AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“XXI əsrdən baxış: din və qadın” mövzusunda videokonfrans keçirilib

  • + A
  • - A
  • 26-04-2021, 22:03


    Aprelin 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “XXI əsrdən baxış: din və qadın” mövzusunda videokonfrans keçirilib.
    Videokonfransa təşkilatçı qurumların nümayəndələri, rayonun aktiv qadınları, təhsil işçiləri və gənclər qatılıblar.
    Quba Rayon İcra Hakimiyyəti başçısı Aparatının Humanitar və ictimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Aynur Yəhyayeva erkən nikahların qarşısının alınması istiqamətində rayonda görülən işlərdən danışaraq erkən nikah probleminin qarşısının alınmasında mühüm rolun cəmiyyətin üzərinə düşdüyünü qeyd edib. Bildirilib ki, erkən nikah körpə və ana ölümünə, qızların təhsil imkanlarının azaldılmasına, onların cəmiyyətdən təcrid olunmasına səbəb olur. Bu problemlərin həllində başlıca rolu qadınların bu istiqamətdə maarifləndirilməsi təşkil edir.
    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova çıxışında İslam dininin qadına verdiyi dəyərə, Azərbaycanda qadının cəmiyyətdə fəallığının artırılması üçün atılan mühüm addımlara diqqət çəkərək bildirib ki, Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın ölkəmizin ictimai və siyasi həyatındakı fəal iştirakı Azərbaycan qadınının tarixi missiyasını bu gün də uğurla davam etdirdiyini göstərmək üçün kifayət edir. Milli-mənəvi dəyərlər sistemimizin təşəkkülündə və yaşadılmasında qadınlarımızın böyük rolu olduğunu bildirən şöbə müdiri bu dəyərlərin təbliğində qadınların, ələxsus anaların üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb. O, Azərbaycan qadınının tərbiyəsinin gücünə 44 günlük Vətən müharibəsində şahid olduğumuzu, Bizim Ali Baş Komandanımızın başçılığı ilə analarımızın, Azərbaycan qadınlarının böyüdüb başa çatdırdığı igid oğullar sayəsində zəfər çaldığımızı qeyd edib. E.Kərimova, eyni zamanda çıxışında qızların təhsildən yayınması və erkən nikah kimi problemlərə də toxunub.
    “Erkən nikah və onun fəsadları” mövzusunda təqdimatla çıxış edən DQİDK-nın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut Əliyeva erkən nikahla bağlı statistik göstəriciləri videokonfrans iştirakçılarının nəzərinə çatdırıb. Erkən nikahın mənfi təzahürlərinə diqqət çəkən şöbə müdiri xəstə uşaqların dünyaya gəlməsi, məişət zorakılığı, fiziki-psixoloji çətinliklər barədə danışıb. Bu problemlərin qızların cəmiyyətin fərdi kimi inkişafına mane olduğunu, onları təhsil hüququndan məhrum etdiyini bildirən natiq erkən nikah problemini aradan qaldırmaq üçün həyata keçirilən tədbirlərin əhəmiyyətinə toxunub. Bildirib ki, bu istiqamətdə maarifləndirmə işlərinə gənclərlə yanaşı, valideyn və din xadimlərinin də cəlb edilməsi xüsusi önəm daşıyır. Həm tibbi, həm dini, həm də elmi cəhətdən məlumatlanan valideyn övladını erkən nikaha məcbur etməyin hansı fəsadlara gətirib çıxaracağını anlayacaqdır.
    Quba şəhəri H.Hüseynov adına 4 saylı humanitar fənlər təmayüllü məktəb-liseyin direktoru Xanımsona Əkbərova milli-mənəvi, dini dəyərlərimizin gələcək nəslə düzgün formada, təhrifə uğramadan ötürülməsinin əhəmiyyəti barədə danışıb. O, kompleks maarifləndirmə sayəsində rayonda erkən nikah üzrə statistikada azalma müşahidə edildiyini deyib.
    DQİDK-nın əməkdaşı Aysel Abdullayeva isə çıxışında maarifçilik yolunda qadınların roluna toxunub. Təqdimatında öncül Azərbaycan qadınlarından nümunələr gətirən natiq qadınların təhsilli olmasının vacibliyini vurğulayıb.
    Videokonfrans müzakirələrlə yekunlaşıb.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR