Avropada ən çox qatarla səyahət edən ölkə bəlli olub

İsveçrə sakinləri dəmir yolu ilə səyahət məsafəsinə və səfərlərin sayına görə Avropada ilk sırada qərarlaşıb.
İsveçrənin ictimai nəqliyyat assosiasiyası LITRA-nın apardığı araşdırmaya əsasən, ölkə sakinləri Avropanın digər ölkələrinin vətəndaşları ilə müqayisədə qatarla daha çox səyahət edirlər. Bu barədə DPA agentliyi məlumat yayıb.
Araşdırma zamanı Avropa İttifaqına daxil olan 28 ölkənin, eləcə də Böyük Britaniya, Norveç və İsveçrənin dəmir yolu nəqliyyatı üzrə göstəriciləri təhlil edilib.
Məlum olub ki, ötən il İsveçrədə hər sakinin payına orta hesabla 2578 kilometr dəmir yolu səfəri düşüb. Bu göstərici ilə ölkə Avropa üzrə birinci olub.
Reytinqdə ikinci yeri Macarıstan tutub. Bu ölkədə adambaşına düşən dəmir yolu səfərlərinin orta məsafəsi 1703 kilometr təşkil edib. İlk beşlikdə həmçinin Avstriya, Fransa və Almaniya yer alıb.
Qatarla səfərlərin sayına görə də İsveçrə liderdir. Ölkənin hər bir sakini il ərzində orta hesabla 73,4 dəfə qatardan istifadə edib. Almaniyada isə bu göstərici 35,4 səfər olub. Bununla da Almaniya siyahıda altıncı yerdə qərarlaşıb.
Araşdırmada həm İsveçrədə, həm də Almaniyada dəmir yolu ilə sərnişin daşımalarının ümumi məsafəsinin və səfərlərin sayının artdığı qeyd olunub.
LITRA nümayəndələri İsveçrənin Avropada dəmir yolu səyahətləri üzrə liderliyini qoruduğunu vurğulayıblar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.