AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İnsanlıq münasibətləri niyə bu qədər tükənməkdədir? - Bir daha Beyləqanda ailə qətliamı barədə

  • + A
  • - A
  • 3-12-2022, 11:32

    İnsanlıq münasibətləri niyə bu qədər tükənməkdədir? - Bir daha Beyləqanda ailə  qətliamı barədə

    Dünən axşam Beyləqanda törədilən ailə qətliamı, bundan bir neçə gün əvvəl Buzovnadakı bənzər cinayət və son zamanlar tez-tez rast gəldiyimiz başqa bu kimi dəhşətli hadisələr çətin suallar doğurur: Bu cəmiyyətdə nə baş verir? Bu qədər aqressiya haradan qaynaqlanır? İnsanlıq münasibətləri niyə bu qədər tükənməkdədir?
    Beyləqanda az qala bütöv bir ailənin məhvinə gətirən cinayət barədə ilkin xəbərlər çox ciddi mənəvi-psixoloji, hüquqi, sosioloji və s. böhrandan, elementar insanlıq münasibətlərinin deqradasiyasından xəbər verir. Özü də bu aşınmanın dairəsi genişlənməkdə, məzmunu isə zənginləşməkdədir.
    Beyləqandakı qətliamın ilkin səbəblərində deyilir ki, iki qonşu arasında son mübahisə birinin o birisinin evinə gedən yolu naqillə kəsməsi üstündə olub. Bu məzmunlu mübahisə niyə belə amansız cinayətə gətirib çıxarır? Məncə, ona görə ki:
    - birincisi, insanlar min illər boyu formalaşan normal birgəyaşayış qaydalarına riayət edə, qonşuluq münasibətləri saxlaya, fikir və maraq ayrılıqlarını həll edə bilmirlər. Bu, o deməkdir ki, elementar insani münasibətlər aşınıb, adamlar bir-birinə dözə bilmirlər, empatiya yoxdur, əvəzində nifrət var;
    - ikincisi, insanlar öz aralarındakı maraq toqquşmalarını hüquq çərçivəsində məhkəmə yolu ilə, hüquq-mühafizə sistemi vasitəsilə ədalətlə həll etməyə inanmırlar, buna ümid itib. Bu, həm də məhkəmə-hüquq sistemimizin ciddi böhranıdır;
    - üçüncüsü, insanlarda aşırı aqressiya var. Aqressiya o həddə çatıb ki, 50, 100 il əvvəl bir ağsaqqalın (ağbirçəyin) öyüd-nəsihəti ilə həll edilən, həmin ağsaqqalın (ağbirçəyin) müdaxiləsinədək uzaq başı saçyolduyla və ya çomaq davası ilə bitən fikir ayrılığı tüfəngdən açılan atəşlə, özü də bütöv ailəni tək-tək hədəfə alan atəşlə nəticələnir.
    Çox şey yazıb, sizi yormaq istəmirəm. Amma bu dəhşətə son qoyulmalıdır. Dövlət qurumları sosioloqları, kriminoloqları, psixoloqları, hüquqşünasları cəlb edilməklə dərin araşdırmalar aparmalıdır. Bunu yaradan mühit aydınlaşdırılmlıdır. Konkret addımlar müəyyən edilməli və əməli iş görülməlidir.
    Bir daha təkrar vurğulamaq istəyirəm: bir insanın hansısa mübahisəyə görə bir ailənin az qala bütün üzvlərini qətlə yetirməsi, bunun bir neçə gündən sonra başqa biri tərəfindən törədilməsi üstündən sükutla keçiləcək kriminal xəbər deyil. Dəyişmək və dəyişdirmək lazımdır.
    Ərşad Hüseynov,
    Hüquqşünas


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR