AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

MİQREN VƏ SİQARET 60 YAŞA QƏDƏR İNSULT RİSKİNİ ARTIRIR

  • + A
  • - A
  • Bu gün, 18:44

    MİQREN VƏ SİQARET 60 YAŞA QƏDƏR İNSULT RİSKİNİ ARTIRIR


    Miqren və siqaret çəkmək 60 yaşdan aşağı qadınlarda insult və ölüm riskini əhəmiyyətli dərəcədə artıra bilər. Danimarkalı alimlərin apardığı genişmiqyaslı araşdırma bu iki amilin birlikdə daha ciddi təhlükə yaratdığını üzə çıxarıb.

    Tədqiqatçılar 27 il ərzində uşaq dünyaya gətirmiş, təxminən 1,7 milyon qadının tibbi məlumatlarını təhlil ediblər. Araşdırmanın nəticələri noyabrın 18-də “Neurology” jurnalında dərc olunub.

    Alimlər iştirakçıları miqren və siqaret çəkmə tarixçəsinin olub-olmamasına görə dörd qrupa ayırıblar. Daha sonra 20 il ərzində onların işemik və hemorragik insult keçirmə, eləcə də ölüm riskini qiymətləndiriblər.

    Araşdırmanın nəticələrinə görə, həm miqreni olan, həm də siqaret çəkən qadınlarda işemik insult riski bu amillərin heç biri olmayan qadınlarla müqayisədə 3,6 dəfə, hemorragik insult riski isə 2,6 dəfə yüksək olub.

    Miqren və siqaret ayrı-ayrılıqda da insult riskinin artması ilə əlaqələndirilib. Miqreni olan qadınlarda işemik insult ehtimalı 85 faiz, hemorragik insult ehtimalı isə 46 faiz çox olub. Siqaret çəkən qadınlarda isə hər iki insult növü üzrə risk təxminən iki dəfə artıb.

    Tədqiqat zamanı ən yüksək ölüm riski də hər iki amilin bir arada olduğu qrupda qeydə alınıb. Bu qrupda ölüm göstəricisi müqayisə qrupu ilə müqayisədə üç dəfədən çox olub.

    Araşdırmanın rəhbəri, Danimarkanın Orhus Universitetinin alimi Andreas Lund Pedersen bildirib ki, miqren və siqaretin birlikdə olması 60 yaşa qədər insult riskinin, eləcə də müşahidə müddətində ölüm ehtimalının artması ilə əlaqəlidir.

    Bununla belə, alimlər araşdırmanın səbəb-nəticə əlaqəsini deyil, statistik bağlılığı üzə çıxardığını vurğulayırlar. Onların sözlərinə görə, iştirakçıların siqaret istifadəsi ilə bağlı məlumatları özlərinin təqdim etməsi və miqren göstəricilərinin tam qeydə alınmaması nəticələrə təsir göstərə bilər.

    Tədqiqat müəllifləri miqrenin ürək-damar xəstəlikləri riskinin qiymətləndirilməsi zamanı nəzərə alınmasının və siqaretdən imtinanın vacibliyini qeyd edirlər. Gələcək araşdırmalarda isə bu nəticələrin kişilərdə və uşaq dünyaya gətirməmiş qadınlarda da müşahidə olunub-olunmadığı öyrəniləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR