KİV: NETANYAHU İRANA QARŞI HƏRBİ ƏMƏLİYYATIN QAÇILMAZ OLDUĞUNU BİLDİRİB

İsrailin Baş naziri Benyamin Netanyahu İrana qarşı hərbi əməliyyatın qaçılmaz olduğunu bəyan edib.
İsrail mediasının məlumatına görə, Netanyahu ötən gün axşam saatlarında keçirilən təhlükəsizlik məsələləri üzrə müşavirədə bu barədə danışıb.
13-cü kanalın məlumatına əsasən, İsrail Müdafiə Ordusunun yüksək rütbəli zabiti İsrail hərbçilərinin ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) ilə birgə fəaliyyət planlarını razılaşdırdığını təsdiqləyib.
Zabit bildirib ki, İsrail Müdafiə Ordusu və CENTCOM-un razılaşdırılmış ortaq planları mövcuddur. Onun sözlərinə görə, əsas məsələ əməliyyatın nə vaxt keçiriləcəyidir.
Məlumata görə, İsrail və ABŞ Prezidenti Donald Trampın növbəti addımlarla bağlı qərarını, eləcə də əməliyyatın həyata keçirilməsi üçün uyğun vaxtı gözləyir.
Bu məlumat ABŞ Mərkəzi Komandanlığının rəhbəri, admiral Bred Kuperin İsrail Müdafiə Ordusunun Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir və İsrailin digər yüksək vəzifəli təhlükəsizlik rəsmiləri ilə görüşündən sonra yayılıb. Görüşdə İsrail kəşfiyyat xidməti “Mossad”ın rəhbəri Roman Hofman da iştirak edib.
Görüşdən sonra admiral Bred Kuper Səudiyyə Ərəbistanına yola düşüb. Onun burada Fars körfəzi ölkələrinin nümayəndələri ilə görüşləri nəzərdə tutulub.
Qeyd: Məlumat İsrail mediasının yaydığı xəbərlərə əsaslanır. Əməliyyatın başlanması ilə bağlı rəsmi qərar barədə məlumat verilməyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.