ermənistan hökumətindən təzminat alıb. Biz Azərbaycanda yaşayan ermənilərin taleyi ilə paralellər apara bilərik.”
Xarici işlər nazirinin bəyanatından bir neçə gün əvvəl bəyanatın tam əksini sübut edən Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1993-cü il iyulun 23-də "Yerkrapa" terror təşkilatının üzvləri ilə görüşündə Qərbi Azərbaycanlılara qarşı aparılmış etnik təmizləmə siyasəti ilə bağlı çıxışı ictimailəşmişdi. 600 illik ideallarına çatdıqlarını söyləyən sabiq işğalçı prezident xalqımıza qarşı etnik təmizləməni dövlət siyasətinə çevirdiklərini etiraf edərək, demorqafik üstünlük qazanmaq niyyətlərini gizlətməməklə yanaşı, ermənilərin Azərbaycandan “ana vətən”ə kütləvi köçünün təşkilini də məhz milli dövlət quruculuğu üçün kritik əhali kütləsinin azlığını aradan qaldırmaq məqsədi daşıdığını bəyan etmişdi.
Sosial Tədqiqatlar Mərkəzinin Qərbi Azərbaycanlılar arasında apardığı rəy sorğusunun nəticələri Ermənistan hökumətinin mövqeyinin və xarici işlər nazirinin mətbuata açıqlamalarının saxta olduğunu, səsləndirilən fikirlərin tarixi həqiqətləri təhrif etdiyini, azərbaycanlıların indiki Ermənistan ərazisindən könüllü şəkildə ayrılması barədə bəyanatın real faktlarda ziddiyyət təşkil etdiyini və onların etnik təmizləmə siyasətinin qurbanı olduğunu sosioloji sorğu nəticələri əsasında ifşa edib.
Tədqiqatın metodologiyası
Tədqiqat kəmiyyət metodologiyası əsasında həyata keçirilib. Topludan nümunənin müəyyən edilməsində ehtimallı seçmə üsulundan istifadə olunub. Sorğuda 1988-ci ildə və ondan əvvəlki dövrdə tarixi torpaqlardan çıxarılan 1000 nəfər iştirak edib. Seçmə çərçivəsi onların əvvəllər yaşadıqları tarixi rayon və şəhərlər üzrə əhalinin paylanmasına proporsional müəyyən edilib.
Sorğunun sahə işi 2025-ci ilin 9–12 yanvar tarixləri arasında icra edilib. Məlumatların toplanılmasında kompüter dəstəkli telefonla müsahibə üsulundan istifadə olunub.
Sorğular könüllü iştirak əsasında aparılıb və anonimlik təmin edilib. Respondentlərə nəticələrin yalnız tədqiqat məqsədləri üçün ümumiləşdirilmiş formada istifadə olunacağı barədə zəruri məlumatlar çatdırılıb. Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 3% təşkil edir.
Tədqiqatın nəticələri
Sosial Tədqiqatlar Mərkəzinin Qərbi Azərbaycanlılar arasında keçirdiyi rəy sorğusunun nəticələri Ararat Mirzoyanın könüllü miqrasiya ilə bəyanatlarının saxta olduğunu ifşa edir. Sorğunun nəticələrinə görə, Qərbi Azərbaycanlıların 93.1%-i tarixən yaşadıqları torpaqları məcburiyyət altında tərk etdiklərini bildiriblər. Bu nəticə Ermənistan hökumətinin etnik təmizləmə siyasətini bir daha təsdiq etməklə, azərbaycanlıların öz tarixi torpaqlarını tətbiq edilən zorakılıq, təzyiq və təhlükələr şəraitində tərk etmək məcburiyyətində qaldığını göstərir. 0.7%-lik göstərici isə könüllü olaraq köç edənlərin məhz 1988-ci ildən əvvəlki dövrə aid olanlar olduğunu müəyyən edir. Sorğu iştirakçılarının 6.2%-i bu sualı cavablandırmaqda çətinlik çəkib.
Sorğunun nəticələri Ermənistan hökumətinin azərbaycanlı əhaliyə qarşı məqsədyönlü deportasiya və etnik təmizləmə siyasətinin xüsusilə 1988-ci ildə daha intensiv xarakter aldığını deməyə əsas verir. Belə ki, sorğu iştirakçılarının mütləq əksəriyyəti, 87.1%-i tarixi torpaqları 1988-ci ildə tərk etdiklərini bildiriblər. Onların 3.0%-i 1960-cı ilədək, 9.9%-i 1960-1987-ci illərdə öz tarixi yurdlarını tərk etmək məcburiyyətində qalıb.
Tədqiqatın nəticələri 1988-ci ilin Ermənistan rəhbərliyinin etnik təmizləmə siyasətinin, zorakılıqların və kütləvi köçlərin ən pik mərhələsi olduğunu göstərir. Onların mütləq əksəriyyətinin yaşadığı rayonun coğrafi yerləşməsindən asılı olmayaraq, öz tarixi torpaqlarından qovulmasının bölgənin etnik və sosial strukturu üzərində uzunmüddətli təsirləri olmuşdur. Belə ki, hazırda Ermənistanda intensivləşən depopulyasiya prosesləri və BMT-nin hesabatlarında əksini tapan demoqrafik kollaps vəziyyəti bölgədə həmin tarixdə intensivləşən etnik təmizləmə və deportasiya siyasətinin nəticələridir.
Ermənistan Xarici işlər nazirinin sözügedən açıqlamalarını nəzərə alaraq, sorğu iştirakçılarına tarixi torpaqları tərk edərkən hökumət tərəfindən onlara hər hansı kompensasiya ödənilib-ödənilmədiyi barədə sual ünvanlanıb. Onların arasında kompensasiya aldığını bildirən olmayıb. Sorğuda iştirak edənlərin 98.5%-i heç bir kompensasiya almadıqlarını bildirib. 1.5%-i rəy bildirməkdə çətinlik çəkib.
Beləliklə, sorğunun nəticələri 160 mindən çox azərbaycanlının Ermənistan hökumətindən təzminat alması iddialarının saxtalaşdırılmasına dair faktiki sübut əhəmiyyətində qiymətləndirilə bilər.
Ermənistanın rəsmisinin bəyanatında önə çıxan digər aspekt Qərbi Azərbaycanlıların öz mənzillərini məcburi şəkildə deyil, könüllü sataraq, yaxud mübadilə edərək tərk etməsi barədədir. Halbuki sorğunun nəticələri mülkiyyət hüquqları ilə bağlı ciddi pozuntuların olduğunu aşkar edib. Belə ki, iştirakçıların 91.6%-i yaşadığı mənzili məcburi tərk etdiyini bildirib. Onların 2.1%-i yaşadığı mənzili satdığını, 4.4%-i mənzili başqa bir mənzillə mübadilə etdiyini qeyd edib. Respondentlərin 1.9%-i bu barədə rəy bildirməkdə çətinlik çəkib.
Qərbi Azərbaycanlıların mütləq əksəriyyətinin ata-baba yurdlarından məcburi formada köçürülməsi nəzərə alınsa, yaşadığı evi (mənzili) satanların, yaxud mübadilə edənlərin bunu sərfəli şərtlərlə deyil, məcburiyyət şəraitində həyata keçirdiyini vurğulamaq mümkündür. Onlar tarixi torpaqları məhz 1988-ci ildən əvvəlki dövrdə tərk edənlərdir. Sorğu iştirakçılarının 91.6%-nin yaşadığı mənzili məcburi tərk etdiyini bildirməsi onların mülkiyyət hüquqlarının ciddi şəkildə pozulduğunu təsdiq edir.
Sorğu çərçivəsində Qərbi Azərbaycanlılardan tərk etdikləri mənzilin sonrakı taleyi barədə məlumatlı olub-olmadıqları soruşulub. Ümumi nəticələrə əsasən, respondentlərin 34.8%-i bu barədə məlumata malik olduğunu bildirib. Qərbi Azərbaycanlıların 64.7%-i mənzilinin sonrakı taleyi barədə heç bir məlumata malik deyil. Onların 0.5%-i bu barədə fikir bildirməkdə çətinlik çəkib. Başqa sözlə, nəticələr Qərbi Azərbaycanlıların mülkiyyət hüquqlarının pozulması ilə yanaşı, onların əmlaklarının sonrakı taleyinin qeyri-müəyyən olduğunu göstərir.
Ermənistan hökuməti tərəfindən məruz qaldıqlarını deportasiya və ciddi hüquq pozuntularına baxmayaraq, Qərbi Azərbaycanlıların böyük əksəriyyəti tarixi torpaqlara qayıdışın reallaşacağına əminliklə yanaşır. Belə ki, sorğunun nəticələrinə əsasən, Qərbi Azərbaycanlıların 63.5%-i tarixi torpaqlara qayıdış hüququnun bərpa olunacağına tam inandığını, 20.8%-i əsasən inandığını bildirib. Sorğuda iştirak edənlərin 3.5%-i hüquqlarının bərpa olunacağına əsasən, 9.8%-i heç inanmadığını ifadə edib. Respondentlərin 2.4%-i bu barədə fikir bildirməkdə çətinlik çəkib.
Qayıdış prosesinin necə həyata keçirilməsi barədə Qərbi Azərbaycanlıların mövcud baxışlarını və yanaşmalarını öyrənmək məqsədilə onlara bu barədə sual ünvanlanıb. Nəticələrə görə, Qərbi Azərbaycanlıların 64.5%-i qayıdış prosesinin dialoq və sülh yolu ilə həyata keçirilməsini dəstəkləyib. Onların 12.6%-i hazırkı şərtlərdə qayıdışı beynəlxalq təzyiq və vasitəçilik yolu ilə, 15.9%-i hərbi güc yolu ilə mümkün hesab edib. Respondentlərin 4.6%-i bu barədə digər cavabları səsləndirib, 2.4%-i fikir bildirməkdə çətinlik çəkib.
Qərbi Azərbaycanlıların pozulmuş hüquqlarının bərpa olunması və tarixi torpaqlara qayıdış onların nəzərində yalnız hüquq məsələsi deyil, qarşıdakı milli gündəlik və gələcək üçün əsas hədəfdir. Sorğunun nəticələri tarixi torpaqların milli-mədəni kimliyin bərpası baxımından dərin əhəmiyyət daşıdığını, Qərbi Azərbaycanlıların bu torpaqlara bağlılıq hissinin güclü olduğunu göstərir.
Belə ki, sorğuda iştirak edən Qərbi Azərbaycanlıların 87.6%-i tarixi torpaqlara milli-mənəvi baxımdan çox bağlı olduğunu, 10.0%-i əsasən bağlı hiss etdiyini bildirib. Sorğuda iştirak edənlərin 1.2%-i əsasən, 0.9%-i heç bağlı hiss etmədiyini ifadə edib. Onların 0.3%-i bu barədə fikir bildirməkdə çətinlik çəkib.