3 Mart Yazarlar Gününə həsr olunurİki gün idi ki, dilinə bir tikə çörək dəymirdi... Acından lap ürəyi üzülmüşdü. Axırıncı hekayəsini göndərdiyi mətbuat orqanının gallenvagen sürən rəhbəri demişdi ki, hələ redaksiyamızın pulu yoxdur. Olanda 3-5 manat qonorar verərik. O qədər əsəbi evə qayıtmışdı ki, heç çörək pulunun qalmadığına da diqqət etməmişdi. O gələn özünü çarpayının üzərinə atıb necə ağlamışdısa, ağlaya-ağlaya yuxuya getmişdi. Səhəri günü nə qədər etsə də ayağa durmağa halı olmamışdı. Elə çarpıyada uzanıb gözünü tavana zilləyir, həyatda hansı səhvləri və nə üçün etdiyini beynində hesab-kitab edirdi. Ona qalsa, əslində hazırda Azərbaycanın ən imkanlı adamı olmalı idi. Çünki ölkədə hamı onun hekayələrini, povestlərini, romanlarını və bir-birindən maraqlı məqalələrini oxuyurdu. Amma hələ də dilənçi kökündə yaşayırdı. Elə bu dilənçi kökündə yaşayışına görə də sevdiyi qızların hamısı onu tərk etmişdi. Ətrafında ağız açacağı, ac qalmamaq üçün pul istəyəcəyi bir nəfər belə yox idi. Olanlar da onun kimi yazarlar, daha doğrusu, acından ölənlər idi. Bəlkə də bu ölkə heç zaman düzəlməyəcək, bu ölkədən heç vaxt Orxan Pamuk, Xalid Hüseyn çıxmayacaq. Bu ölkənin gəncliyi həmişə Markesi, Kafkanı, Dostoyevskini oxumağa məhkum ediləcək. Özgə mədəniyyətini, ədəbiyyatını öyrənib öz mədəniyyətinə, ədəbiyyatına yad kimi baxacaqlar. Sonra da belə yetişən gənclik get-gedə öz dilimizi unudub ölkədə başqa dillərdə danışacaq. Onsuz da heç kimin heç kimi anlamadığı bir zamanda gələcəkdə daha betər olacaq. O zaman da başqa ölkələrin tarix kitablarında bir zamanlar Azərbaycan adlı bir ölkənin olduğu yazılacaq...
Bu düşüncələrlə xeyli çarpışdı ki, aclığını unutsun. Yatdığı çarpayıda yenidən yuxuya getdi. Bir də onda ayıldı ki, pəncərəndən günəşin şüaları otağı tamamilə işıqlandırıb. Telefonu götürüb saata baxdı. Saat 12-yə işləmişdi. Kirayə qaldığı bomboş mənzilində günəşin şüaları elə gözəl oynayırdı ki, sanki çöldə hər şey ideal idi. Bir anda telefonundakı tarixə baxdı. 3 mart göstərirdi. Artıq iki gündür ki, ac olduğu mədəsinin göynədiyi yadına düşdü. 3 mart nə günü idi, deyə - öz-özünə sual etdi. Tez facebook sosial şəbəkəsini açdı.
Sən demə 3 Mart Beynəlxalq Yazarlar günü imiş. Profili başdan-başa quru təbriklərdən ibarət idi. Kimlər təbrik etmirdi ki, deputatlar, nazir müavinləri, ictimai-xadimlər, müxalifətçilər. Artıq ürəyi üzülürdü, öz-özünə kim dəvət etsə gedib yeyib-içəcəm deyib mesajları, profilini ələk-vələk elədi. Nəinki yeyib-içməyə, heç çay süfrəsinə də dəvət edən yox idi. Bu dəfə möhkəmdən onu təbrik edənləri söydü...
Təəssüflə telefonu kənara atıb, yatmaq, ölüncə yatmaq, daha doğrusu ölmək istədi. Xatırladı ki, sonuncu dəfə ölkədə bir ictimai adam rəhmətə gedəndə onun haqqında necə gözəl sözlər yazmışdılar... Ağlına öz ölümü gəldi. Hamı sosial şəbəkədə onu tərif edəcək statuslar yazacaqdı. Amma heç biri bilməyəcəkdi ki, bu yetim acından ölüb... Bu fikirlərlə gözlərini yumub acından nə zaman öləcəyini gözləmək istədi. Bu dəmdə qapı möhkəm-möhkəm döyülməyə başladı. Əvvəl açmaq istəmədi. Sonra qapıdakı adamın getmədiyini ard-arda möhkəm-möhkəm qapını yenidən döydüyünü görüb ayağa qalxdı, qapını açdıqda gözlərinə inanmadı.
Böyük qardaşı idi. Qapı açılan kimi, üstünə qışqırdı:
- Hardasan? İki gündür zəng edirəm, niyə cavab vermirsən? Yenə nə xariqələr yaradır, mənim bu dahi qardaşım? Əsər yazırdın, ya necə?
Çox soyuq şəkildə, - nə yaxşı gəlmisən, deyə sual etdi.
-Hazırlaş, gedirik!
-Hara?
-Bu gün yazarlar günüdür, mən fəxr edirəm ki, mənim sənin kimi yazar qardaşım var. Gedirik yeyib-içməyə. Bunu qeyd etməyə...
Qardaşını uzun-uzadı süzdü. Birdən qucaqlayıb ağlamağa başladı.
-Bağışla, bağışla məni qardaş. Öldü! Sənin yazar qardaşın öldü! Təəssüf edirəm, indiyə qədər səni eşitmədiyimə görə, səni dinləmədiyimə görə məni bağışla. Daha sənin qarşında Nobel mükafatı almağa iddialı qardaşın yoxdur. Bir tikə çörək üçün, əzilən, əyilən, hər deyiləni qəbul edən qardaşın var. Sənin yazar qardaşın bu dünyaya vida etdi... İndi onun tabutunu məzara endirirlər...
Qardaşı əvvəlcə tərəddüd və təəccüblə onun dəli olduğunu, sonra da nə demək istədiyimi anlamağa çalışdı. Birdən rəngi qaçdı. Onu doladığını zənn etdi... Yazar qardaşını özündən kənara itələyib, elə sənə nə olur, yaxşı olur, deyib, qapını möhkəm çırpıb, güldiyi kimi də yox oldu...
Elmar Hüseynov