“mygov” rəqəmsal hökumət platforması vətəndaşlara aid məlumat və sənədlərə rahat çıxış imkanı yaratmaq məqsədilə yeniliklər təqdim edir. Artıq “mygov” platformasına daxil olan vətəndaşlar öz övladlarının peyvənd məlumatlarını rəqəmsal formada əldə edə biləcəklər.
Belə ki, valideynlər “mygov” platformasında “Tibb məlumatlarım” bölməsinə daxil olub, “Övladlarımın peyvənd məlumatları” bölməsinə keçid edərək sözügedən məlumatlarla tanış ola bilərlər. Məlumatları PDF şəklində yükləmək, QR və ya sənəd nömrəsi vasitəsilə digər qurumlarla paylaşmaq mümkündür. Valideynlər, yalnız övladlarının şəxsiyyət vəsiqəsi olduğu halda, onların peyvənd məlumatlarına öz hesablarından baxa biləcəklər. Uşağın şəxsiyyət vəsiqəsi olmadığı təqdirdə, bu məlumatlar əks olunmayacaq.
Bu məlumatların “mygov” platformasına inteqrasiyası İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin birgə əməkdaşlığı ilə baş tutub.
Bundan əlavə, vətəndaşlar öz peyvənd məlumatlarına da "Tibb məlumatlarım" bölməsinə daxil olaraq əldə edə bilərlər.
Qeyd edək ki, “mygov” platforması vətəndaşlara 45-dən çox müxtəlif rəqəmsal sənəd və məlumat təqdim edərək, dövlət xidmətlərinə daha rahat və sürətli çıxışı təmin edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.