AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Süni intellektli brauzerlərlə bağlı xəbərdarlıq: Ən təhlükəli internet brauzerləri açıqlandı

  • + A
  • - A
  • Bu gün, 16:35

    Süni intellektli brauzerlərlə bağlı xəbərdarlıq: Ən təhlükəli internet brauzerləri açıqlandı

    Yeni nəsil süni intellekt (Sİ) funksiyaları ilə təchiz olunmuş internet brauzerləri istifadəçi məlumatlarının qorunması baxımından ənənəvi brauzerlərdən geri qalır. Live Science nəşrinin yaydığı məlumata görə, tədqiqatçılar yeddi məşhur Sİ brauzerini təhlil edərək bu nəticəyə gəliblər.

    Araşdırmaya əsasən, bu brauzerlərin əsas üstünlüyü veb-səhifələri analiz edə, məlumat axtara və istifadəçinin adından müxtəlif əməliyyatları yerinə yetirə bilən daxili Sİ agentləridir. Onlar formaları avtomatik doldura, onlayn alış-veriş edə və eyni anda bir neçə saytdakı məlumatları emal edə bilirlər.

    Lakin məhz bu geniş səlahiyyətlər təhlükəsizlik risklərini artırır. Klassik brauzerlər müxtəlif saytları bir-birindən təcrid edən təhlükəsizlik mexanizmlərindən istifadə etdiyi halda, Sİ agentlərinin eyni vaxtda bir neçə vərəqə və üçüncü tərəf elementlərinə çıxışa ehtiyacı olur. Bu isə mövcud müdafiə mexanizmlərinin effektivliyini azaldır.

    Tədqiqatçılar "gizli təlimatlar" adlandırılan yeni təhlükəyə də diqqət çəkiblər. Kibercinayətkarlar veb-səhifələrə xüsusi əmrlər yerləşdirə bilər və Sİ agenti onları qanuni göstəriş kimi qəbul edərək istifadəçinin xəbəri olmadan icra edə bilər. Belə hallarda bank məlumatları da daxil olmaqla məxfi informasiyanın sızması riski yaranır.

    Digər problem isə məlumatların Sİ agentlərinin yaddaşında saxlanılmasıdır. Araşdırma zamanı müəyyən edilib ki, bəzi brauzerlər müxtəlif mənbələrdən toplanan məlumatları birləşdirərək sonrakı emal üçün yaddaşda saxlayır. Mütəxəssislərin fikrincə, sistemin yaddaşı komprometasiya olunarsa, bu məlumatların sızma ehtimalı artır.

    Tədqiqat çərçivəsində Atlas, Claude for Chrome, Brave Leo AI, Google Chrome (Gemini ilə), Microsoft Edge (Copilot ilə), Firefox AI Mode və Perplexity Comet brauzerləri araşdırılıb. Nəticələr göstərib ki, bu məhsullarda təhlükəsizlik yanaşmaları vahid standart üzrə qurulmayıb və hər brauzer Sİ-nin səlahiyyətlərini fərqli şəkildə idarə edir.

    Araşdırma müəllifləri bildirirlər ki, ən funksional brauzerlər eyni zamanda daha çox kiberhücum riskinə malikdir. Təhlükəsizlik baxımından isə Brave, eləcə də agent funksiyaları daha məhdud olan Microsoft Edge və Firefox daha etibarlı hesab olunub.

    Mütəxəssislər vahid təhlükəsizlik standartları formalaşana qədər məxfi məlumatlarla işləyərkən süni intellektli brauzerlərdən ehtiyatla istifadə etməyi tövsiyə edirlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR