Ötən il “İşsizlikdən sığorta haqqında” qanuna edilən dəyişikliklə işsizlikdən sığorta ödənişinin verilməsi qaydaları sadələşdirilib və sığorta məbləğinə artım edilib. Bu barədə Azadmedia.az-a Strateji kommunikasiya departamentinin müdiri Mayis Musayev məlumat verib.
Mayis müəllimin sözlərinə görə yeni qaydalara əsasən, işəgötürənin ləğvi və ştatın ixtisarı nəticəsində işdən azad olunan şəxslərlə yanaşı, müddətli əmək müqaviləsinin bitməsi nəticəsində işsiz qalan şəxslərin də işsizlikdən sığorta ödənişi almaq hüququ yarana bilər. Bu yenilik işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə və işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinin genişləndirilməsinə yönəlib.
DMA sözüsünün bildirdiyinə görə tətbiq edilən yeni qaydalar əsasında Dövlət Məşğulluq Agentliyi tərəfindən cari ilin 6 ayı ərzində 1570 nəfərə işsizlikdən sığorta ödənişi təyin edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,7 dəfə çoxdur.
İşsizlikdən sığorta ödənişi üçün necə müraciət edilməlidir? sualına Strateji kommunikasiya departamentinin müdiri cavab verib ki, bunun üçün ilk olaraq “Məşğulluq” altsistemində (və ya müvafiq məşğulluq mərkəzinə müraciət etməklə) qeydiyyatdan keçmək tələb olunur. Şəxs üçün münasib iş tapmaq mümkün olmadıqda ona işsiz statusu verilir və şəxs işsiz kimi qeydiyyata alındıqdan sonra sistemdə yerləşdirilmiş ərizəni təsdiq edir. Şəxsin müraciətinə 10 gün ərzində baxılır və sığorta ödənişinin təyin və ya imtina edilməsi barədə qərar çıxarılaraq bu barədə məlumat onun elektron kabinetində yerləşdirilir və (və ya) qeyd edilmiş mobil telefon nömrəsinə bildiriş göndərilir.
Çoxlarını maraqlandıran "İşsizlikdən sığorta ödənişi hansı hallarda təyin edilir?" sualının cavabına M.Musayev bildirdi ki,
dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsasında əmək müqaviləsinə xitam verilmiş şəxslər - ən azı 1 il sığorta stajı olduqda və
əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilmiş şəxslər – işsizliyin başlanmasından əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi üzrə ən azı 35 ay sığorta stajı olduqda işsizlikdən sığorta təyin edilir.
Bəs, maraqlıdır - İşsizlikdən sığorta ödənişi necə hesablanır?
Mais müəllimin bildirdiyinə görə dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsasında əmək müqaviləsinə xitam verilmiş şəxslər üçün sığorta ödənişi sığorta stajından asılı olmayaraq itirilmiş orta aylıq əməkhaqqının 50 faizi məbləğində digər halda isə əmək müqaviləsinin müddətinin bitməsi əsasında əmək müqaviləsinə xitam verilmiş şəxslər üçün işsiz kimi qeydiyyata alındığı tarixdən 3 ay sonra - minimum aylıq əmək haqqı məbləğində 3 ay müddətində ödənilməsi nəzərdə tutulur.
Mayis Musayev sonda qeyd etdi ki, Qanuna edilimiş yeni dəyişikliyə əsasən işsizlikdən sığorta ödənişinin avtomatlaşdırılmış təyinatı mexanizminin yaradılması da nəzərdə tutulub. Bu da işsiz şəxslərin müxtəlif sənədlər toplamasına və bu sənədlərlə hansısa quruma müraciət etməsinə ehtiyacı aradan qaldıraraq, avtomatlaşdırılmış qaydada işsizlikdən sığorta ödənişinin təyinatına imkan verəcək.
Elnurə Abuşova