28 May- Respublika Günü münasibətilə Türkiyədə fəaliyyət göstərən Azərbaycanlı Tələbələr və Məzunlar Platforması (ASAP) silsilə tədbirlər təşkil edib.
Platforma tərəfindən Türkiyənin Aydın Universitetində “Müstəqil Azərbaycan Respublikası 103 yaşında” mövzusunda konfrans keçirilib. Konfransda universitetin rektor müavini İbrahim Haqqı Aydın, ölkəmizin İstanbuldakı baş konsulluğunun konsulu Zaur Allahverdizadə, ASAP-ın baş katibi Ülkər Qurbanova, koordinatoru Fərid Şahbazlı, türkiyəli siyasi ekspert, professor Kuray Karaca, Azxeber.com xəbər portalının rəhbəri Hacıbəy Heydərli və digərləri çıxış edərək Azərbaycanın keçdiyi tarixi yol haqqında iştirakçılara məlumat veriblər. Bildirilib ki, tarixi ədalətin bərqərar olması, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi şanlı zəfər münasibətilə builki Respublika Gününün Azərbaycanda xüsusi qürurla qeyd edilir.
ASAP tərəfindən daha bir tədbir İstanbulun Taksim Meydanında keçirilib.
“Bayraq aksiyası” mövzulu tədbirdə azərbaycanlı tələbələrlə yanaşı türkiyəli gənclər də iştirak ediblər.
Aksiyanın əsas məqsədi dünyanın ən işlək yerlərindən biri olan İstanbulun Taksim Meydanında yerli və xarici turistlərə Azərbaycan bayrağı hədiyyə etmək, bu gün, eləcə də Azərbaycan və vətənimizin inkişaf yolu haqqında insanlara geniş məlumat verməkdir.
Azərbaycan Dövlət Himninin sələndirilməsi ilə başlayan tədbirdə mindən artıq bayraq Türkiyə və digər ölkə vətəndaşlarına hədiyyə edilib. AzərTac
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.