Avtomobili olanlar, hazırda sizə maraqlı gəlməyə bilər, amma qiymət artımının ardınca benzin də qalxacaq. Bu arada səviyyəsiz zarafat ilə etiraz etmirlər. Ondansa susun. Bəlkə də fərqində deyilsiniz, amma kənardan vecsizmiş kimi görsənir. Siz də susun, adı milləti olan, millətdən başqa hər kəsin çaldığına oynayan Millət Vəkilləri kimi. Vəziyyəti bərbad gündə olan nəqliyyatda qiymət artımının heç yeri yox idi. Böyük şəhərlərdə ildə ən azı beş metro st. açılır, bizdə 5 ildə bir st. açılır. Metro tam şəhər yükünü götürə bilmir. Manatlıq taksilər desən insanları soyur, özləri üçün mafya yaradıblar, artıq 10 nəfərlik mini avtobusla və ya 6 nəfərlik maşınlarla 2 manata sərnişin daşıyırlar. Avtobuslar iyrənc gündədir, Bakı sadəcə mərkəzdən ibarət deyil. Bakı kəndlərində yaşayanlar necə zülm çəkir xəbəriniz varmı? XXI əsrdə 45 dəqiqə avtobus gözləməyin nə demək olduğunu bilirlərmi Tarif Şurasında oturanlar?! 90-cı illərdən qalma cəmi 10 nəfərin otura biləcəyi əski, sökük-tökük kiçik avtobusda 80 nəfərlə bilirsiniz necə gedilir?! Özlərinin, arvadlarının, övladlarının, hətta nəvələrinin ayrı maşınları varkən qara camaat nə çəkir, bilirlərmi?! Bilməzlər. Acın qarnından toxun xəbərinin olmadığı bir məmləkətdə yaşayırıq. Məmur da, qara camaat kimi eyni xalqdan deyilmi? Niyə bu xalq bir birinə düşməncə davranır? Şəxsən avtomobili olmayan biri kimi mənə çox çətin olacaq! Burda böyüklənmənin, özünü təkəbbürlü göstərmənin yeri yoxdur. Hər gün əkavə 1 manat orta statistik həyat səviyyəsi olan bir azərbaycanlı üçün çətindir.
Bayram Quliyev,
Tarixçi alim
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.