AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Kəmalə Aşumova: "2026-cı ilin ilk yarısında Uşaq Qaynar Xəttinə müraciətlər artıb, psixoloji dəstəyə ehtiyac üstünlük təşkil edir"

  • + A
  • - A
  • Bu gün, 16:31

    Kəmalə Aşumova: "2026-cı ilin ilk yarısında Uşaq Qaynar Xəttinə müraciətlər artıb, psixoloji dəstəyə ehtiyac üstünlük təşkil edir"

    2026-cı ilin ilk altı ayı ərzində “Azərbaycan Uşaq Qaynar Xətt Xidməti”nə 3751 müraciət daxil olub. Xidmətin rəhbəri Kəmalə Aşumovanın sözlərinə görə, ötən ilin eyni dövrü ilə müqayisədə müraciətlərin sayında nəzərəçarpacaq artım müşahidə edilib.

    Onun sözlərinə görə, daxil olan müraciətlərin böyük hissəsi psixoloji dəstəyə ehtiyacla bağlı olub. Bu istiqamətdə ümumilikdə 1245 müraciət qeydə alınıb. Zorakılıq halları ilə bağlı daxil olan 819 müraciət isə məişət zorakılığı, psixoloji, fiziki, cinsi, iqtisadi və sosial zorakılıq, etinasızlıq, eləcə də bullinq və kiberzorakılıq faktlarını əhatə edib.

    Kəmalə Aşumova bildirib ki, hesabat dövründə hüquqi yardımla bağlı 386, təhsil sahəsi üzrə 179, səhiyyə ilə əlaqədar isə 70 müraciət qəbul edilib.

    Xidmət rəhbərinin sözlərinə görə, sosial problemlərlə bağlı 360 müraciət qeydə alınıb. Bu müraciətlər əsasən sığınacaqla təmin olunma, intihar düşüncələri və intihara cəhd halları, həmçinin uşaqların istismarı və onların həssas vəziyyətindən sui-istifadə faktları ilə bağlı olub. Bundan başqa, 692 müraciət müxtəlif mövzular üzrə ümumi məlumat və məsləhət xarakteri daşıyıb.

    Statistikaya əsasən, müraciətlərin 1895-i qadınlar, 1020-si kişilər tərəfindən edilib, 836 müraciət isə anonim qaydada daxil olub. Yaş bölgüsünə görə müraciətlərin 2445-i 15–18 yaş, 1009-u 11–14 yaş, 297-si isə 10 yaşadək uşaqlarla bağlı olub.

    Kəmalə Aşumova vurğulayıb ki, müraciət edən şəxslərə psixoloji dəstək, hüquqi məsləhət və sosial yönləndirmə xidmətləri göstərilir. O qeyd edib ki, xidmət yalnız zənglərin cavablandırılması ilə kifayətlənmir, eyni zamanda uşaqların hüquqlarının müdafiəsi, təhlükəsiz mühitin təşviqi, valideynlərin maarifləndirilməsi və erkən müdaxilə mexanizmlərinin gücləndirilməsi istiqamətində də fəaliyyət göstərir.

    Xidmət rəhbəri əlavə edib ki, "Azərbaycan Uşaq Qaynar Xətt Xidməti"nin əsas məqsədi çətin vəziyyətə düşmüş uşaqlara operativ dəstək göstərmək və onların hüquqlarının qorunmasına töhfə verməkdir. Məxfiliyin qorunması xidmətin əsas prinsiplərindən biridir və daxil olan məlumatlar yalnız zəruri hallarda, müraciət edənin razılığı ilə aidiyyəti qurumlara ötürülür.

    Qeyd edək ki, “Azercell Telekom” MMC-nin dəstəyi ilə fəaliyyət göstərən “Azərbaycan Uşaq Qaynar Xətt Xidməti” 116111 qısa nömrəsi, mobil telefon nömrələri, elektron poçt, rəsmi internet səhifəsi, sosial şəbəkələr və mobil tətbiq vasitəsilə xidmət göstərir. Layihə “Azercell Telekom” MMC və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi tərəfindən həyata keçirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR