AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Mənim Azərbaycanım” intellekt marafonu bu dəfə Şabranda təşkil olunub - FOTO

  • + A
  • - A
  • 19-02-2023, 16:09

    “Mənim Azərbaycanım” intellekt marafonu bu dəfə Şabranda təşkil olunub - FOTO

    Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Şabran rayonunda “Mənim Azərbaycanım” intellekt marafonu layihəsi çərçivəsində intellektual turnir keçirilib.

    Azadmedia.az.az xəbər verir ki, Şabran şəhər 4 nömrəli tam orta məktəbində təşkil olunan turnirdə Şabran rayonunun müxtəlif təhsil müəssisələrində çalışan gənc müəllimlərdən, yuxarı sinif şagirdlərindən ibarət 8 komanda mübarizə aparıb.
    Tədbirdən öncə Azərbaycanımızın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin, eləcə də qardaş Türkiyədə baş verən zəlzələ nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Rəsmi hissədə çıxış edən “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov bu layihəyə dəstək verdiyinə görə Azərbaycan Gənclər Fonduna təşəkkürünü bildirib, Şabran rayonunda turnirin keçirilməsinə şərait yaratdığına görə Quba-Xaçmaz Regional Təhsil İdarəsinə minnətdarlığını ifadə edib. Bu layihənin keçirilməsində əsas məqsədin gənclərin asudə vaxtlarının səmərəli təşkilinə nail olmaq, gənclər arasında intellektual oyunların həyat tərzinə çevrilməsinə dəstək vermək, eyni zamanda Azərbaycan tarixinin, ədəbiyyatının, incəsənətinin, musiqisinin, ədəbiyyatının gənclər arasında təbliğinə nail olmaq olduğunu bildirib.

    Rəsmi hissədə çıxış edən Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Şabran rayonu üzrə təhsil sektorunun metodisti Rəşad Məmmədov qeyd edib ki, gənc müəllimlərin, eləcə də şagirdlərin bu kimi yarışlarda birgə mübarizə aparması həm şəxsiyyətlərarası münasibətlərin formalaşması və inkişaf etdirilməsi baxımından önəmlidir, həm də biliklərin artırılması, yeni məlumatların əldə edilməsi, məntiqi təfəkkürün inkişaf etdirilməsi baxımından vacibdir. Bu səbəbdən də Şabran rayonunda bu əhəmiyyətli layihənin icra edilməsinə görə təşkilatçılara təşəkkürünü bildirib.

    Rəsmi hissədən sonra start verilən yarışın qalibi adını Gülnur Rzayeva, Natavan Osmanova, Səid Hüseynov, Rəsul Məcidov, Əjdər Nəcəfov və Coşqun Məmədzadənin yer aldığı Şabran şəhər 3 nömrəli tam orta məktəbinin müəllim və şagirdlərdən ibarət “Samir” komandası qazanaraq Quba rayonunda keçiriləcək final mərhələsində iştirak etmək hüququ əldə edib.

    Fərid Abbasquliyev, Musa Muradəliyev, Nəzərpaşa Quliyev, Kənan Binyamiyev, Nurlan Ağayev və Ağası Səmədovdan ibarət Şabran rayonu Ağbaş kənd tam orta məktəbinin “Forza” komandası turnirin ikinci, Şəfa Umudova, Aminə Əlipənahova, Xədicə İsmayılova, Zəminə Sultanova, İsaq Hacıyev və Təbriz Gəbrayılovun heyyətində olduğu Şabran rayon Gəndov kənd tam orta məktəbinin “Dəmir Yumruq” komandası üçüncü mükafatın sahibi olub.
    Yekunda qalib və mükafatçılar kubok, diplom, medal və bədii ədəbiyyat nümunəli kitablarla təltif ediliblər.
    Qeyd edək ki, mart ayına qədər davam edəcək layihə çərçivəsində Quba, Qusar və Xaçmaz rayonlarında da yeniyetmə və gənclərin iştirakı ilə seçim turları keçiriləcəkdir. Seçim turlarının qaliblərinin iştirakı ilə Quba rayonunda final mərhələsi təşkil olunacaqdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR