Milli maraqlar naminə fövqəladə missiya

“Ölkəmizin xarici siyasəti uğurlu daxili siyasətimizin davamıdır. Müstəqilliyimizin möhkəmləndirilməsində, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, ölkəmizin beynəlxalq birliyin fəal üzvünə çevrilməsində diplomatlarımızın, diplomatik xidmət orqanlarımızın müstəsna xidmətləri var”.
Azərbaycan Prezidenti İlham Əliyevin diplomatik xidmət orqanlarının 100 illik yubileyinə həsr olunmuş müşavirə iştirakçılarına müraciətindən.
Bakı, 9 iyul 2019-cu il.
Müsəlman dünyasında ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal Bəyannaməsində bütün millətlərlə dostluq münasibətlərinin qurulması xarici siyasətin prioritet istiqaməti kimi müəyyən edilmişdi. Ömrü cəmi 23 ay çəkmiş AXC qısa müddətə həm daxili, həm də xarici siyasət istiqamətində böyük işlər görməyi bacarmışdı. Milli hökumət tərəfindən Xarici İşlər Nazirliyinin Katibliyinin və Əsasnaməsinin təsdiqləndiyi tarix – 1919-cu iyulun 9-u 2017-ci ildən etibarən Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd edilir.
Xarici dövlətdə Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri olmaq nə deməkdir? Bu missiyanı daşıyan diplomatdan hansı şəxsi keyfiyyətlər tələb olunur? Müstəqil Azərbaycanın gənc diplomatları fəaliyyətlərində hansı prinsipləri rəhbər tutmalıdırlar? Suallarımızı Azərbaycanın tanınmış və təcrübəli iki peşəkar diplomatı cavablandırır.
Fikrət Sadıxov: 1968-1969-cu illərdə Yəmən Ərəb Respublikasında, 1972-1975-ci illərdə Yəmən Xalq Demokratik Respublikasının Adən şəhərində diplomat, 1975-1985-ci illərdə Azərbaycan Xarici İşlər Nazirliyində idarə rəisi çalışıb. 1996-cı ildən Qərbi Kaspi Universitetinin siyasi elmlər və beynəlxalq münasibətlər kafedrasının professorudur.
– Hər bir ölkənin xarici siyasət kursu həmin dövlətin başçısı tərəfindən müəyyən edilir. Bu siyasəti xarici ölkələrdəki səfirliklər, konsulluqlar və beynəlxalq təşkilatlardakı daimi nümayəndəliklər həyata keçirirlər. Azərbaycanın diplomatiya sahəsində qazandığı uğurları göz qabağındadır. Ölkəmizin bir çox məsələlərdə tutduğu prinsipial mövqeyi, eyni zamanda, atdığı çevik diplomatik addımları istər regional, istərsə də beynəlxalq müstəvidə onu aparıcı oyunçuya çevirib. Artıq dünyanın bir çox aparıcı dövlətləri, eləcə də nüfuzlu beynəlxalq təşkilatları Azərbaycanla münasibət qurmağa meyil göstərirlər. Bu o deməkdir ki, həmin dövlətlər və təşkilatlar ölkəmizin vacib tərəfdaşa, faydalı tərəf-müqabilinə çevrildiyini yaxşı anlayırlar. Biz bunu iqtisadi, nəqliyyat, logistika sahələrində olduğu kimi, diplomatik istiqamətdə də müşahidə edirik. Azərbaycanın əməkdaşlığa açıq, sağlam mövqeyi beynəlxalq təşkilatlar tərəfindən də çox yüksək qiymətləndirilir. Təbii ki, bu uğurlar dövlət başçımızın xarici siyasətdə atdığı ardıcıl və prinsipial addımlarının nəticəsidir.
Rəsmi Bakının qarşılıqlı hörmətə, bərabərhüquqlu tərəfdaşlığa söykənən xarici siyasəti Avropada, Yaxın Şərqdə, Amerikada, eləcə də Avrasiya məkanında yaxşı dərk və qəbul olunur. Bu kontekstdən yanaşdıqda, Azərbaycan Prezidenti İlham Əliyevin çoxsaylı xarici səfərləri, eləcə də Bakıda keçirilən beynəlxalq miqyaslı tədbirlər zamanı imzalanan mühüm sənədlər bunun əyani təsdiqi sayıla bilər. Ölkəmizin bundan sonrakı çoxvektorlu diplomatik addımlarının da dünya birliyi tərəfindən müsbət qarşılanacağına və dəstək qazanacağına əminəm.
Gənc diplomatlarımız üçün isə öyrənməli zəngin irs, nümunə götürməli müsbət təcrübə kifayət qədərdir. Bu zaman əsas prinsip dəyişməzdir: milli dövlətçiliyə xidmət.
Abbasəli Həsənov: 1998-2009-cu illərdə Azərbaycanın İranda səfiri, 2010-2012-ci illərdə Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, 2012–2017-ci illərdə Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri.
– Səfir işləmək ən məsuliyyətli və ciddi vəzifədir. O, təyin olunduğu ölkənin tarixini, daxili və xarici siyasətini bilməklə yanaşı, onun qonşuları ilə münasibətlərini və dünya birliyində siyasi çəkisini və yerini öyrənməlidir. Ümumiyyətlə, səfirin birinci silahı informasiyadır. Diplomatik fəaliyyət məhz toplanılan məlumatlar əsasında qurulmalıdır. Bu dosye səfirə Azərbaycanın həmin ölkə ilə münasibətlərin qurulmasında baza rolunu oynamalıdır. Əslində, bu baza ayrı-ayrı məmurlarla ünsiyyətin yaradılmasında da səfirin karına gəlir. Yəni diplomatik missiyada çalışan şəxs daim axtarışda olmalı, baş verən hadisələrə çevik və adekvat hərəkət etməyi bacarmalıdır.
Səfir diplomatik missiyasını yerinə yetirdiyi xarici ölkədə millətini, Vətənini elə təmsil etməldir ki, orada dövlətinə qarşı rəğbət və ehtiram yaranmalıdır. Səfirliyin qapısı həmin ölkədə yaşayan, işləyən, təhsil alan Azərbaycan vətəndaşlarının üzünə həmişə açıq olmaldıır. Bu, səfirin bir nömrəli vəzifəsi və borcudur. Yadıma bir epizod düşdü. İrana yenicə səfir təyin olunanda orada oxuyan tələbələrimizlə maraqlanmağa başladım. Bir dəfə 5 tələbə mənimlə görüşə gəldi və onlardan hansı çətinliklərinin olduğunu soruşdum. Sualımı eşidəndə tələbələrdən biri gülümsədi. Səbəbini soruşanda təqaüd ala bilməmələrini söylədi. Bu cavabı eşidib qeyri-ixtiyari başımı aşağı salanda onlardan birinin ayaqqabısının yırtıq olduğunu gördüm. Çox mütəəssir oldum. Bundan sonra İranın müxtəlif universitetlərində oxuyan tələbələrin siyahısını hazırladıq. 54 tələbənin, ən azı, ilkin ehtiyaclarını ödəmək üçün yollar aradıq və özəl sektorda çalışan soydaşlarımızdan birinin köməyilə problemə çarə tapdıq.
Fövqəladə və səlahiyyətli olmaq, sadəcə, xidməti missiyanın verdiyi diplomatik imtiyaz deyil. Bu missiya öz ölkəsini xaricdə ən yüksək səviyyədə təmsil etməklə yanaşı, oranın müsbət ənənələrini, müasir tendensiyalarını Vətəninə gətirməyi bacarmaqdır. Mən gənc diplomatlara bilikli, qabiliyyətli peşəkar kadr olmalarını, ilk növbədə isə mili təəssübkeşliyi heç zaman unutmamalarını tövsiyə edirəm.
***
Bu gün Azərbaycanı ondan uzaqda, qərib diyarlarda təmsil edənlərin, Bakıda ölkəmizin xarici siyasətinin prioritetlərini müəyyən edənlərin peşə bayramıdır. Səsi planetin ən mötəbər tribunalarından eşidilən Azərbaycan diplomatiyası bu gün keyfiyyətcə yeni, daha uğurlu mərhələyə qədəm qoyub. Çağdaş dünyanın qlobal çağırışlarına operativ və adekvat cavab verməyə qadir milli diplomatiyamız qarşıda daha böyük məqsədlərə çatmağı hədəfləyir. Buna əmin olmaqdan ötrü milli diplomatiyamızın son 23 ildə xarici siyasət sahəsində keçdiyi yola nəzər salmaq kifayətdir. Həm təcrübə, həm də uğurların əldə edilməsi üçün göstərilən siyasi iradə və qətiyyət baxımından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyəti bir örnəkdir. Əminliklə deyə bilərik ki, diplomatik orqanların əməkdaşları xarici ölkələrdə və beynəlxalq təşkilatlardakı çətin və şərəfli fəaliyyətlərində dövlət başçımızın nümunəsində tarixi vəzifələrin uğurla həyata keçirilməsi məktəbindən çox şeyləri əxz edərək, bütün intellekt və bacarıqlarından faydalanaraq müstəqil Azərbaycan dövlətinə və xalqına sonsuz ehtiram və sədaqətlə fövqəladə missiyalarını bundan sonra da uğurla davam etdirəcəklər.
Xalq qəzeti

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.