Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin (ICPC) 49-cu dünya finalı ilk dəfə olaraq Bakıda keçiriləcək. Dünyanın ən nüfuzlu proqramlaşdırma yarışlarından biri hesab olunan müsabiqənin finalı “ICPC Foundation” təşkilatçılığı və ADA Universitetinin ev sahibliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankının tərəfdaşlığı, İnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə “ICPC Azərbaycan” icmasının birgə əməkdaşlığı ilə baş tutacaq.
31 avqust – 5 sentyabr 2025-ci il tarixlərində keçiriləcək ICPC dünya finalı Azərbaycanın rəqəmsallaşma və innovasiya sahəsində qlobal nüfuzunun artırılmasına, beynəlxalq səviyyədə rəqəmsal transformasiyanın aparıcı qüvvələrindən birinə çevrilməsinə imkan yaradacaq.
Müsabiqədə dünyanın müxtəlif ölkələrindən aparıcı universitetlərin ən güclü komandaları iştirak edəcək. Ümumilikdə, ICPC-nin rəsmi mərhələlərində hər il 110-dan çox ölkədən, 3500-yə yaxın universiteti təmsil edən 50000-dən çox ən güclü tələbə-proqramçı iştirak edir. Dünya finalında isə 50-dən artıq müxtəlif ölkədən 140-a yaxın ali təhsil müəssisəsini təmsil edən komandalar (hər komandada 3 tələbə) iştirak edəcək.
Ölkəmiz 2004-cü ildən etibarən ICPC-nin regional turlarına qoşulub və müsabiqənin ölkədə təbliği, proqramlaşdırma sahəsinin inkişafı və gənclərin bu sahəyə cəlb olunması istiqamətində genişmiqyaslı işlər görüb. 2024-cü ildən müsabiqə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi və təşkilatçılığı ilə keçirilir. İRİA ICPC vasitəsilə Azərbaycanda yetişən gənc proqramçılar və texnologiya mütəxəssislərinin beynəlxalq səviyyədə tanınmasını və qlobal texnoloji bazara çıxışını təşviq etməyi hədəfləyir.
Qeyd edək ki, ICPC 1970-ci ildə ABŞ-da yaradılıb və 1977-ci ildən beynəlxalq səviyyədə keçirilir. Yarış tələbələrin proqramlaşdırma bacarıqlarını, alqoritmik düşüncələrini və komanda işini inkişaf etdirməyə yönəlib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.