Aygün Ramil qızı İsmayılova-1996-cı il martın 24-də Qəbələ rayonunda anadan olub. 2014-cü ildə Bakının Hövsan qəsəbəsindəki 281 saylı tam orta məktəbi, 2020-ci ildə Azərbaycan Tibb Universitetinin (ATU) Müalicə işi fakultəsini bitirib. İxtisasını artırmaq üçün hazırda Türkiyənin TUS imtahanına hazırlaşır. 2021-ci ildən FHN-nin Mərkəzi Modul tipli hospitalında fəaliyyət göstərir. Aygün xanımla elə həmin hospitalda tanış olduq.
Nə qədər qorunmağa çalışsam da, COVİD-19 virusuna yoluxdum. Bir neçə gün evdə müalicə olunmağıma baxmayarq, vəziyyətimin ağırlığı səbəbindən xəstəxanaya yerləşdirildim. Gecənin yarısı idi. Qızdırmadan yanırdım. Gözlərimi açanda yanımda ağ xalatlı gənc bir qız gördüm. Qeyr-ixtiyari onun qolundan tutub, ölürəm, dedim. Qız əllərini alnımda, sonra saçlarımda gəzdirdi, mehribancasına, qorxmayın, dedi: “Sizdən çox ağır xəstələri sağaldaraq evlərinə göndərmişik. Siz də sağalacaqsınız”. Qızın inamla söylədiyi bu sözlərlə bərabər eynəyinin arxasında parlayan gözlərinin dərinliyində həm də bir həyacan hiss etdim. Hər halda mənə elə gəldi. Səhərə qədər digər tibb işçiləri ilə yanaşı o da məni nəzarətsiz qoymadı. Ertəsi gün atəşim bir qədər düşmüşdü, amma vəziyyətim heç də yaxşı deyildi. Buna baxmayaraq, gecə gözümü açarkən başımın üstündə ilk gördüyüm, mehriban çöhrəsi ilə yaddaşıma həkk olunmuş o, mələyə bənzər qızı soruşdum. Gecə növbəsinin həkimi Aygün İsmayılovanın olduğunu söylədilər.
Günlər keçdikcə yaxşılığa doğru gedirdim. Aygün xanımın “Sizdən də ağır xəstələrimiz olub, sağalıblar, siz də sağalacaqsınız” sözləri tez-tez yadıma düşürdü.
Bir gün müalicə olunduğum 8-ci korpusu təmir etmək üçün boşaltdılar. Xəstələri 19-cu korpusa köçürdülər. 2-ci mərtəbənin 44-cü palatasında idim. Xoşbəxtlikdən Aygün də həmin binanın 1-ci mərtəbəsindəki şöbəyə keçirilmişdi. O şöbənin xəstələri daha ağır idilər. Buna baxmayaraq, Aygün hər gün işə bir qədər tez gəlir, lap 5 dəqiqəlik də olsa mənə baş çəkir, vəziyyətimlə maraqlanır, mənə ürək-dirək verirdi.
Evə getməyimə bir gün qalmışdı. İşdən öncə mənə baş çəkməyə gələn Aygün əhvalımı yaxşı görüb sevindi. Onu görəndə mən də sevinirdim. Çünki, ona çox isnişmişdim. Aygün-dedim. İlk gördüyüm gündən səni çox sevdim. Lap doğmam kimi. Artıq sağalıb evə gedirəm. Ürəyimdə dolaşan bir sualım var. Necə oldu ki, belə bir xəstəxanada işləməyə qərar verdin? O, məyus-məyus üzümə baxdı, gözləri nəmləndi.
Aygün, ötən ilin noyabrında atasının COVİD-19 virusuna yoluxduğunu, vəziyyətinin ağır olduğu üçün bu xəstəxanada yerləşdirildiyini söylədi. Valideyinin yanında qalmaq, ona dəstək olmaq üçün özü də burada işə düzəlir. Bu xəstəlik barədə dərin biliyi və təcrübəsi olmadığına görə tibb bacısı vəzifəsində çalışır. Lakin, şəkərli diabet və xroniki böyrək çatışmazlığı kimi yanaşı xəstəlikləri olduğu üçün, həkimlərin bütün səylərinə baxmayaraq, onun valideyninin həyatını xilas etmək mümkün olmur. 2020-ci il dekabrın 4-də Ramil müəllim dünyasını dəyişir. Aygün isə işini tərk edir. Lakin, çox çəkmir ki, dünyanı lərzəyə gətirmiş bu qorxunc xəstəliklə mübarizədə ön cəbhədə olmaq, xalqı, milləti qarşısında vətəndaşlıq borcunu yerinə yetirmək üçün yenidən bu xəstəxanaya qayıdır. Atasına edə bilmədiyi yardımı ona ehtiyacı olan xəstələrə etməyə çalışır. Özünün yaşadığı acını, doğmalarının yolunu gözləyən yüzlərlə Aygünlərə qıymır.
Aygünü dinlədikcə ürəyim dağa döndü. Bu qızın nə böyük ürəyi varmış, deyə düşündüm. Bir başqası bəlkə də atasının dünyasını dəyişdiyi bu xəstəxananın heç həndəvərindən belə keçməzdi. Onun isə hər bir xəstəni xilas etmək üçün necə fədakarlıq göstərdiyinin şahidi olmuşam. Halal olsun sənə dedim. Gələcəkdə daha bacarıqlı və mükəmməl həkim olacağına heç bir şübhəm yoxdur. Yolun açıq, arzuların çin olsun, Aygün!
Aygün xanım və onun şəxsində COVİD-19 virusundan müalicə olunduğum FHN-nin Mərkəzi Modul tipli hospitalında çalışan ATU-nun Müalicə işi fakultəsinin məzunu, 2019-cu ildən ADHTİ-nin Otorinolarinqologiya həkim-rezidenti kimi fəaliyyət göstərən, 2020-ci ildən FHN-də COVİD-19-la işləyən Möhübbət İsmayılovun, 2018-ci ildə ATU-nin Müalicə işi fakultəsinin məzunu olan Gülnar Yusiflinin, gecə növbəsində çalışan həkim Samirə Mənsurovanın, orta tibb işçiləri Elgün, Nailə, xəstə baxıcısı Günay xanım və adlarını bilmədiyim bir çoxlarının öz vəzifə borclarını necə fədakarlıqla yerinə yetirdiklərini söyləyərək, onların hər birinə təşəkkür etməyi özümə borc bilirəm.
Babaşova Solmaz
BDU-nun əməkdaşı