Universitetdə bir müəllimimiz var idi. Dərsinə gəlməyən və onu saymayan tələbəyə demişdi ki, imtahan vaxtı üstümə heç kimi gətirmə, sənə onsuz da qiymət yazmayacam.
Bu da qurbanolduqlarımdan (Naxçıvanda bu sözün mənasını hamı bilir) birinə deyir. Həmin şəxs müəllimə tələbəni tapşırır. Tələbə imtahanda 5 alır. Uşaqlar deyir bəs müəllim, demişdiniz qiymət yazmayacam? Müəllim də deyir ki, ya qiymət yazmalıydım, ya da Naxçıvandan tərk etməli idim. Mən Naxçıvanda yaşamağa məhkumam.
İndi Naxçıvanda yaşamağa məhkum olanlar yaxşı bilir ki, orda yaşamaq çox çətindir. Bir az imkanları, əlaqələri olanlar, Naxçıvandan başqa yerə qaçır.
Buna səbəb nədir?
Bu sualın cavabını Dövlət Təhlükəsizlik Xidməti son bir həftədə layiqincə verir.
Noyabr ayı Naxçıvanda Dövlət Təhlükəsizlik Xidmətinin ləğv edildi və yerində Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Naxçıvan Baş İdarəsi yaradıldı. Bundan sonra Bakıdan Naxçıvandakı mənzərə daha aydın görünməyə başladı.
Dövlət Təhlükəsizlik Xidmətinin Naxçıvan Baş İdarəsi də işə qoyuldu. İdarənin yaranmasından bir ay keçməmiş Naxçıvan Gömrük Komitəsində əməliyyat keçirildi. Komitənin 15 vəzifəli əməkdaşı saxlanıldı. Bəlli oldu ki, Gömrük Komitəsində 132 milyon manatlıq maxinasiya var.
Kələfin ucu DTX-nı Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə apardı. İkinci əməliyyat zamanı Naxçıvanda iki ilin naziri saxlanıldı. Bəlli oldu ki, nazir iki ildə nə az, nə çox düz 144 milyon yeyinti edib.
Sizcə kələfin sonu maliyyə naziri Rəfael Əliyevdə qurtaracaq? Məncə yox. Çünki görünən odur ki, hələ bu xamır çox su aparacaq.
Sual oluna bilər: Bəs Naxçıvan haqqında yazılan bir statusa görə vətəndaşı Bakıdan Naxçıvana aparıb, onu yaxşıca başa saldıranlar hara baxırdı? Niyə Bakıda yazılan üç cümləlik statusu Naxçıvandan görə bilənlər, gözlərinin qarşısındakı 276 milyonluq yeyintini görə bilmədilər?
Cavab çox sadədir. Bu cavabı sizə mən yox Dövlət Təhlükəsizlik Xidməti verəcək!
Biz, siz, hətta boynu ipdə olanlar da nə qədər tələssək də dövlət xalqın arzu və istəklərini yerinə yetirməklə mükəlləf deyil, xalqa daha gözəl gələcək bəxş etmək vəzifəsini və məsuliyyətini daşıyır.
Elmar Hüseynov