Sentyabrın 30-da "Ədliyyə Könüllüləri" İctimai Birliyinin Ədliyyə Nazirliyi, “ADA” Universiteti, Almaniyanın Martin Lüter adına Halle-Vittenberq Universiteti, Qarabağ Universiteti, Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqı ilə birgə “Konstitusiya və Suverenlik İli” çərçivəsində həyata keçirdiyi “Lex Camp II - Xankəndi" layihəsinin açılış mərasimi baş tutub.
Qarabağ Universitetində keçirilən tədbirdə ədliyyə nazirinin müavini Abiddin Hüseynov, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev və Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev çıxış ediblər. Onlar layihənin gənclərin hüquqi biliklərinin artırılması, peşəkar inkişaflarının dəstəklənməsi və hüququn aliliyinin təşviqi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.
Qeyd edək ki, 29 sentyabr - 4 oktyabr tarixlərində gənc hüquqşünaslar üçün Xankəndidə təşkil ediləcək “Lex Camp II - Xankəndi” layihəsi “Hüquq və Texnologiya: innovasiyaların tənzimlənməsi və tənzimlənmədə innovasiya” mövzusunu əhatə edəcək.
Layihədə iştirak etmək üçün “ADA” Universiteti, Bakı Dövlət Universiteti, Dövlət İdarəçilik Akademiyası, Naxçıvan Dövlət Universiteti və ölkənin digər universitetlərində, o cümlədən xarici ali təhsil müəssisələrinin müxtəlif pillələrində təhsil alan və məzun olmuş 300-ə yaxın namizəd müraciət edib. Müsahibə prosesi nəticələrinə əsasən 40 gənc hüquqşünas layihədə iştirak haqqı qazanıb.
Spiker qismində yerli və xarici professor heyəti və rəsmilərin iştirakı nəzərdə tutulan layihədə 6 gün ərzində hüquq və texnologiya münasibətləri ilə bağlı müxtəlif seminarlar, praktiki təlimlər, nümunələr üzərində iş və panel görüşlərin təşkili planlaşdırılır.
Layihə müddətində Xankəndi şəhəri ilə bərabər Şuşa, Ağdam və Laçın rayonlarına milli-mədəni irsin, tarixi abidələrin və turizm potensialının tanıdılması məqsədilə ekskursiyalar təşkil olunacaq, bağlanış mərasimi isə Xankəndi şəhərində təşkil ediləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.