İran Britaniya hərbi bazasına hücumda iştirakını etiraf edib

Hind okeanındakı Dieqo Qarsiya hərbi bazasına hücumdan səkkiz ay sonra İran ilk dəfə bu əməliyyatda iştirakını faktiki olaraq təsdiqləyib.
İranın SNN xəbər agentliyinin məlumatına görə, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) sözçüsü, general Məhəmməd Mohebbi açıqlayıb.
O bildirib ki, İran Dieqo Qarsiya adası yaxınlığında 4 500 kilometr mənzilli raket imkanlarını nümayiş etdirib.
“Biz artıq Dieqo Qarsiya yaxınlığında 4 500 kilometr mənzilli raket qabiliyyətimizi nümayiş etdirmişik”, – deyə Mohebbi vurğulayıb.
Qeyd edək ki, İranın Hind okeanındakı Britaniya hərbi bazasına hücumu barədə məlumatlar bu ilin mart ayında yayılıb. Lakin Tehran həmin vaxt hadisəyə münasibət bildirməyib.
İİKK sözçüsünün sözlərinə görə, İran raketlərinin mənzilinə tətbiq edilən 2 000 kilometrlik məhdudiyyət əvvəlki Ali Rəhbərin göstərişi əsasında müəyyənləşdirilib.
Mohebbi qeyd edib ki, Ali Rəhbərin müvafiq əmri olacağı təqdirdə İran coğrafi məhdudiyyətlərdən asılı olmayaraq hərbi əməliyyatlar həyata keçirə bilər.
O, həmçinin Vaşinqtonun İranın ABŞ-a qarşı kimyəvi silah və ya kiberhücum təhdidləri yaratması ilə bağlı iddialarını təkzib edib. Bu açıqlamaları İsrail və ABŞ liderlərinin psixoloji müharibə və dezinformasiya kampaniyasının tərkib hissəsi adlandırıb.
İİKK sözçüsü əlavə edib ki, İran hər hansı hücum qərarı verərsə, bunu əvvəlcədən açıq şəkildə bəyan edəcək və əməliyyatı da gizlətmədən həyata keçirəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.