AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tramp Şükranlıq Günündə miqrantları və siyasi rəqiblərini sərt tənqid edib

  • + A
  • - A
  • Dünən, 22:30

    Tramp Şükranlıq Günündə miqrantları və siyasi rəqiblərini sərt tənqid edib


    ABŞ Prezidenti Donald Tramp Şükranlıq Günü münasibətilə sosial şəbəkədə paylaşdığı geniş müraciətində siyasi rəqiblərini, miqrantları və iqtisadi statistikanı tənqid edib. O, həmçinin Ağ Evdə aparılan təmir işlərini müdafiə edib.

    Tramp “Truth Social” platformasındakı paylaşımında ölkəni “radikal solçuların” təsiri altına salmağa çalışan siyasi rəqiblərini ittiham edib. O, həmçinin seçkilərdən əvvəl ABŞ iqtisadiyyatına dair yanlış məlumatlar yayıldığını iddia edib.

    Prezidentin sözlərinə görə, ABŞ-ın ÜDM artımı göstəricisi üç həftə gecikmə ilə 3,4 faizdən 4,3 faizə yüksəldilib. Tramp bunu rekord səhv adlandıraraq dərhal araşdırma aparılmasını tələb edib.

    ABŞ lideri adlarını açıqlamadığı siyasi rəqiblərini ölkənin məhkəmə sistemində şəriət normalarını tətbiq etməyə çalışmaqda və uzun illər zəhmət çəkərək var-dövlət qazanan insanların əmlakını işləmək istəməyənlərlə bölüşdürməyə cəhd göstərməkdə ittiham edib.

    Tramp çıxışında ABŞ-dakı somalili miqrantları da hədəfə alıb. O, ölkədə yaşayan somalililərin cəmi 2 faizinin dövlət yardımından istifadə etmədən işlədiyini iddia edib və həmin şəxsləri yaxşı Amerika vətəndaşları adlandırıb. Digərlərinin isə dərhal ölkədən deportasiya edilməli olduğunu bildirib.

    Prezident, həmçinin somalili miqrantların ştatda qalacağı təqdirdə Minnesota ştatının gələcəyinin olmayacağını iddia edib.

    Tramp Ağ Evdə aparılan təmir işlərinə də toxunub. O, binanın uzun illər lazımi səviyyədə təmir edilmədiyini bildirərək 17 sınmış pəncərənin dəyişdirildiyini, zədələnmiş sütunların və dekorativ elementlərin bərpa olunduğunu, suvaq və boya işlərinin yeniləndiyini qeyd edib.

    Prezidentin sözlərinə görə, 1792-ci ildə inşa edilmiş Ağ Ev ABŞ-ın əsas simvollarından biridir və hazırda tarixinin ən yaxşı vəziyyətindədir. O, yaxın vaxtlarda binada ABŞ prezidentlərinin 150 ildən artıqdır arzuladığı bal zalının da inşa ediləcəyini vəd edib.

    Tramp müraciətinin sonunda ABŞ-yə xaricdəki həbsxanalardan, islah müəssisələrindən, psixiatriya klinikalarından və digər yerlərdən qanunsuz daxil olduğunu iddia etdiyi şəxslərdən danışıb. O, həmin şəxsləri amerikalılara qarşı zorlamalarda, quldurluqda və qətllərdə ittiham edib.

    Prezident bu şəxslərin əksəriyyətinin artıq mənşə ölkələrinə deportasiya edildiyini iddia edərək onlara istehzalı şəkildə Şükranlıq Günü münasibətilə təbriklərini çatdırıb və bir daha ABŞ-yə qayıtmayacaqlarını bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR