AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

2025:Konstitusiya və Suverenlik ili-Tarixi Dəyərlərin Təsdiqi

  • + A
  • - A
  • Bu gün, 17:22

    2025:Konstitusiya və Suverenlik ili-Tarixi Dəyərlərin Təsdiqi

    Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması müstəqil dövlətçiliyimizin inkişaf tarixində mühüm mərhələnin rəmzidir. Bu qərar dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, hüquqi şüurun artırılması və milli suverenliyin dəyərinin dərk edilməsi baxımından strateji əhəmiyyət daşıyır.
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu barədə imzaladığı sərəncam, həm ölkəmizin son 30 ildə keçdiyi yolun qiymətləndirilməsi, həm də gələcək nəsillərə tarixi irsimizin ötürülməsi baxımından mühüm addımdır. Bu il eyni zamanda Azərbaycan Konstitusiyasının qəbulunun 30-cu ildönümünə və ölkəmizin suveren inkişaf yolunun əsas mərhələlərinin tamamlanmasına təsadüf edir.
    1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətimizin hüquqi və ideoloji əsaslarını müəyyən etmişdir. Konstitusiyamız insan hüquq və azadlıqlarının təminatçısı olmaqla yanaşı, demokratik idarəetmənin, hüququn aliliyinin və dövlət orqanlarının qarşılıqlı əlaqəsinin əsaslarını müəyyən edir.
    Son 30 ildə Konstitusiyaya edilən dəyişikliklər də ölkənin ictimai-siyasi həyatında baş verən inkişaflara adekvat şəkildə reallaşmış, hüquqi islahatların əsas istiqamətlərini formalaşdırmışdır.
    Azərbaycan xalqı 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra uzun və çətin bir yol keçmişdir. Bu yolun əsas hədəfi yalnız formal müstəqillik deyil, faktiki və ərazi bütövlüyünə əsaslanan tam suverenliyin təmin olunması idi. 2020-ci ildə əldə edilən Qələbə və işğaldan azad olunmuş ərazilərdə suveren hüquqların bərpası bu tarixi arzunun gerçəkləşməsi oldu.
    Hazırda ölkənin bütün ərazilərində vahid dövlət idarəçiliyi və qanunvericilik təmin olunur. Bu, yalnız hərbi və siyasi uğur deyil, həm də konstitusion prinsiplərin real həyatda tətbiqinin göstəricisidir.
    2025-ci ilin “Konstitusiya və Suverenlik İli” kimi qeyd olunması, eyni zamanda milli yaddaşın möhkəmləndirilməsi, hüquqi maarifləndirmənin artırılması və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi üçün mühüm bir fürsətdir. Bu çərçivədə respublikanın müxtəlif bölgələrində silsilə tədbirlər, elmi konfranslar, seminarlar, sərgilər və tədris proqramları təşkil olunur.
    Bütün bu təşəbbüslər Azərbaycan xalqının əsrlər boyu formalaşan dövlətçilik təcrübəsinin, hüquq mədəniyyətinin və milli dəyərlərinin qorunmasına və gələcək nəsillərə ötürülməsinə xidmət edir.
    “Konstitusiya və Suverenlik İli” təkcə tarixə qayıdış deyil, eyni zamanda gələcəyə inamla addımlamaq üçün möhkəm hüquqi və mənəvi dayaqlardır. Bu il ərzində həyata keçirilən tədbirlər xalqımızın dövlətçilik ənənələrinə olan sadiqliyini bir daha nümayiş etdirəcək və Azərbaycanın müasir hüquqi dövlət kimi inkişafına yeni töhfələr verəcəkdir.
    2025-ci il həm hüquqi, həm də milli ideoloji dəyərlərin təsdiqi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu il tarixi qürurumuzun, hüquqi şüurumuzun və milli birliyimizin daha da möhkəmləndiyi bir dövr kimi yadda qalacaqdır.

    Füzuli Rayon Statistika İdarəsinin
    rəisi; Rafiq Məstəliyev


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR