AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Aqil heç vaxt “hazıra nazir” olmayıb” – MÜSAHİBƏ- VİDEO

  • + A
  • - A
  • 1-02-2023, 19:47

    “Aqil heç vaxt “hazıra nazir” olmayıb” – MÜSAHİBƏ- VİDEO

    Əslində onun təqdimata ehtiyacı yoxdur. İmzası ilə kifayət qədər tanınan “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgərin bu gün 41 yaşı tamam olur. Yaşın heç bir fərqi olmadığını, insanın ruhən özünü hansı yaşda hiss edirsə o yaşda olduğunu qeyd edən həmkarımızla yeni yaşında söhbət etdik.

    Doğum günündə Medianews.az-ın suallarını cavablandıran Aqil Ələsgər çətin dönəmlərdən keçməsindən və gələcək planlarından danışdı.

    – 41 yaş sizin üçün ömrün hansı çağıdır?

    – Sözün düzü, özümü təsvir etdiyim 41 yaşında hiss etmirəm. Mənim üçün 15 il əvvəl 41 yaş desəydilər, düşünərdim ki, bu, ahıl yaşdır, özümü elə hiss edərdim. İndi özümü 25 yaşında, daha gənc hiss edirəm.



    – Yeni yaşınızdan nələr gözləyirsiniz?


    – Bu illə bağlı işgüzar planlarımız, proqramlarımız var. Fevral ayında böyük konfransımız baş tutacaq. Ümumilikdə isə plan qurmağı, planla hərəkət etməyi sevmirəm. Zamanı axışına buraxıb, lazımi anda müəyyən addımlar atmağı daha çox sevirəm. Plan quranda planların qarşısına problemlər çıxır.

    -Mütəmadi olaraq Türkiyəyə səfərlər edirsiniz. Belə olduğu halda, hər kəsi bir sual maraqlandırır, Aqili Türkiyəyə bağlayan nədir?


    – Bəzən evdə səsim uşaqlara bərk çıxanda anam deyir ki, “Aqilin İstanbul havası gəlib”. İstanbul bir şəhərdən çox mənim üçün nəfəslikdir. İstanbulda 2-3 gün olduqda ayrı bir ab-havaya düşürsən. Bu şəhəri sevirəm. Digər tərəfdən, Aqil Ələsgər Türkiyədə təhsil almış, illərdir türk mediası ilə üst səviyyədə əlaqələr qurmuş Azərbaycanda az sayda olan jurnalistlərdən biridir. Ola bilər Azərbaycan mediasında məndən başqa da jurnalistlər türk mediası ilə əlaqələr qursun. Amma bu əlaqələri ilk quranlardan və illərdir bu əlaqələri inkişaf etdirən jurnalistlərdənəm. 2008-ci ildən İstanbulda “Xocalını unutma, unutdurma” kampansiyasını başladanlardan biriyəm. Yəni ta o zamanlardan bizim üçün həssas məsələni Türkiyə gündəminə daşımışam. Bunu kim istəyir qəbul etsin, kim istəyir etməsin.

    Reallıq budur. Ən əsas məqam isə mən TÜRKƏM. Türk oğlu türkəm. Mən azərbaycanlıyam, Azərbaycanda doğulmuşam, bura mənim torpağımdır. Azərbaycan da bir türk, oğuz diyarıdır. Böyük Səlcuqlunun, Səfəvinin ən önəmli hissəsidir. Ümumilikdə, türk olduğum üçün türkün olduğu hər yer mənim üçün əzizdir. Türkün olduğu hər yer mənim üçün dəyərlidir. İmkan olarsa, Orta Asiyaya da tez-tez getməyi çox istəyirəm. Amma türkün aydınlarının məkanı hər zaman İstanbul olub. İstanbula getməklə bağlı istənilən bəhanəyə “hə” deyirəm. Hətta məni “İstanbula iftar süfrəsinə dəvət edirlər” adı ilə də İstanbula getmişəm. Elə baxmayın, həqiqətən çağırıblar (gülür).



    -Burada başqa səbəblərin də olduğu deyilir. Məsələn, sizin kitablarınızın və onun vasitəsi ilə qurduğunuz əlaqələrin də təsiri olduğu vurğulanır.

    – Bizi nəyə görə tanıyırlar və tanımalıdırlar? Mən model deyiləm ki… 2020-ci ilin “model kişisi” seçilməmişəm ki… Düzdür, bu gün seçilən qaliblərə baxanda özümün də o yarışlarda qalib olmaq şansım var (gülürük).

    Hətta namizədlərə baxanda deyirəm ki, onların arasından ilk üçlüyə belə düşə bilərəm.

    Yəni deməyim odur ki, jurnalistəm, əlbəttə ki, məni yazılarıma, fikirlərimə görə tanıyırlar. O fikirləri ki, 2006-2007-ci ildə FETO-nun ən güclü olduğu, FETO-nun Türkiyə və Azərbaycanda da at oynatdığı bir dönəmdə onların nə qədər təhlükəli olduqlarını yazan adamam. Əlbəttə ki, bu məni digərlərindən fərqləndirən cəhətlərdən biridir. Ortada məqalələrim, kitablarım, həmin dövrdə yazılan qəzetlərimiz hələ də qalır.

    Sualınıza gəldikdə isə bu kitabların mənim həyatımda rolu danılmazdır. Bizim bəzi deputatlarımız bir ilin içində 10 kitab yazır. Bir ilin içində 10 kitab yazan deputatı mən parlamentdən qovaram. Demək ki, sən heç bir qanun layihəsinə baxmamısan, ancaq oturub kitab yazmısan. Bu kitablar isə mənim illərimin məhsuludur. İllərlə bunlara qarşı ideoloji mübarizə aparmışam. Həyatımın ən ağır, bəlkə də adrenalinli dönəmini yaşamışam. Türkiyədə o dönəmdə elan olunan bütün terror təşkilatları ilə Tənzilə Rüstəmxanlı ilə Aqil Ələsgəri əlaqələndirirdilər. Solyönümlü terror təşkilatı yaradılanda bizim adımızı salırlar ora, baxırdıq ki, sağyönümlü terror təşkilatı yaradanda da yenə bizim adımızı ora salmağa çalışırlar. Həmin dönəmdəki FETÖ-nün açdığı bütün istintaq sənədlərində adımız vardı. Sağ olsun cənab prezident İlham Əliyev ki, onların bu iftiralarının Azərbaycana sıçramasının qarşısını aldı.



    – Qeyd etdiniz ki, həmin vaxt həyatınızın ən ağır və adrenalinli dönəmini yaşamsınız. Bəs Aqil Ələsgər indi həyatının hansı dönəmini yaşayır?


    – Hər dövrün özünün xoş anları var. Həmin dövrdə yeni ailə qurmuşdum, ailə qayğılarım artmışdı, ata olmuşdum. Belə bir zamanda hər tərəfdən üzərinə gəlirlər, səni qara siyahıya salırlar, yolunu kəsirlər. Hər tərəfdən önünü qapayırlar ki, sən fəaliyyət göstərə bilməyəsən. Bilmirəm, bu gün onlara dözə bilərəm, yoxsa yox. Çünki yaş öz sözünü deyir. O dönəmki yazılarıma baxıram, düşünürəm ki, mən nə qədər sərt yazmışam. İndi daha ağır yazsam da, üslubuma diqqət edirəm. O dönəmdə “qılıncımızı” əlimizə alıb kəsib tökmüşük. Gənc və dəliqanlı sözü tam da o dövrü bəhs edir.

    – Aqil Ələsgər bu gün bu mövqedə olmasını kimə borcludur?

    – İnsanın həyatına yön verən, əlbəttə ki, kimsə, nəsə olur. Məni formalaşdıran rəhmətlik babam və tarix müəllimim olub. Təbii ki, həyatımızda kritik qərarlar vermək üçün məsləhət və dəstək aldığımız insanlar var. Ancaq mən həyatı anlamağa başladıqdan sonra daha çox öz səhvlərimdən nəticələr çıxarmağa çalışmışam. Səhvlərimlə təcrübə qazanmışam. Çalışıram ki, bir səhvi etmişəmsə o səhvi bir də etməyim. Bir də yaxşılıq etdiklərim tərəfindən haqsızlıqla üzləşəndə özümə söz verirəm ki, daha pis, əclaf adam olacam. Amma bacarmıram.


    – Sizinlə bir dəfə söhbətimizdə demişdiniz ki, atasız böyüməyin faydası da var…

    – İnsanın yaşadıqları, əlbət ki, onun xarakterinə də təsir edir. Kiçik yaşda valideynlərindən birini itirmək faciədir. Amma… Bu, insanın ayaqları üstündə dayanmasına ciddi təsir edir. 6 yaşında atamı itirdim. Bəzən düşünürəm ki, atam vəfat etməsəydi, fərqli sferada, başqa bir işdə çalışan, 10 milyondan biri olan, indi heç kimin tanımadığı şəxlərdən biri idim. Atama güvənərdim, işləməyib tüfeyli həyat da yaşaya bilərdim. Atasızlıq mənə iki ayağın üzərində dayanmağı öyrətdi. Heç kimdən dəstək gəlməyəcəyini bilib, ona görə addım atmağı öyrətdi.

    Mühit insanı fərqli yetişdirir, komfort yaşayan şəxslə bütün çətinlikləri görənlər bir olmur. Misal üçün, yüksək bir vəzifədən ayrılan insan 6 ay sonra xəstəlik tapır, yatağa düşür. O insanlar üçün digər həyat cəhənnəmdir. Amma o cəhənnəmi görmüş adam üçün fərqi yoxdur, bu gün buradayıq, sabah olmaya bilərik. Sıfırı gördükdə isə özümüzü itirmirik. Bir çay içib, yenidən başlayırıq.

    – Sizin bir sözünüz var: “Aqil Ələsgərin hər zaman bir B planı vardır”
    .

    – (Gülür) Bəli. Elə anlar olur ki, planlarımız işə yaramır. O anda da Allah Təala köməyimə çatır. Heç bir variantım qalmayanda Allah bu yetim quluna kömək olur. O zaman bir “B” planım işə düşür. Onun üçün özümü hər zaman sürprizlərə hazırlayıram.

    Haqqınızda yayılan hansı şayiələr sizi təəccübləndirib?

    – Bəzən həmkarlarımızla söhbət edirik, baxıram ki, başqalarının həyatına daha çox müdaxilə etməyi sevirlər. Bir dəfə bir dostumuzla oturmuşduq, başladı ki, filankəs bu qədər qazanır, bəhməkəs bu qədər. Dedim yaxşı, bəs mən nə qədər qazanıram? Mənə iki rəqəm dedi, hər ikisi arasında böyük fərq var idi. Dedim bir dəqiqləşdirin görüm mən nə qədər qazanıram?

    Bu kimi mental düşüncələrdən uzağam. Ən yaxın dostdan belə nə qədər maaş aldığını soruşmamışam. Ən yaxın dostlarımın haralı olmasını belə illər sonra öyrənən adamam. Çünki tipik azərbaycanlı kimi kimsənin “çax-çux”u ilə maraqlanmıram. İnsanların özəli əgər ictimai bir dəyəri yoxdursa, məni maraqlandırmır.

    Xəyalə Rəis
    Medianews.az


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR