Millət vəkili, Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsinin sədr müavini, filologiya elmləri doktoru, professor Jalə Əliyeva Bakı Dövlət Universitetində təşkil edilən "21 Azər Hərəkatı" dəyirmi masasında iştirak və çıxış edib.
"Əvvəla bu anlamlı, əhəmiyyətli toplantının təşəbbüskarı və təşkilatçısı olan hörmətli rektor Elçin Babayevə təşəkkür edirəm. Bu gün burada haqqında söz edilən 21 Azər Hərəkatı, Milli Hökümət, Məşrutə Hərəkatı, Demokratik Firqə, İran Həmkarlar Hərəkatı, bu hərəkat və təşkilatların rəhbəri olmuş Səttarxan, Şeyx Məhəmməd Xiyabani, Seyid Cəfər Pişəvəri və neçə-neçə mücahidin adını, apardıqları mübarizəni təkcə tarix kitablarından oxumamışam. Bu hadisələr və insanlar haqqında uşaqlığımdan bəri evimizdə - əslən Güneyli olan anam, mərhum Nurəngiz Günün mənə nəql etdiklərindən xəbər tutmuşam. 21 Azər Hərəkatının, Demokratik Firqənin üzvləri arasında anamın dayıları-Kərim Hacızadə və Səlim Hacızadə də olub. Bu keşməkeşli, dərbədər, təbəddülatlı, mübarizə dolu, acı, amma qürurlu həyatdan onların da taleyinə pay düşüb. Anamın böyük dayısı Kərim Hacızadə Güney Azərbaycanda çox məşhur rəssam olub. Onun əsərləri Amerikada sərgilənib.
Hətda "Dəmirçi Gavənin üsyanı" adlı əsərinə görə təqiblərə məruz qalıb, siyasi baxışlarına və hərəkatda iştirakına görə uzun illər İranda zindan həyatı yaşayıb və bu ikiyə bölünmüş, ikiyə parçalanmış taleh əlbəttə ki, anamın da alın yazısına dönərək, yazdıqlarından yan keçməyib. Ayrılıq, həsrət, böyük Vətənin bütövləşməsi arzusu onun şeirlərinin leytmotivinə çevrilib. Bu gün müstəqil Azərbaycanımız bütövdür. Biz artıq Qarabağlı Azərbaycanıq. Biz Zəfər çalmışıq. Biz Qalibik. Biz Güclüyük. Amma mübarizəmiz davam edir. Tarixi torpaqlarımızın hər qarışı bizim üçün müqəddəsdir, Vətəndir. Mən Azərbaycanlıyam, deyən hər kəs bizim üçün doğmadır, əzizdir. Daha bütöv, daha böyük, daha güclü Azərbaycan uğrunda çıxdığımız yolda yeni Zəfərlər də bizim olacaq. Buna inamımız tamdır!"