Avqustun 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Ağcabədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “XXI əsrdən baxış: din və qadın” mövzusunda videokonfrans keçirilib.
Rayonun aktiv qadınları, təhsil işçiləri və gənclərin qatıldığı videokonfransı giriş sözü ilə açan Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının böyük məsləhətçisi, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Vüsalə Məmmədova mövzunun əhəmiyyətinə diqqət çəkib. Bildirib ki, ailələrin möhkəm, sağlam olması Azərbaycan dövlətinin diqqəti və qayğısı ilə əhatə olunub. Müstəqil Azərbaycanda ailə siyasətinin əsas prinsipləri uğurla həyata keçirilir. Bu fakt bir daha sübut edir ki, Azərbaycan ailəsi dövlətin himayəsindədir. Dövlət ailə institutunun təməllərinin möhkəmliyini təmin etmək, onun nüfuzunun artmasına nail olmaq üçün ciddi addımlar atır. V. Məmmədova, eyni zamanda bu istiqamətdə cəmiyyət üzvlərinin aktiv və məsuliyyətli olmalarının vacibliyi barədə danışaraq biganəliyin erkən nikah, qadın zorakılığı və s. bu kimi problemlərin artmasına səbəb olduğunu deyib.
DQİDK-nın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut Əliyeva təəssüflə bildirib ki, əfsuslar olsun ki, cəmiyyətimizdə qadınların ailədaxili zorakılığa və diskriminasiyaya məruz buraxılma, erkən nikaha daxil olma, narkotik vasitələrin istifadə və satışına məcbur edilməsi hallarına rast gəlinir. Sevindirici məqamdır ki, Ağcabədi erkən nikahların azlığı baxımından Aran Qarabağın ən öndə gələn rayonlarından biridir.
Ardınca erkən nikah və onun fəsadları ilə bağlı təqdimatla çıxış edən şöbə müdiri qeyd edib ki, ailədaxili problemlərin bir çoxu qızların erkən yaşda evləndirilməsindən qaynaqlansa da, bəzən kifayət qədər yaşı və təhsili olan ailələrdə də belə neqativ hallar müşahidə edilir. Bəzən ailə daxilində fiziki və ya psixoloji şiddət görən qadınlara öz valideynləri, bacı-qardaşları, digər yaxınları dəstək olmur, onlar mənəvi cəhətdən boşluğa düşür və heç də düzgün olmayan intihar yolunu seçirlər. Bütün bunlarla mübarizə tədbirlərini ilk növbədə qadınlar dünyaya gətirdikləri övladlarını düzgün tərbiyə etməklə, onları cəmiyyətə yararlı şəxsiyyət kimi yetişdirməklə aparmalıdırlar. Erkən nikahla mübarizə tədbirlərinə din xadimlərinin də verdiyi töhfələrdən bəhs edən Y.Əliyeva bildirib ki, məscidlərdə nikah haqqında şəhadətnamə sənədi təqdim edilmədən dini kəbin kəsilmir.
Şöbə müdiri çıxışının sonunda bildirib ki, tarix boyu müxtəlif çətinliklərlə, işğallar, soyqırımlar, müharibələrlə mübarizə aparmağı bacarmış Azərbaycan qadınlarının bu gün sadaladığımız problemləri yaşamaması üçün cəmiyyətdəki neqativ hallarla mübarizə tədbirlərini gücləndirməli, maarifləndirmə işinin yüksək səviyyədə təşkilini davam etdirməliyik.
“Qadın və təhsil” mövzusunda təqdimatla çıxış edən DQİDK-nın Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova bildirib ki, qadınların istər ailədə, istərsə də cəmiyyətdəki layiqli mövqeyi ilk növbədə həmin cəmiyyətin yüksək mənəvi keyfiyyətinin, o cümlədən inkişafının və xoşbəxt gələcəyinin göstəricisidir. Qadınların cəmiyyətin inkişaf prosesində tam iştirak etməsi üçün lazım olan bilik, bacarıq və özünə inamı gücləndirməyin ən əhəmiyyətli vasitələrindən biri təhsildir. Qadının təhsilli olması, öz huquqlarını bilməsi, milli-mənəvi dəyərlərimizə bağlılığı bir ailənin, cəmiyyətin sağlam gələcəyi deməkdir. Qızların təhsildən yayınması ilə bağlı statistikaya nəzər salan şöbə müdiri bu problemin yoxsulluq, erkən nikah və gender əsaslı şiddət kimi səbəblərdən qaynaqlandığını vurğulayıb. İslam dinində qadının təhsili barədə də danışan E.Kərimova ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan qadının cəmiyyətdə fəallığının artırılması üçün atılan mühüm addımlara diqqət çəkib. O, çıxışını “Bir qızın təhsili gələcəyinə qoyulan sərmayədir. Həm də dünyamızın gələcəyinə - inkişaf edən, dinc və davamlı bir dünyaya bir sərmayədir.” - fikri ilə yekunlaşdırıb.
Dövlət Komitəsinin əməkdaşı Aysel Abdullayeva isə XX əsrin əvvəllərində təhsilin, maarifçiliyin yayılması üçün çətin, kəşməkeşli yol keçən maarifpərvər azərbaycanlı qadınlar barədə təqdimatını nümayiş etdirib.
Gənclər üçün Təhsil Mərkəzi Qarabağ Regional ofisinin rəhbəri Radə Telmanqızı erkən nikahın aradan qaldırılması üçün bir sıra təkliflər səsləndirib və bu sahədə koordinasiyalı şəkildə fəaliyyətin önəminə toxunub.
Videokonfrans müzakirələrlə işini yekunlaşdırıb