Naxçıvanda Şəhidin statusu illərdən sonra alınıb. Azadmedia.az xəbər verir ki, məlumatı araşdırmaçı-jurnalist Məhəmməd Qəribli paylaşıb.
Jurnalistin yazdığına görə Tağıyev Rüstəm Rəşid oğlu 1992-ci ildə Sədərəkdə ”Mil” adlə yüksəklik uğrunda gedən döyüşlərdə şəhid olub. Məzarı Şərur şəhərindəki Şəhidlər Xiyabanındadır. Şəhidlərə aid yazılan bütün kitablarda onun keçdiyi döyüş yolu barədə məlumat var.
Şəhid əslən Şərur rayonunun Qışlaqabbas kəndindəndir. Bugünlərdə şəhidin xatirəsini əziz tutmaq üçün onun şəkillini küçələrdən birinə vurmaq istəyən kənd sakinləri maraqlı hadisə ilə üzləşiblər.
Sözügedən kəndin icra nümayəndəsi bildirib ki, Tağıyev Rüstəm artıq şəhid deyil və bir ildir ki, onun şəhidlik statusu ləğv edilib.
Şəhidin statusu kimlərə verilir, adın alınması hansı halda baş verir?
Sualımıza cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və Kommunikasiya şöbəsinin rəhbəri Fazil Talıbov bildirdi ki, müvafiq qanunvericiliyə əsasən, şəxsin şəhid hesab edilməsi hərbi qulluqçulara münasibətdə hərbi hissənin arayışı və ölüm haqqında şəhadətnamə, itkin düşmə hallarında isə məhkəmə qətnaməsi, mülki vətəndaşa münasibətdə isə rayon (şəhər) yerli icra hakimiyyəti orqanının arayışı əsasında müəyyən olunur.
Yəni, sosial müdafiə orqanı yalnız həmin sənədlər əsasında şəhid hesab edilmiş şəxsin ailə üzvlərinin sosial müdafiə hüquqlarını təmin edir. Sözügedən hadisədən xəbərsiz olduqlarını bildirən ƏƏSMN sözçüsü fakt barədə araşdırma aparıldıqdan sonra məlumat verə biləcəklərini bildirdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.