AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sağlam tənqid, Əlisa Nicat, yaradıcı adamların taleyi...

  • + A
  • - A
  • 30-11-2022, 23:57

    Sağlam tənqid, Əlisa Nicat, yaradıcı adamların taleyi...

    Son zamanlar istər media sahəsində, istər sosial şəbəkələrdə yazdığım məqalələrə görə müxtəlif fikirlərlə qarşılaşıram. Hərə bir fikirlə üstümə gəlir. Biri soruşur ki, kimin adamısan, biri soruşur ki, tənqid yazmağınıın səbəbi nədir, biri deyir sən məqsədli şəkildə kiminsə qaralama kampaniyasına qoşulmusan? Biri də ümumiyyətlə çox qabağa gedərək deyir ki, səni tutacaqlar. Düzdür, bütün bunlara gülüb keçirəm. Hətta sosial şəbəkələrdə yazdıqlarımı bəyənməyə qorxub, əla yazırsan, izləyirik deyənlərə demək istəyirəm ki, Vallah sizi də anlayıram, sizi çox istəyirəm. Ancaq nə edəsiniz, adi bir statusu bəyənməyə qorxursunuz, bu ölkəni necə dəyişəcəksiniz? Ölkənin xoşbəxt gələcəyini necə quracaqsınız? Bilirəm, deyəcəksiniz ki, bu ölkədə tənqid yazana sənin kimi iş yoxdur, çörək yoxdur. Uşaqları ac qalar. Bu şəkildə nə vaxta qədər davam edəcəksən? Onda mən də sizə cavab verəcəm ki, o vaxta qədər ki, sizin də bir probleminiz çıxacaq, onda uzaqdan görüb, qorxudan yolunu dəyişdiyiniz, problem içində çabalayanda, ailəsini dolandıra bilməyəndə vecinizə almadığınız həmin adamlar yadınıza düşəcək. Probleminizi işıqlandırsın deyə ətəyində namaz qılmağa hazır olacaqsınız. O vaxta kimi ki, probleminiz həll olunacaq və siz yenidən əvvəlki vəziyyətinizə qayıdacaqsınız... Ancaq ortada yenə bütün pisliklər tənqid yazana dəyəcək. Bir vaxtlar, Azərbaycan mətbuatında tənqidin atası hesab olunan Əlisa Nicat kimi...
    Əlisa Nicatın 87 yaşı var. Bu günə qədər 100 dən çox kitabın müəllifi olan yazar, tənqidçi Əlisa Nicat bu gün naşir Şahbaz Xuduoğluna deyib ki, pul çox yazır deyə qaz peçini gündə 2-3 saat yandırıb söndürürəm, pulunu çatdıra bilmirəm (Dialoq şəkildə). O dialoqu oxuyanda Azərbaycanda yaradıcı adamların faciəsi adamın gözü qarşısında canlanır. Əvvəl 1937-ci il, sonra da Azərbaycan Yazıçılar Birliyinin 203 min manatlıq qurultayı gözlərin önünə gəlir. Əlisa Nicatın dediklərini bir çox yaradıcı adamların timsalında görmək mümkün olur. Gözlərin qarşısına bütün bunları gətirdikdən sonra Azərbaycanda yaradıcı insanlara diqqət və qayğının hansı səviyyədə olması adamı həddindən artıq narahat edir. Birdən ağlına gəlir ki, səni tutacaqlar deyənlər, elə düz eləyirlər, tənqid yazıb, sonra həbs olununca, yaltaqlan, vəzifəyə təyin ol. Dövlətin yüz milyon pulunu ye həbs ol! Bil ki, ən azından sənə el arasında "acından ölən köpəyoğlu", deməyəcəklər!

    * * *

    Əziz, Azərbaycan dövləti, Dövlət baba, tənqidçinə sahib çıx. Sağlam tənqid yazanlarını qoru. Çünki tənqidçinə sahib çıxmasan, məmurların yüz milyonlarını mənimsəyəcək, sağlam tənqid yazan adamlarını xalq düşməni elan edib məhv etdirəcək. Sənə ikinci 37-ci ili yaşadacaq. Sonra da kələf həmin məmurun boynuna keçəndə, sənin gələcəyinə necə böyük zərbə endirdiyini görəcəksən. Xalq da deyəcək ki, bu vaxta qədər Dövlət baba harda idi? Əgər tənqidçinə sahib çıxsan onda xalqın Dövlət babası kimi ona nəyisə izah etmək məcburiyyətində də qalmayacaqsan! Yazıçısına, jurnalistinə, tənqidçisinə sahib çıxmayan dövlətin ya yaradıcı adamları ölkədən qaçar, ya da onlara başqa ölkələr sahib çıxar. Dövlət baba, sən öz vətəndaşına sahib çıxmasan, ölkənin ailə institutu dağılar. Hər 3 ailədən 2-i boşanar, hər 4 nəfərdən 2-i patı istifadəçisinə çevrilər. Bu da səni sevməyənləri, sənin düşmənlərini sevindirər. Biz tənqidçilər isə bu ölkənin düşməni yox, ən yaxın dostuyuq... Dövlət baba, tənqidçini dolandır və sağlam tənqid etməsi üçün şərt qoy!

    * * *

    Bu dünyanın quyruğu çox uzundur, Tanrı etdiklərinin cəzasını çəkmədən insanı öldürmür. İstər məmur ol, istər işsiz vətəndaş, İlahi ədalət deyilən şey bərqərar olanda dövlətin nə qazandığı da, nə itirdiyi də ortaya çıxar. Bir zamanlar heç kim, Naxçıvan haqqında tənqidi fikirlər yaza bilmirdi. Hətta yazanların hansı aqibəti yaşaması haqqında da məlumatlıyıq. Qorxu ilə dövləti idarə etməyin, yaradıcı adamları bölgədən didərgin salmağın son nəticəsini Naxçıvandakı Gömrük Komitəsinin, Maliyyə Nazirliyinin timsalında açıq aydın gördük. Hələ də bölgədəki insanlar 132 milyon manatlıq gömrük maxinasiyası, 144 milyonluq maliyyə yeyintisi barədə statuslara rəy yazmağa qorxurlar. Amma hamısı ürəklərində yaxşı olub, qoy daha betər günə qalsınlar deyə dua edirlər. Çünki insanların taleyi ilə oynayanda bir gün Tanrı, yaşatdıqlarını sənə yaşadır.

    * * *

    Yaradıcı adamlara böyük azadlıq verib, onları düşmən qarşısında əsl döyüşçüyə çevirmək əvəzinə, başına qapaz vurub, əzik, məmurun çaldığı havaya oynayan biçarə vəziyyətinə gətirdikdə, yaradıcı adam çevrilib olur yaltaq və yararsız adam. Bu cür adamlarla düşmənə qarşı mübarizə aparmaq effektsizdir. Çünki qorxaq və miskin adamlar heç zaman döyüşçü olmur. Onlar mübarizə meydanında səni tək qoyub qaçarlar. Amma yaradıcı adamı əsl döyüşçüyə çevirsən, beynəlxalq aləmdə səni təbliğ edəcək əsərlər yazar, musiqilər bəstələyib, filmlər çəkər... Ölkəni təbliğ etmək üçün milyonlarla pul xərcləməyə ehtiyac qalmaz. Həm beynəlxalq aləmə müəyyən mədəni töhfə verilər, həm də ölkənin beynəlxalq nüfuzu daha çox güclənər. Ona görə də, arzu edirəm ki, Azərbaycanda yaradıcı adamların taleyi Amerikadakı, Avropadakı yaradıcı insanların taleyi kimi olsun. Öz maddi və mənəvi zənginlikləri ilə bütün ölkələrin diqqətini çəksinlər. Daha Əlisa Nicat kimi yox...

    Elmar Hüseynov


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR