Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il ilin kiçik qrant müsaqibəsinin qalibi “Teatr və kino sənətinin inkişafına dəstək” İctimai Birliyinin “Qeyri-səlis məntiq və teatr” adlı layihəsi çərçivəsində İftixarın “Qeyri-səlis məntiq və teatr” monoqrafiyasının təqdimatı keçirilib.
QHT.az xəbər verir ki, 29 sentyabr 2025-ci ildə Azərbaycan Atatürk Mərkəzində Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il ilin qrant müsaqibəsinin qalibi, “Teatr və kino sənətinin inkişafına dəstək” İctimai Birliyinin “Qeyri-səlis məntiq və teatr” adlı layihəsi çərçivəsində İftixar Piriyevin “Qeyri-səlis məntiq və teatr” adlı monoqrafiyasının mədəniyyət və ictimaiyyət xadimlərinin iştirakı ilə təqdimat mərasimi keçirildi.
Kitab Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır. Monoqrafiyanın elmi redaktoru AMEA Memarlıq və İncəsənət institutunun “Teatr, kino və televiziya” şöbəsinin aparıcı elmi işçisi, C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının ədəbi-dram hissəsinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nərminə Ağayevadır. Monoqrafiya əsası dünyaca məşhur alim Lütfi Zadə tərəfindən qoyulmuş “Qeyri-səlis məntiq” nəzəriyyəsinin teatr sənətinə sinergetik adaptasiyası problemlərini araşdıran nəzəri-təcrübi tədqiqatdır. “Qeyri-səlis məntiq nəzəriyyəsi”nin teatr sənətinə adaptasiya konseptinin təbliği məqsədi ilə nəşr edilən elmi-nəzəri araşdırma müasir milli teatrımızda modern təzahürdə yeni sənət təfəkkürünə malik qeyri-səlis teatr sistemi ideyasının yaranışına və daha geniş arealda təşəkkülünə təkan olacaqdır.
Tədbirdə Filologiya elmləri doktoru, professor Rüstəm Kamal, filologiya elmləri doktoru Sevil Həsənova, “Ədəbiyyat qəzeti”nin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi, tənqidçi-publisist Azər Turan, istimai-siyasi xadim, millət vəkili, filologiya elmləri doktoru, dosent Elnarə Akimova, politoloq Elşad Nəsənov, kulturologiya üzrə fəlsəfə doktoru, dosent Yeganə Əliyeva, tarix elmləri doktoru, kulturoloq, professor Minaxanım Əsədli, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nərminə Ağayeva, teatr, kino, televiziya rejissoru və aktyoru Elvin Mirzəyev, Əməkdar jurnalist Akif Təvəkküloğlu, xalq artisti, professor Bəsti Cəfərova, xalq artisti Sabir Məmmədov, şair-dramaturq, istimai xadim İmir Məmmədli, İrəvan Dövlət Azərbaycan Dram Teatrının baş rejissoru Gümrah Ömər, Əməkdar müəllim Hicran Sadıqzadə kitab haqqında fikir və mülahizələrini söylədilər.
Fotolar