Prezident İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci il ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması müasir dövlətçiliyin inkişafında mühüm əhəmiyyət kəsb edən hadisədir.
“Konstitusiya və Suverenlik İli” elan olunması dövlətin hüquqi və siyasi inkişafında strateji mərhələyə keçidini simvolizə edir. Bu mühüm qərar təkcə tarixə verilən dəyər deyil, eyni zamanda gələcəyə yönəlmiş hüquqi və ideoloji baxışın ifadəsidir. Bu il həm hüquq sistemimizin təkmilləşdirilməsi, həm də milli suverenliyin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan Respublikasının Konstitusiyası dövlətin ali hüquqi aktı olmaqla yanaşı, onun siyasi sistemini, idarəetmə modelini və vətəndaşların fundamental hüquq və azadlıqlarını müəyyən edir. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul olunmuş Konstitusiya müasir Azərbaycanın hüquqi əsaslarını formalaşdırmış və dövlət müstəqilliyinin hüquqi təminatına çevrilmişdir.
Konstitusiyanın qəbul olunmasından ötən müddət ərzində Azərbaycan cəmiyyətində mühüm siyasi, iqtisadi və sosial dəyişikliklər baş vermiş, ölkənin hüquqi sistemi dinamik şəkildə inkişaf etmişdir. Bütün bu dəyişikliklərin mərkəzində dayanan əsas prinsip hüququn aliliyi olmuşdur.
Hüququn aliliyi anlayışı təkcə qanunların mövcudluğu deyil, onların hər bir şəxsə, o cümlədən dövlət orqanlarına da eyni səviyyədə şamil olunması deməkdir. Hüququn aliliyi hüquqi dövlətin əsas atributudur və demokratik cəmiyyətin normal fəaliyyəti üçün vacib şərtdir. Hüququn aliliyi olmayan yerdə nə azad cəmiyyət, nə də ədalətli idarəetmə sistemi mümkün ola bilər.
Azərbaycanda son illər aparılan məhkəmə-hüquq islahatları, elektron məhkəmə sisteminin tətbiqi, vətəndaşların hüquqi maarifləndirilməsi istiqamətində atılan addımlar bu prinsipin real həyatda tətbiqinə xidmət edir. Qanunvericilik bazasının təkmilləşdirilməsi ilə yanaşı, onun icra mexanizmlərinin effektivliyi də hüququn aliliyinin təmin olunmasında mühüm rol oynayır.
Suverenlik – dövlətin öz daxilində və xaricdə sərbəst, müstəqil qərarlar qəbul etmək və tətbiq etmək səlahiyyətidir. Azərbaycan Respublikası bu suverenliyi 1991-ci ildə bərpa etdikdən sonra qarşılaşdığı bütün təhdidlərə baxmayaraq, onu qorumağı və möhkəmləndirməyi bacarmışdır. Bu gün ölkəmiz beynəlxalq hüququn subyekti kimi öz suverenliyini yalnız siyasi müstəvidə deyil, həm də hüquqi və institusional sahələrdə qoruyur.
2020-ci ildə əldə edilən tarixi Qələbə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması ilə nəticələndi. Bu, suverenliyin real bərpası ilə yanaşı, beynəlxalq hüququn prinsiplərinə əsaslanan ədalətin də bərqərar olmasına şərait yaratdı. Məhz bu baxımdan, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi bu mühüm tarixi prosesin davamı kimi qiymətləndirilə bilər.
Müasir dövrdə qloballaşma, texnoloji inkişaf və geosiyasi dəyişikliklər hüquqi və siyasi sahədə də yeni çağırışlar yaradır.
Məhkəmə-hüquq islahatlarının davam etdirilməsi. Məhkəmələrin müstəqilliyinin gücləndirilməsi, şəffaflığın təmin olunması və ictimai etimadın artırılması hüquqi dövlətin əsas göstəricilərindəndir.
Hüquqi dövlətə doğru aparılan bu prosesin davamlı olması üçün təkcə dövlət orqanlarının fəaliyyəti kifayət deyil. Hər bir vətəndaş hüququn aliliyinə əməl etməli, öz hüquqlarını bilməli və qanun qarşısında məsuliyyətini dərk etməlidir. Vətəndaş cəmiyyətinin güclənməsi, hüquqi mədəniyyətin formalaşması və qanunun aliliyinin gündəlik həyat norması kimi qəbul olunması hüquqi dövlətin sarsılmaz təməlidir.
Azərbaycan dövləti 2025-ci ili yalnız təbliğat çərçivəsində deyil, konkret hüquqi və institusional islahatlarla, maarifləndirici təşəbbüslərlə və vətəndaş cəmiyyətinin inkişafı ilə zənginləşdirməyi qarşısına məqsəd qoymuşdur.
“Konstitusiya və Suverenlik İli” çərçivəsində görüləcək işlər bir daha sübut edir ki, Azərbaycan dövləti yalnız müstəqil deyil, eyni zamanda ədalətli və hüquqa əsaslanan bir cəmiyyət qurmaq əzmindədir.Çünki hüququn aliliyi və milli suverenlik bir-birindən ayrı deyil – biri digərinin təminatçısıdır.
2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan olunması təsadüfi deyil. Bu qərar, həm dövlətimizin keçdiyi müstəqillik yoluna dərin hörmətin, həm də gələcəyə daha möhkəm hüquqi əsaslarla addımlamağın rəmzidir
Konstitusiya — sadəcə bir qanunlar toplusu deyil. O, dövlətin hüquqi kimliyi, vətəndaşın hüquqlarının təminatçısı, cəmiyyətin birgə yaşamaq müqaviləsidir. Hüququn aliliyi isə bu müqavilənin hər kəs üçün – dövlət orqanları, vətəndaşlar və cəmiyyət üçün bərabər şəkildə işləməsini təmin edir.
Bugünkü çağırışlar bizdən yalnız hüquqi mexanizmləri möhkəmləndirməyi deyil, hüquqi düşüncə tərzini də formalaşdırmağı tələb edir. Hüquq qarşısında bərabərlik prinsipi, ədalətli məhkəmə sisteminin təmin olunması, insan hüquqlarının qorunması — bunlar hamısı suverenliyin real göstəriciləridir. Suverenlik yalnız bayraq və sərhədlərlə ölçülmür – o, eyni zamanda daxili idarəçiliyin, hüquq sisteminin və ictimai rifahın da keyfiyyətidir.
Unutmayaq ki, hüququn aliliyi olmayan yerdə ədalət, ədalət olmayan yerdə isə suverenlik yalnız bir rəmz olaraq qalır. Biz hüququn aliliyini gündəlik həyatımızda tətbiq etdikcə, konstitusiyanın prinsiplərini yaşatdıqca milli suverenliyimizi də real və dönməz şəkildə möhkəmləndirmiş oluruq.
Gəlin 2025-ci ili hüquqi şüurun dərinləşdiyi, vətəndaş məsuliyyətinin artdığı, suveren dəyərlərimizin daha güclü müdafiə olunduğu bir il edək.
Füzuli Rayon Statistika İdarəsinin
aparıcı məsləhətçisi; Anar Əlizadə