AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Muzeydə “Heydər Əliyev İli”nə həsr olunmuş məktəbli seminarı keçirilib

  • + A
  • - A
  • 22-02-2023, 00:20

    Muzeydə “Heydər Əliyev İli”nə həsr olunmuş  məktəbli seminarı keçirilib

    Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən ölkəmizdə kütləvi tədbirlərin, proqramların, idman yarışlarının keçirilməsi planlaşdırılır. Bu məqsədlə 17 fevral 2023-cü il tarixində Milli Azərbaycan Tarixi Muzeyində İnnovasiyalar və təhsil proqramları şöbəsinin təşkilatçılığı ilə "Dahi rəhbər: Azərbaycanın ictimai-siyasi fikir tarixində Heydər Əliyev məfkurəsi" adlı məktəbli seminarı keçirilib.

    Seminarda Muzey əməkdaşları, 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin müəllim və şagird kollektivi, Respublikanın 10-a yaxın məktəbinin müəllim və şagird kollektivi, KİV nümayəndələri iştirak edib.

    Seminar Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə açılış nitqi ilə Milli Azərbaycan Tarixi Muzeyinin İnnovasiyalar və təhsil proqramları şöbəsinin müdiri Fəridə Şəmsi çıxış edib. O çıxışında qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 29 sentyabr 2022-ci il tarixində 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi haqqında sərəncam imzalayıb. Bu sərəncam Heydər Əliyev şəxsiyyətinə, onun tarixi xidmətlərinə yeni dəyərlər əsasında verilən qiymətdir. Sərəncamda qeyd edildiyi kimi, Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir. Ulu öndərin dövlətimiz, xalqımız qarşısındakı xidmətləri hər an, hər gün gözümüz önündədir. Bu qərar bir daha dahi şəxsiyyətin fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin dərindən araşdırılmasına, zəngin irsinin əhatəli təbliğinə geniş imkanlar yaradacaq. Sonra Muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin baş mütəxəssisi Qənirə Qafarlı çıxış edərək, ulu öndər Heydər Əliyevə məxsus bəzi sənədlərin Milli Azərbaycan Tarixi Muzeyində qorunduğunu qeyd edib. Bu sənədlər 2 iyul 1940-cı il tarixinə aid olub, onun tərcümeyi-halı, muzeyin direktoruna yazdığı ərizə və kadrların uçot vərəqəsidir. Lakin Heydər Əliyev muzeyə müraciət edən zaman, muzeyin işçiyə ehtiyacı olmadığı üçün onun ərizəsinin üzərinə "rezerv" yazılmışdı. Bu sənədlər milli-mədəni, tarixi dəyərlərə, muzey işinə marağın Heydər Əliyevdə hələ onun tələbəlik illərindən yarandığını sübut edir. Azərbaycanda muzey işinə qayğı və diqqət ulu öndər Heydər Əliyevin fəaliyyətində xüsusi yer tutub. Heydər Əliyevi bir şəxsiyyət kimi səciyyələndirən cəhətlərdən biri də onun elm və mədəniyyətə geniş ürəklə qayğı göstərməsi idi. O, xalqın əsrlər boyu yaratdığı mənəvi sərvətin, mədəniyyət dəyərlərinin toplanılması, qorunması və daha da zənginləşdirilməsi üçün əməyini əsirgəməmişdir.

    Daha sonra S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının şagirdi Ağayar Eminli (müəllim: Türkan Salmanova) “Heydər Əliyevin xarici siyasət xətti: Müstəqil Azərbaycanın beynəlxalq aləmdə tanınması”, Texniki Humanitar liseyin şagirdi Əli Mamedov (müəllim: Cəmilə İmamverdiyeva)“Müasir Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti”(rus dilində), Texniki Humanitar liseyin şagirdi Məhəmməd Məmmədzadə (müəllim: Cəmilə İmamverdiyeva) “Heydər Əliyev və Azərbaycan elmi”(ingilis dilində), Zəngilan rayonu 29 saylı tam orta məktəbin şagirdi Sadiq Quliyev (müəllim: Günay İbrahimova) “Heydər Əliyevin neft strategiyası müasir Azərbaycan dövlətinin inkişafının təməl daşıdır”, Bakı İstanbul liseyinin şagirdi Ayan Abdullazadə (müəllim: Gülnisə Məmmədzadə) “Milli mədəniyyətimizin inkişafında Heydər Əliyev mərhələsi”, 2 nömrəli Uşaq Gənclər İnkişafı Mərkəzinin şagirdi Məhəmməd Mustafazadə (müəllim Könül Qarəhmədova) “Heydər Əliyev və Azərbaycan gəncliyi”, 317 saylı tam orta məktəbin şagirdi Elay Kərimli (müəllim: Ofeliya Allahverdiyeva) “Heydər Əliyev və ana dilimiz”, 262 saylı tam orta məktəbin şagirdi Zeynəb Əliyeva (müəllim: Xaliq Paşayev) “Heydər Əliyev və idman”, 245 saylı tam orta məktəbin şagirdi Zeynəb Bədəlzadə (müəllim: Məlahət Tağıyeva “Heydər Əliyev və muzeylər” adlı məruzələr ilə çıxış ediblər.

    Sonda seminar iştirakçılarına təşəkkürnamə və sertifikatlar təqdim olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR