Jurnalistin anasına görə Heydər Əliyev Fonduna müraciət edildi
Milli Məclisin bir qrup deputatı, ölkədə fəaliyyət göstərən tanınmış KİV rəhbərləri və jurnalistləri Azərbaycan Respublikasının I vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya müraciət ediblər
Azadmedia.az müraciətin mətnini təqdim edir:
“Hörmətli Mehriban xanım!
Bildirmək istəyirik ki, ARB-24 telekanalının əməkdaşı, gənc və perspektivli jurnalist Nərmin Əkbərlinin anası Fərqanə Əkbərovanın səhhəti həddindən artıq ağırdır. 6 aya yaxındır ki o, müxtəlif xəstəxanalarda müalicə alsa da, səhhətində müsbətə doğru dəyişiklik yoxdur.
62 yaşlı Fərqanə Əkbərovanın səhhətində iyun ayından etibarən problemlər yaranmağa başlayıb. Bir çox həkimlərə müraciət edilsə də,diaqnozun dəqiqləşdirilməsi xeyli zaman alıb. Oktyabrın28-dən səhhətindəki problemlər ciddiləşdiyi üçün xəstəxanalara müraciət edilib. Bu günə qədər müxtəlif xəstəxanalarda, bir çox həkim müayinələrindən keçirilib. Vəziyyəti ağırlaşdığı üçün son olaraq Bakı Sağlamlıq Mərkəzində müalicəsini davam etdirmək qərarına gəlinib. Son analizlərdən sonar onda “Kavernoz” adlı xəstəlik olduğu müəyyənləşdi. Xəstəlik onun ciyərlərinə funksionallığına mənfi təsir etdiyi üçün süni tənəffüs aparatına qoşulub.
Adıçəkilən tibbi mərkəzə indiyə qədər 25000AZN-dən çox vəsait xərclənib. Övladlarının müalicə üçün banklardan götürdükləri, ictimaiyyət nümayəndələrinin təşəbbüsü ilə yəğılan 10 min manata yaxın vəsaitlər də tam tükənib. Hazırda ailənin Bakı Sağlamlıq Mərkəzinə külli miqdarda borcu yaranıb. Xəstəxananın gündəlik xərcləri azı 1500AZN-dir. Buna görə də hazırda ailəyə çox ciddi maddi dəstək lazımdır.
Hamımız şahidik ki, dünyada kifayət qədər yüksək nüfuza malik olan Heydər Əliyev Fondu bu günə qədər bir çox ailənin sevincinə səbəb olub. Ulu Öndərin adını daşıyan, insanlara qayğı və mərhəmətlə davranan Heydər Əliyev Fondunun əməkdaşlıq coğrafiyası kifayət qədər genişdir. Azərbaycan əhalisinin rifahının yaxşılaşdırılması istiqamətində addımlar atan, zəruri proqramvə layihələr, xüsusi qayğıya ehtiyac duyan insanlara yardım etmək Fondun əsas prinsiplərindən biridir.
Əminik ki,Siz bu mərhəmətli layihələrinizdən birini də Fəqanə xanım üçün həyata keçirəcəksiniz.
Sizə əvvəlcədən öz minnətdarlığımızı bildiririk”.