Son vaxtlar “məmurların harınlamış övladları” ilə bağlı xəbərlər gözə dəymir. Dövlətin məsələyə lazımi müdaxiləsi, övladı harınlamış məmurları vəzifədən uzaqlaşdırması, həmçinin, qanunu pozanların qanun qarşısına çıxarılması xəbərlərinə rast gəlsək də, tam kökləri kəsilməyib, bir çoxları qınına çəkilərək, yenə eyni harınlığı davam etdirir. Sadəcə olaraq, gözə batmamaq üçün arxa planda qalmağı seçiblər.
Azadmedia.az Demokrat.az-a istinadən xəbər verir ki, Sabunçunun icra başçısı Adil Vəliyevin oğlu Ənvər Ənvərli (Vəliyev) də onlardan biridir. İcra başçısının oğlunun Vəliyev soyadından imtina edərək, sosial şəbəkələrdə Ənvərli kimi tanınması da gizlənmək və atasının vəzifəsindən sui-istifadə edərək, ələ keçirdiyi pullarla qurduğu biznes imperiyasını qorumaq məqsədi daşıyır.
Ənvər Ənvərlinin adı indiyə qədər müxtəlif qalmaqallarda hallanıb. 2019-cu ildə sosial mediada yayılan qeyri-etik görüntülərin əslində Adil Vəliyevin oğluna məxsus olduğu, lakin izi itirmək üçün Rusiyada yaşayan azərbaycanlıların üzərinə atıldığı haqda məlumatlar var.
Ənvər Ənvərlinin adı 44 günlük müharibədən sonra “Fəxri fərman”la təltif olunmasına görə də ciddi qınaqla mediada gündəmə gəlmişdi. O zaman hər kəsi haqlı olaraq bir məsələ maraqlandırırdı: müharibədə iştirak etməyən icra başçsının oğlu hansı xidmətlərinə görə təltif olunub?! Bu sual cavabsız qaldı, çünki Ənvər Ənvərlinin müharibə dövründə ölkədə olub-olmaması belə məlum deyildi. Əvəzində o, müharibədən sonra qazilər üzərindən özünün ucuz təbliğatını aparmaq istiqamətində də bir neçə addım ata bildi. Misal üçün, qazilərimizdən birinə avtomobil hədiyyə edərək, bunun mediada tirajlanmasını təmin etdi və s.
“Fərasətli” Ənvər Ənvərlinin qurduğu biznes imperiyasınının qaynağı haradır?
Əslində, onun biznesinə daxil olan şirkətləri və fəaliyyət sahələrinə diqqət etdikdə hər şey aydın olur.
Ənvər Ənvərli atasının doğulduğu Əfəndilər kəndinin adını daşıyan “Efendiler Group” holdinqinin rəhbəridir. 2007-ci ildən fəaliyyət göstərən şirkət avtomobil və tikinti sektoru üzrə fəaliyyət göstərir. Qrup “Porsche”, “Audi”, “Zeekr”, “Geely”, “Chery”, “Voyah” və “Radar” kimi tanınmış avtoistehsalçıların distribüteri fəaliyyət göstərir, avtomobillərin satışını, onların ehtiyat hissələri və texniki servis təminatını həyata keçirir. “Euro Style” multibrend texniki servis mərkəzi – müxtəlif markalı avtomobillərə texniki xidmət göstərən şirkət kimi qrupa daxildir.
“Efendiler Group” şirkəti ölkədə elektromobillər üçün enerjidoldurma mərkəzləri şəbəkəsi yaradılması biznesini də monopoliyaya alıb.
“Efendiler Group”un tikinti sektoru üzrə fəaliyyət göstərdiyi əraziyə baxdıqda da çox şey aydın olur. “Efendiler Group” və “XXI ƏSR” MTK Sabunçuda yaşayış binaları və biznes obyektlərinin inşası ilə məşğul olur. Həmçinin, “Bakıxanov Rezidens Komplekslər Qrupu”na da Ənvər Ənvərli rəhbərlik edir.
Onun tikdirdiyi binaların və sahibi olduğu şirkətlərin siyahısı açıq mənbələrdə də yayılıb.
“Bakıxanov Rezidens A”,
“Bakıxanov Rezidens B”,
“Bakıxanov Rezidens 1”,
“Bakıxanov Rezidens 2”,
“Bakıxanov Rezidens 3”,
“Fireland”,
“Fireland 2”,
“Ramana Rezidens”,
“Ramana Rezidens 1”,
“Brillians Rezidens”,
Yen yaşayış binaları layihələri:
“Bakıxanov Zəfər 1”,
“Koroğlu Rezidens”
Şirkətlər:
“Əfəndilər Group”,
“Əfəndilər” MMC,
“Euro Style LTD.” MMC,
“Yeni Sabunçu” MTK,
“Yaşıl Construction” MTK,
“BƏRGÜŞAD-Ş” MTK,
Avtomobil təmiri mərkəzləri,
“Cafe Cayenne” (57 Üzeyir Hacıbəyov, Bakı ünvanında).
Biraz diqqət etsək, görərik ki, Ənvər Ənvərlinin biznes imperiyasında atası Adil Vəliyevin icra başçısı olduğu rayonun ərazisindəki fəaliyyət üstünlük təşkil edir. Səbəb bəllidir, Adil Vəliyev vəzifə səlahiyyətlərindən istifadə edərək, başçılıq etdiyi rayonda oğluna geniş imkanlar yaradır.
Adil Vəliyevin oğlunun inşa etdiyi və sakinlərə satdığı binalarda həyətyanı əraziləri və qaraj yerlərini qanunsuz olaraq zəbt etdiyinə dair çoxsaylı şikayətlər var. Fövqəladə Hallar Nazirliyi və digər müvafiq qurumlar bununla bağlı dəfələrlə xəbərdarlıq etsələr də, Nazirliyin müraciətlərinə məhəl qoyulmayıb. Çünki Ənvər Ənvərli hesab edir ki, atası Adil Vəliyev icra başçısıdırsa, ona heç kim toxuna bilməz və istədiyi kimi qanunları tapdalaya bilər.
Görünən “Məmurların harınlanmış övladları” seriyası Adil Vəliyevin oğlu Ənvər Ənvərlinin timsalında yenidən aktuallaşır. İcra başçısının oğlunun maşınlarının nömrələrinin sonu 078 və 222 ilə bitən lüks avtomobil kolleksiyasına sahib olması da onun dövlətin pulu hesabına əldə etdikləri lüks həyatından xəbər verir.
Diqqətimi bir nüans cəlb etdi. Məqalə sosial şəbəkələrdə paylaşandan sonra rəy yerində troll ordusu peyda oldu, hətta, pul gücünə məttahlığın pik nöqtəsində Adil Vəliyevin bu qədər sərvət yığmasına haqq qazandıranlar da var. Görünən odur ki, Adil Vəliyev və oğlu pulu xərcləməyə yer tapmır, troll sürüsü də saxlayır. Necə deyərlər, kor atın kor nalbəndi də var.