AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Neft və milyonlar ölkəsinin vətəndaşlarını xoşbəxt etmək...

  • + A
  • - A
  • 1-01-2023, 11:12

    Neft və milyonlar ölkəsinin vətəndaşlarını xoşbəxt etmək...

    Biz hər şeyin ən gözəlinə layiqik. Ən gözəl şeylər bizim olmalıdır. Ən gözəl istirahət mərkəzlərində biz kef çəkməliyik. Ən gözəl şənliyi biz təşkil etməliyik. Ən böyük yolka bizimki olmalıdır. Ən gözəl Qar qız və ən şən Şaxta baba bizi əyləndirməlidir. Biz ən gözəl dostlarla ən gözəl məclislərdə olmalıyıq. Bizim həyat yoldaşımız ən gözəl qadın, ən qanacaqlı, ən mədəni və nə desək baş üstə deyən qadın olmalı, ən tərbiyəli uşaqları böyütməlidir. Bizim uşaqlarımız ən savadlı uşaqlar olmalı, dünyanın ən gözəl universitetlərində oxumalıdırlar. Biz fəxrlə qürrələnə-qürrələnə gəzməliyik. Şəhərdəki ən böyük villa bizim olmalıdır. Ən lüks maşınları biz və bizim övladlarımız sürməlidir...

    * * *

    Elə bildiniz 2023-cü ilə aid arzularımı yazdım? Yoxsa, Sizin arzularınızı qələmə aldım? Tanış gəlmir yuxarıda dediklərim? Yoxsa, hamısını istəyirsiniz? Bəs nədən vaz keçməyə hazırsınız? Ona görə Sizə bu sualları verirəm ki, bu ölkədə hər kəs potensial oliqarxdır. Yazıçısı, jurnalisti, müəllimi, həkimi, mühəndisi, sürücüsü və digər bütün peşə sahibləri...

    Sizə yeni suallarım var. Bəs hər şeyiniz olduqdan sonra nə edəcəksiniz? Heç bu haqda düşündünüzmü? Əgər düşünmüsünüzsə, o edəcəyinizi nədən elə bu gün etmək niyyətində deyilsiniz? Bəlkə sabah gec olacaq? Məgər, bunu unutmusunuz ki, azdan-az gedər, çoxdan-çox?!

    Bilirəm, bu ölkədə hamı milyonçu olmazdan öncə milyonçu olub xeyriyyəçiliklə məşğul olacağını düşünür. Yəni, milyon xəyalı quranların hamısı potensial xeyriyyəçidir. Amma bir balaca kiminsə əlinə pul gəldikdə özünü, çevrəsini, oturub-durduğu adamları dəyişir. Hətta əvvəlki dövrünə yuxarıdan aşağı baxır. Ona görə də pullanan kimi daha çox pul qazanmağa, özündən varlılarla yarışa girməyə çalışır. Nəticədə...
    Nəticədə dövrün Ziya Məmmədovları, Vasif Talıbovları, Kəmaləddin Heydərovları, Yəhya Musayevləri ortaya çıxır...
    Sonra da hamımız birnəfəsə deyirik ki, bu ölkədə heç nə yaxşılığa doğru dəyişmir. Hamı bir-birini ittiham edir: Varlı-kasıbı, müxalifət-iqtidarı, işsiz-məmuru, ac-toxu...
    Bəlkə bu gün kimsə ac yatdı? Bəlkə kiminsə evində istiliyi olmadı? Bəlkə kimsə xəstə qardaşını qurtarmaq üçün dərman ala bilmədi? Amanın bir günüdür, belə sualları heç fikrinizdən də keçirməyin. Bu gün bir tikə ət tapa bilməyən ana yetimlərini başına yığıb ac qalsa da olar. Şaxta babadan hədiyyə gözləyən tumanının dizi cırıq, əyninə böyük potuq keçirmiş yetim hədiyyəsiz qalsa da olar. Eybi yox, işsiz ata evə əliboş gedib, utana-utana arvadının övladlarının üzünə baxa bilməsə də olar. Axırıncı dəfə sizdən anasının dərmanı üçün borc istəyən dostunuzdan anasının necə olmasını soruşmaq əvəzinə borcunuzu istəyin. Deyin ki, sən borcunu qaytarmadığın üçün mən yeni il şənliyini Flamingo restoranında keçirə bilmədim. Bayaq mağazadan yeni ildə partlatmaq üçün Şampan alarkən, yanındakı adama yaxşı ki, fikir vermədin. Əgər fikir versəydin, bir balaca çörəyi və iki yumurtanı utana-utana necə nisyə yazdıraraq aldığını görəcəkdin və Bayramın dilxorculuğa çevriləcəkdi...

    * * *
    Əzizim, əgər bunlardan, yəni, - Azərbaycan reallıqlarından xəbərin yoxdursa sənə bir hindli milyarderin "Mən necə xoşbəxt oldum", adlı müsahibəsini xatırladıram:
    "Hindli milyarder Ratanji Tataya radio aparıcısı tərəfindən bir telefon danışığında belə bir sual verildi:
    "Cənab, həyatda ən xoşbəxt olduğunuz anı nə olaraq xatırlayırsınız?"
    Ratanji Tata dedi ki:
    "Həyatda xoşbəxtliyin dörd mərhələsindən keçdim və sonunda gerçək xoşbəxtliyin anlamını anladım.
    İlk mərhələ sərvət və ehtiyat topladım, amma xoşbəxt ola bilmədim. Ardından qiymətli əşyaların toplanması olan ikinci mərhələ gəldi. Amma bunun təsirinin də keçici olduğunu və qiymətli şeylərin parıltısının uzun sürmədiyini fərq etdim.
    Ardından böyük bir layihə alma olan üçüncü mərhələ gəldi. Hindistan və Afrikada dizel yataqlarının 95%-inə sahib oldum. Ayrıca Hindistan və Asyadakı ən böyük polad zavodunun sahibi oldum. Amma xəyal ettiyim xoşbəxtliyi əldə edə bilmədim.
    Dördüncü addım, bir dostumun məndən bəzı əlil uşaqlalar üçün təkərli əlil arabası almamı istəməsiydi. 200-ə yaxın uşaq üçün.
    Dostumun tövsiyəsiylə təkərli əl arabalarını aldım.
    Amma dostum onunla getməmi və əlil arabalarını uşaqlara verməmi ısrar etdi. Məndə hazırlanıb onunla getdim.
    Orada bu uşaqlara əlil arabalarını öz əllərimlə verdim. Bu uşaqların üzlərində gəribə bir xoşbəxtlik parıltısı gördüm. Hamısını əlil arabalarında oturarkən, dolaşarkən və əylənərkən gördüm. Qazanan bir hədiyyəni qeyd etmələri üçün bir piknik yerinə gəlmiş kimiydilər. Gerçək xoşbəxtliyi içimdə hiss etdim. Ayrılmağa qərar verdiyimdə uşaqlardan biri ayağımdan tutdu. Ayaqlarımı yavaşça çəkməyə çalışdım , amma uşaq üzümə baxdı və ayaqlarımı bərk-bərk tutdu. Əyilib uşaqdan soruşdum: "Başqa bir şeyə ehtiyacın varmı?"
    Bu uşağın verdiyi cavab məni sadəcə şok etməklə bitmədi, həyata baxışımı da tamamən dəyişdirdi. Uşaq dedi ki:
    "Üzünü xatırlamaq istəyirəm ki , cənnətdə görüşdüyümüzdə səni tanıyıb bir daha təşəkkür edə bilim!.."

    ***

    2023-cü ildə bu ölkədə Cənnəti qurmaq ümidi ilə hərəmiz qəlbimizin dərinliklərində bir şam yandıraq. Qoy o şamın işığı qəlbimizin qaranlıqlarına işıq tutsun. Yolumuz işıqlı olsun. Cəmi 10 milyon əhalisi olan neft və milyonlar ölkəsinin vətəndaşlarını xoşbəxt etmək üçün hərəmiz əlimizi bir daşın altına qoysaq, bu ölkəni İsveçdən də, Finlandiyadan da, hətta Ərəb Əmirliklərindən də gözəl ölkəyə çevirərik.
    Gec də olsa əslində Yeni ilinizi yeni yazımla təbrik edirəm! Ulular demişlər ki, böyük düşünək ki, böyük-böyük bağlarımız, bol ruzili ağaclarımız olsun! Elə ağaclar əkək ki, şam qədər əbədi və ölümsüz, Qızıl Alma qədər tükənməz işığa və gücə, Nar qədər - zənginliyə və yenilməzliyə malik olsun. Bayramınız mübarək olsun!

    Elmar Hüseynov


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR