Artıq 15 gündən çoxdur Xankəndi-Laçın yolunda ekoaktivistlər, ictimai fəallar və vətəndaş cəmiyyətinin nümayəndələri Azərbaycan ekologiyasına qarşı həyata aparılan terrora qarşı mövqe nümayiş etdirirlər. Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçiləri Xankəndi - Laçın yolunda etiraz edirlər.
Sosial Tədqiqatlar Mərkəzi davam edən aksiyalar və gözləntilərlə bağlı ictimai rəy sorğusu keçirib.
“Xankəndi-Laçın yolundakı aksiyaları izləyirsinizmi?” sualına cavab olaraq, sorğuda iştirak edənlərin ümumilikdə 88.1%-i aksiyaları izlədiyini bildirib. Respondentlərin 54.1%-i “tez-tez izləyirəm”, 34.0%-i “bəzən izləyirəm” cavabını verib. 11.9%-i “heç izləmirəm” cavabını qeyd edib.
Aksiyaları tez-tez izlədiyini bildirənlər arasında kişilər qadınlara nisbətdə üstünlük təşkil edib. Eyni zamanda bu cavabı qeyd edən respondentlər arasında 55-64 yaş qrupunda olanlar digərləri ilə müqayisədə daha çox üstünlük təşkil edib.
“Sizcə, bu aksiyalar Azərbaycanın təbii sərvətlərinə qarşı aparılan terrora son qoyacaqmı?” sualına münasibətdə respondentlərin 78.6%-i “bəli” cavabını verib. Sorğuda iştirak edənlərin 14.2%-i “xeyr” cavabını qeyd edib, 7.2%-i bu barədə fikir bildirməkdə çətinlik çəkib.
Sorğunun sahə işi 24 dekabr - 27 dekabr 2022-ci il tarixlərində icra olunub. Sorğular 18 yaşından yuxarı 384 nəfər arasında telefonla müsahibə formasında keçirilib, könüllü iştirak və anonimlik prinsipləri qorunub. Sorğu 12 iqtisadi rayonu əhatə edib və gender balansı təmin edilib. Nəticələrin əminlik intervalı 95%, xəta payı 5%-ə bərabərdir.
Məlumat üçün qeyd edək ki, “Qızılbulaq” qızıl yatağı Qarabağ separatçılarının nəzarəti altında olan keçmiş Ağdərə rayonu ərazisindəki eyni adlı kənddə yerləşir. Qızılbulaq kəndi hazırda Kəlbəcər rayonunun inzibati ərazisinə daxildir. “Dəmirli” mis-molibden yatağı isə Azərbaycanın inzibati xəritəsində Tərtər rayonuna daxildir. Vaxtilə keçmiş Ağdərə rayonuna daxil olan Dəmirli kəndi Milli Məclisin 13 oktyabr 1992-ci il tarixli qərarı ilə Tərtər rayonunun inzibati tərkibinə verilib. Azərbaycanın ən böyük mis yataqlarından biri məhz bu kənddə yerləşir. Hələ 2019-cu ildə "Azersky" peyklərinin təsvirləri vasitəsilə “Dəmirli” mədən yatağının 740 hektar ərazisində ermənilər tərəfindən qanunsuz olaraq geoloji kəşfiyyat, qazıntı-hasilat işlərinin və yeni infrastruktur elementlərinin (yol, bina, qurğu və s.) tikintisinin aparıldığı müəyyənləşmişdi.
“Qızılbulaq” və "Dəmirli" yataqları Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə illər öncə bağlanılan sazişə uyğun olaraq ABŞ-ın "R.V.İnvestment"in şirkəti tərəfindən istismar olunmalıdır. Lakin həmin ərazilər uzun illərdir işğal altında olduğundan, "R.V.İnvestment"in şirkəti orada fəaliyyət qura bilməyib. Məlumatlara görə, ermənilər işğal dövründə hər iki yatağın qanunsuz istismarına xarici şirkətləri cəlb ediblər. Bir-birindən 15 kilometr uzaqlıqda yerləşən “Qızılbulaq” və “Dəmirli” yataqlarında qanunsuz işlər İkinci Qarabağ Müharibəsindən sonra dayandırılmışdı. Lakin son vaxtlar – rusiyalı milyarder Ruben Vardanyanın Qarabağ separatçılarının rəhbərliyinə - qondarma “dövlət naziri” postuna gətirilməsindən sonra orada yenidən qanunsuz fəaliyyətə başlanılıb.
Laçın yolunda etiraz edən ekologiya aktivistləri tələbləri yerinə yetirilməyənə qədər aksiyaları dayandırmayacaqlarını bildiriblər.