Millət vəkili Etibar Əliyev yazır...Mənim dilimin öz fəlsəfəsi var...
Dil informasiyanın verilməsinə xidmət etsə də, yalnız onun aləti, yalnız ünsiyyət vasitəsi deyil. Dil həm də dünyaya öz sözünü deyə bilmək imkanıdır. Dünya söz istəyir. Onu deməlisən!
İnsan dili, sadəcə olaraq, fikrin, hissin, istəyin ifadəsi deyil. Dil insanın onu əhatə edən dünyanın səslərinə əks-səda vermək, bu səsləri insan dilində səsləndirmək qabiliyyətidir.
Dahi alman filosofu M.Haydegger dünyaya öz sözünü deyə bilməsinə yardım edən bütün fəaliyyətləri bağbanın işinə bənzədirdi: bağ salmaq torpağın toxumları və zoğları öz içərisinə qəbul edə bilməsini təmin etmək üçün onun bağlılığını açmaq deməkdir. Eləcə də dil bir növ dünyanı dağıdır, onun öz sözünü deyə biləcəyi yerləri göstərir. Demək və danışmaq eyni şey deyil. Çox danışıb heç nə deməmək olar. Susmaqla çox şey demək olar. Demək - göstərmək, bəyan etmək, həm də qulaq asmaqdır.
Beləliklə, dildən başqa heç bir yerdə dünya bütövlükdə mövcud deyil. Haydeggerə görə, dil varlığın evidir. Dünya öz sözünü demək istəyir. İndi növbə bizimdir. Dünyanın dildə olması insanı tələb edir. İnsan dünyaya söz verə bilər, özünü büruzə vermək üçün dünya insanı tələb edir. Və insan dünyanı tələb edir, çünki dünyadan başqa heç bir yerdə o, özünü tanımır.
Dildə yalnız tələffüz olunan sözlər yox, hətta sükut da əhəmiyyətlidir. Çünki sükut çox vaxt sözlərdən qat-qat dərindən mənanı üzə çıxarır. Hətta tanımadığımız yad dilin nitqi də təmiz səs yox, sözdür, biz onun mənalılığını başa düşürük. Başa düşmədiyimiz sözlə akustik səs-küy arasında mahiyyət baxımından uçurum mövcuddur.
Əslində, dil bizdən güclüdür: biz dildə danışmırıq, dil bizim vasitəmizlə danışır. Əsl filosof, əsl şair dilə, onun təmiz səsinə qulaq asır, onu özündə üzə çıxarır və onda onların dedikləri boşboğazlıq yox, yaradıcılıq, dünyanın yeni, hələ bu vaxta qədər görünməmiş tərəflərinin açılması olur.
Bir qayda olaraq belə hesab olunur ki, danışmaq və qulaq asmaq müxtəlif şeylərdir: bir adam danışır, başqası ona qulaq asır. Əslində isə biz yalnız özümüzə qulaq asdıqda danışa bilirik, elə bu dəqiqə sözlərdə ifadə olunacaq sükuta qulaq veririk. Biz özümüzdə hələ deyilməmiş "deyim"ə, sözlərlə, hekayətlə ifadə oluna bilən səssiz səsə qulaq veririk. Əsl nitq hekayədir, hər hansı bir boşboğazlıq dilin ələ salınmasıdır. Biz bir-birimizi dinlədikcə dilimizin qüdrətini də görürük.
Deyim qismində dil insan həyatının melodiyası və eyni zamanda dünyanın bizimlə danışdığı dildir. Biz bu səsin-Allahın səsinin, vicdanın səsinin rezonansında yaşayırıq. Bu səslər təbii gündəlik nitqimizlə münasibətdə ilkindir. Biz bu səsləri eşitməyimiz sayəsində dünyada mövcuduq.
MÜQƏDDƏS ANA DİLİMİZİ QORUYAQ!
44 günlük vətən müharibəsi göstərdi ki, bizim dilimiz həm də Hərb dilidir. Döyüş əmrləri, işğaldan azad olunmuş ərazilərimizdə bayrağımızın yüksəldilməsi zamanı Müzəffər Ali baş Komandana verilən raportlar bunun əyani sübutudur. Maraqlı bir tədqiqata diqqət edək:
İkinci Dünya müharibəsi zamanı yaponlar Amerika gəmilərini məhv etmək üçün bütün hava donanmasını Sakit okean regionunda səfərbər etdilər. Lakin buna bax mayaraq, dəhşətli məğlubiyyətə uğradılar. O zaman bunun səbəbini yaponların zəif təlimi ilə əlaqələndirdilər. Lakin müharibədən sonra psixoloqlar araşdırdılar ki, yaponların məğlubiyyətinin səbəbi dillə bağlı imiş. Çox zəngin və qədim yapon dili mahiyyət etibarı ilə mərasim dilidir. Müharibədə vəziyyət hər dəqiqə dəyişdiyindən, dəqiq ve qısa əmrlər vermək lazım gəlir. Yapon dili isə bununla ayaqlaşmadığından məğlubiyyət qaçılmaz olmuşdur. Dillər son dərəcə rəngarəng ifadə vasitələrinə malikdir və bir dildə kəskin emosional mənaya malik olan söz diğər dildə neytral xarakter daşıya bilər.