Balaşirin Ağamirzəoğlu
(Hekayə)
Vurğun evin ən kiçiyi idi, cəmi 6 yaşı vardı.
Atası Zahid kişi el-obada halal zəhməti ilə dolanan tanınmış bənna idi. Gözünün ağı-qarası bircə oğlunu – Vurğunu və iki qızını - Səlimə və Səlmiyyəni arxa-dayaq sayırdı. Hər dəfə evdən çıxanda yatağında mışıl-mışıl yatan Vurğunu gizlicə öpüb doyunca nəzərdən keçirər, sonra yola düşərdi. Ayaqqabılarını geyinib fəhlə çantasını əlinə alanda həyat yoldaşını və qızlarını çağırıb:
- Vurğuna yaxşı baxın, - deyərdi.
Zahid kişi fiziki cəhətdən də çox sağlam idi. Daş yonmaqdan, dağ havası udmaqdan bədəni daş kimi möhkəmlənmişdi. O həm də yurda bağlı adam idi. İstəyirdi ki, oğlu da böyüyüb el-obaya layiqli, faydalı bir insan olsun.
Hər dəfə evə qayıdanda fəhlə paltarını soyunmamış Vurğunu qapıya çağırar, onunla əsil kişi kimi görüşər, çiyninə vurub: "İgid böyü, mərd ol”, - deyərdi.
...Bir gün Zahid kişi işdən evə qayıdanda həyətdə vahiməli bir sükutla qarşılaşdı. Elə bil bu evdə kimsə yaşamırdı, hər kəs köçüb getmişdi. Həyətə girəndə həyətdə həmişəki ab-havanı görməyən və səs-küyü eşitməyəndə hal-əhvalı dəyişdi:
"Vurğun, Vurğun”, - deyə çağırdı.
Səsinə nə Vurğun, nə həmişə Vurğunun sağ-solunda duran Səlimə və Səlmiyyə , nə də həyat yoldaşı Gülzar səs verdi. Tələsik çiynindəki baltanı və digər alətləri olan ağır çantanı yerə atıb çox təmiz, səliqəli, iki otaqdan ibarət kasıb evin eyvanina qalxdı. İcəridən televizorun səsi gəlirdi. Televizor köhnə olduğundan səsi xırıltılı eşidilirdi. Zahid kişi içəri girib hamının diqqətlə xəbərlərə baxdığını gördu.
O, gözlərinə inanmadı; cəbhədə ağır döyüşlər gedirdi, Xocalı şəhəri darmadağın edilmiş, günahsız insanlara divan tutulmuşdu. Qar üzərində qoca və körpələrin cəsədləri qalmışdı. Bu dəhşətli mənzərəni seyr edən Gülzarın, Səlimə və Səlmiyyənin göz yaşları ara vermirdi. Balaca Vurğun da onlara baxıb ağlayırdı. Zahid kişi özü də kövrəlmişdi. Amma bunu büruzə vermir, uşaqlarına təsəlli verməyə çalışırdı. Onun daş kimi bədənini tər-su basmışdı. Yenə də əvvəlkitək Vurğunu bağrına basıb: ”Kişi ol”, - dedi.
Bu anda Vurğun atasının boynuna sarılıb: ”Ata, mən əsgər olmaq istəyirəm. Onların avtomatı var. Mənim də avtomatım olacaq, ata mənə də avtomat al, mən də düşmənləri vurum”, - deyə hönkürdü.
Özünü ailəsinin yanında dözümlü aparmağa çalışan Zahid bu sözlərdən necə sarsıldısa, özüdən asılı olmadan göz yaşları oğlunun alnına töküldü.
- Oğlum, hər şeyin vaxtı var. Vaxt olacaq sənin də avtomatın olacaq. Ancaq mən istəmirəm ki, sənin avtomatın olsun, kimisə özünə düşmən sayıb güllələyəsən. Mən istəyirəm, savadın olsun. Özünü bu amansız düşmənlərə savadınla sübüt edəsən, - Zahid kişi dedi.
Bu anda Ali Baş Komandanın ölkədə matəm gününün elan olunması ilə bağlı sərəncamı oxundu. Ailə bir anlığa sükuta qərq oldu.
Gülzar oğlunun başını sığallayıb dedi:
- Oğlum, xalqımız bu qanı yerdə qoymayacaq. Son damla qanını verəcək, ancaq bu şəhidlərin qanı yerdə qalmayacaq.
İllər keçdi, Zahid kişi həmişə olduğu kimi öz həyat tərzini davam edir, ailə-uşaqlarına baxır, yalnız və yalnız bir arzu və amalla yaşayır ki, Vurğunun toyunu görsun, o ali təhsil alsın, qızları xoşbəxt olsunlar.
Vurğun artıq 10-cu sinifdə oxuyurdu. Dərslərinə çox yaxşı hazırlaşır, vaxtının çoxunu tarix və coğrafiya dərslərinə sərf edirdi. Bir dəfə müəllim ondan soruşdu:
- Vurğun, niyə daha çox tarix və coğrafiyaya fənlərinə meyl göstərirsən?
- Müəllim, düşmənə qalib gəlmək üçün iti qılıncım olmalıdır.
Buraxılış və ali məktəbə qəbul imtahanlarından uğurla keçən Vurğun tələbə adını qazandı. O artıq tələbədir. Universitetin tarix fakültəsində oxuyur.
Cəbhədə atəşkəs elan olunmasına baxmayaraq, "saman altından su yeridən” düşmənlərimiz torpaqlarımızdan əl çəkmirdi. Tez-tez atəşkəsi pozur, kəndlərimizi atəşə tuturdular. Bu atışmalar zamanı xalqımız şəhidlər verir, ana və gəlinlərimizin qəlbinə çalın-çarpaz dağ çəkirdilər.
Vurğun bütün bunlara dözmur, tələbə gəncləri başına toplayıb, təbliğat aparır, planlar cızır, universitetin müəllim və professor heyətilə görüşür, məsləhətlər alırdı. Amma hər dəfə eyni cavabı alırdı: hər şeyin vaxtı var. Axı o, hələ 5 yaşında ikən atası Zahid kişidən bu cavabı almışdı.
Zahid kişinin isə öz arzuları vardı; oğlu Universiteti bitirəcək, ona sevdiyi bir qızı alacaq, nəvəsi olacaq, nəvəsi ilə gəzintiyə çıxacaq və s.
Zahid bir gün işdən evə qayıdanda Gülzarı çox şən gördu. Kefi açılan Zahid heç nə soruşmadan içəri keçdi, paltarını dəyişdi. Səlimə ilə Səlmiyyənin üzündən təbəssüm yağırdı...
Vaxtilə qaynatası tərəfindən onlara cehiz olaraq verilən əldə toxunan kilim bu kasıb ailənin qonaq otağı kimi saydığı otaqda yerə sərilmişdi. Kilim balaca olduğundan otağın döşəməsini tam örtməmişdi. Meşə ağaclarından çəkilmiş döşəmə taxtaları xeyli aralanmışdı. Açıq qalmış yer isə kisə materialından tikilmiş bir örtüklə örtülmüşdü. Hiss basmış tavan elə yuyulmuşdu ki, sanki təmizlənmiş taxtalara qara rənglə naxış salınmışdı. Həyətdə heyva ağaçının altında Zahid kişinin həmişə oturduğu yerdə samavar pıkhapıkla qaynayırdı.
Ömründə birinci dəfə belə hazırlığı və ailə sevincini görən Zahid həyətdəki kötüyün üstündə oturub Gülzarı yanına çağırdı:
- Yaxın gəl görək. Nə olub?
Gülzar gülümsündü və içindəki hissləri boğa bilmədiyindən dərhal söhbətə başladı:
- Ay kişi, bilirsən, bu gün Səlimə üçün elçi gəlir.
- Arvad, de görək kimdir, kimlərdəndir, qızı hardan tanıyır?
- Qonşumuz Səttar kişinin baldızı nəvəsidir. Bakıda olur. Yaxşı ev-eşikləri var, imkanlı ailədəndirlər. Deyirəm, nə yaxşı oldu , biz də gedib Bakını görərik. Bu anda Gülzar qızarmış üzünü əli ilə örtdü və gülümsədi.
- Gülzar, qonşu nə əcəb bizim qıza elçi düşüb? Şəhərdə qızmı azdır?
- Zahid, biz indiyə qədər kimin toyuğuna kiş demişik. Qızlarım da ki ay parçasıdır. Həm də onlar bilirlər ki, oğlumuz sabah ali təhsil alıb prokuror ola bilər. Ona görə də qızımıza elçi düşüblər.
Bu anda Gülzar xanımın diqqəti uzaqdan gələn xarici maşına yönəldi. Maşın yavaşca içəri girdi. Zahid kişi qonaqlarla bir-bir görüşüb evə dəvət etdi. Maşından düşən və saçı yenicə ağarmağa başlayan, üzündən nur yağan qonaq ayaq saxladı.
O bir daha Zahidi başdan ayağa süzdü və qəfil qucaqladı:
- Sən Zahid Əmənov deyilsən?
- Bəli, mənəm.
Qonaq onu bir daha qucaqlayıb öpdü:
- Sən mənim əsgərlik yoldaşım Zahid Əmənovsan.
Zahid kişi yerində donub qaldı. Bu səs ona çox doğma və və yaxın idi. Yadına sala bilmirdi ki, bu səs kimin səsidir? Birdən diksindi: bu səs Yaqubun səsi idi.
- Mənəm Zahid , Yaqub, Lelinqradda hərbi xidmətdə olan Yaqub.
Onlar, "Zahid , Yaqub”, - deyə bir daha qucaqlaşdılar.
***
Yeni qohumlar arasındakı söhbət uğurlu nəticələndi.
Səliməyə nişan, sonra isə toy elədilər. Toyda ən çox oynayan isə Səlmiyyə və Vurğun idi. Vurğun da toyda bir qızla vuruldu. Qız qonşu kənddən gəlmişdi. Məlum oldu ki, kəndə qonaq gəliblər, özləri isə şəhərdə yaşayırlar.
Təbiətin ən gözəl və füsunkar bir yerində olan bu toyun səsi dağ ətəyindəki zümrüd meşələrə yayılaraq əks-səda verirdi. Toyda oxuyan orta yaşlı xanəndənin zümzüməsi məclisə xüsusi yaraşıq verirdi. Heç ömründə oynamağı xoşlamayan hər kəs burada, bu məclisdə qol-qanad açıb oynamaq istəyirdi. Gənc qız və oğlanlar rəqsləri, ahıl və ağsaqqallar isə xeyir-duaları qonaqlara xoş ovqat bəxş edirdilər.
Kənddə böyüyüb tərbiyə alan, lakin gözəl boy buxunu, xüsusi davranışı ilə fərqlənən Vurğun məclisdə daha çox gözə çarpır və onun qabağında naz qəmzə ilə süzən qızların diqqətini cəlb edirdi. Donu topuğuna qədər uzanan, nisbətən sarışın, qaraqaşlı qız Vurğuna sanki gəl-gəl deyir, onu rəqsə dəvət edirdi. Vurğun isə çox utancaqdı. Cürət edib ona yaxınlaşa bilmirdi. Amma bir-birinə qeyri-ixtiyarı sataşıb aşiq olan gözlərdə məna çox dərin idi. Toy sona çatmaq üzrə idi, artıq qonaqlar dağılışır, amma özlərindən xəbərsiz aşiqlər az qala Allaha yalvarırdılar ki, vaxtı saxlasın, məclis davam etsin...
***
...Nəhayət, ”Vağzalı” çalındı. Artıq gəlin toyxanadan musiqi sədası ilə evə yola salınırdı. İndi hamının, xüsusən də cavanların diqqəti gəlində idi. Çünki hamı onun kimi "Vağzalı” havası ilə toyxanadan, evindən ayrılmaq istəyir. Əslində, "Vağzalı” sözünün mənası elə "ayrılıq" deməkdir. Bu ayrılıq isə xoşməramlıdır, ata evindən yeni evə, yeni ocağa getmək, yol ayrıcıdır...
Vurğun bacısının qolundan yapışıb ağır addımlarla irəliləyirdi. İrəlilədikcə fikri bacısının sağı ilə qəmli-qəmli nəzərlərlə gəlin qıza həsrətlə baxan uzundonlu, adını bilmədiyi gözəl xanımda idi.
Bəli, toy sona çatdı, hamı evinə dağılışdı. Vurğun axırıncı qonağı da yola salıb evə qayıtdı. Artıq yatmaq vaxtı idi deyə yerinə uzandı, amma gözünə yuxu getmədi. İndi onu bu suallar düşündürürdü: Görəsən, o qız kim idi? Adı nə idi? O, məni sevə bilərmi? Axı o, imkanlı bir ailədən olana oxşayırdı. Onun oturduğu maşın atasının idimi? Yox, yox mən onların tayı deyiləm. Mən bənna Zahidin oğluyam. Onlar Bakıda, şəhərdə yaşayanlardır. Nə atam, nə anam bir dəfə də olsun Bakını görüblər. O, mənim hansı günümə aşiq ola bilər? Birdən o, saata baxır. Artıq saat 5-dir.
Vurğun həyətə düşdü. Həyətdəki odun kötüklərinin birinin ustunun tozun silib oturmaq istədi. Samavara əl vurdu. Soyumaq üzrə idi. Samavarın közünü qarışdırdı. Çay dəmləyib içdi. Toy qab-qacağı hələ də yığışdırılmadığından hər şey həyətdə idi. Bu anda söyüd ağacının lap axırıncı budağında ən yüksək yerdə oturan bir quşun oxumağını eşitdi. Oxuyan bülbül idi. Dünən cəh-cəh vuran xanəndənin səsi bu gun bülbülün səsi ilə əvəz olunmuşdu. Onların oxumağında isə bir fərq var idi. Xanəndənin ətrafı çox geniş idi. İnsanların dost-tanışı, qohum-əqrəbanı yığmışdı başına .Bülbülsə tənha idi. Səsi isə çox məlahətli idi. Sanki zümzüməsi ilə Vurğuna deyirdi ki, tənhalıq bir şey deyil. Mən tənha olduğum üçün ağacın başında oturmuşam ki, uzaqdan gələn düşməni görüm, ayıq olum. Sənin ətrafınsa genişdir, darıxma, hər şey yaxşı olar. Dərin fikrə getmiş Vurğunu anasının səsi oyatdı:
- Nə tez durmusan, oğlum? Həyət-bacanı yığışdırmaq üçünmü, - deyə sevincinin həddi –hüdudu olmayan Gülzar oğluna yaxınlaşıb onu qucaqladı.
- Bəli, ana, həyətdə qarışıqlıqdır. Düşündüm ki, vaxtında qaydasına salmaq lazımdır. Bu gün mən Səlimə üçün nə iş görürəmsə , sabah da o, mənim üçün görər.
İçəridən, - qardaşımın toyunda bax belə suzərəm, - deyib oynaya-oynaya çıxan Səlimə və Səlmiyyə Vurğunu qucaqlayıb öpdülər...
Vurğun hələ də fikirdən ayıla bilmirdi. O, Səliməni kənara çəkib vurulduğu qız barədə bəzi şeylər öyrəndi. Adı Nigar idi. Özü də Tibb Universitetini bitirmişdi. Vurğun Səlimədən onu Nigarla görüşdürməyini xahiş etdi. Elə həmin gün də görüşdülər. İlk görüşləri beləcə baş tutdu. Əlində, bu görüş Nigarın da ürəyincə idi. O da axşam səhərə qədər yata bilməmişdi...
***
Artıq Vurğun universiteti bitirmişdi, ali təhsilli idi. Nişanlanıb hərbi xidmətə getmək istəyirdi. Ürəyindəki sirləri bacısı Səlmiyyəyə danışdı. Valideynlərini Nigara elçi getmək üçün razı sala bildi. Tez Nigara zəng elədi. Nigar da etiraz etmədi. Amma Vurğun o evə, o həyətə getməyə çəkinirdi. Çunki bir neçə dəfə Nigarla görüşə getmişdi. Bilirdi ki, bu cür var-dövləti olan bir ailə onları bəyənməyəcək. Çox götür-qoydan sonra baqcısı Səlmiyyəni və ata-anasını götürüb qızmar bir yay günü Bakıya yola düşdülər. Bakıda onları Vurğunun dayısı Səməd kişi qarşıladı. Birbaşa Nigargilə getdilər. Həyətə girəndə isə Nigarı görə bilmədilər. Onları Nigarın anası Sərfinaz xanım qarşıladı. Nigarın atası Məmmədağa kişi isə çox zəhmli və əsəbi görünürdü. Nazirlikdə böyük vəzifə tuturdu. Sufrəyə çay gətirdilər. Vurğunun dayısı Səməd kişi gəlişlərinin səbəbini açıqladı. Stolun bir tərəfində kunc tərəfdə oturan Vurğunun rəngi qaçmışdı. Ağıllı, düşüncəli, savadlı və böyük dünyagörüşlü bu gəncin keçirtdiyi bütün istirab və əziyyətlər üzündən oxunurdu. Məsələnin onsuz da belə olacağını qabaqcadan fikirləşmişdi.
Səməd kişi ortadakı sükutu qaldırması üçün söhbətə başladı:
- Məmmədağa müəllim, bilirik ki, bu, çox çətin məsələdir, amma belə bir deyim var: "Xeyri Allah verir”. Oğlumuz qızınıza vurulub, onlar bir-birini sevirlər. Biz qızınıza elçi gəlmişik.
Məmmədağa kişi elə bil yuxudan ayıldı:
- Sən nə danışırsan, mənim qızım elə olub ki, mənim xəbərim olmadan kimisə sevir? Yox, bu mümkün deyil. Sizə verəsi qızım yoxdur. Üzbəüz otağın aralı qalmış qapısından görünən Nigar isə hönkür-hönkür ağlıyırdı. O, atasının necə davranacağını əvvlcədən bilirdi. Ona görə Vurğuna mesaj yazdı: "Darıxma Vurğun, darıxma, hər şey yaxşı olar”.
Səməd kişi Məmmədağa müəllimin cavabından bir o qədər narazı qalmasa da, davranış və baxışından çox əsəbləşdi.Əsəblərini boğdu və üzünü ona tutub dedi:
- Məmmədağa müəllim, insan maddi cəhətdən kasıb ola bilər, bu, təbiidir. İnsan mənəvi cəhətdən kasıb olmamalıdır.
Səməd bunu deyib ayağa durdu. Vurğungil də ayağa qalxdılar. Məmmədağa onları qapıya qədər belə ötürmədi. Elçilər kor-peşman həyəti tərk etdilər.
Kəndə qayıdan kimi Vurğun hərbi xidmətə hazırlaşdı. Artıq dost-tanış onu yola salmağa yığışmışdı. Yenə heyva ağacının altında samavar və qazanlar qaynayırdı. Vurğun isə arada kənara çəkilib kiminləsə telefonla danışır və yenidən məclisə qayıdırdı.
Yola düşəndə atasının ona dediyi bir söz yadına düşdü: ”Mən istəmirəm ki, sənin avtomatın olsun, kimisə onunla vurasan. Mən istəyirəm ki, savadın, biliyin olsun. Ən kəsərli silah elmdir”.
Vaxtilə deyilmiş, o sözlər Vurğunun gözü önündən kino lenti kimi gəlib keçdi. Atasını qucaqlayıb: "Ata, darıxma, biliyim var, iki gündən sonra isə avtomatım, tankım-topum da olar. Ata, yadındadırmı hələ mən uşaq ikən erməni dığalarının xalqımızın başına gətirdiyi oyunlar - Xocalıda törədilmiş qırğınlar, Dağlıq Qarabağ və Qarabağ ətrafı rayonlar? Bax həmin vaxtdan 23 il ötüb. Mən bu günü gözləyirdim. Tezliklə o torpaqları geri alıb, onların ayaq izlərini oradan siləcəyik”, - deyib yola düşdü.
Vurğun "N” saylı hərbi hissənin artleriya bölüyündə xidmət edirdi. Qısa bir vaxtda davranış və savadı ilə zabit və əsgər heyətinin hörmətini qazana bilmişdi. Hər dəfə evdəkilərlə əlaqə saxlayanda mütləq idi ki, ordumuzun qüdrətindən danışsın. Amma Nigarı da yaddan çıxarmır, onunla maraqlanmağı tapşırırdı. Özü də fürsət tapan kimi Nigarla danışar, təsəlli verərdi. Xahiş edərdi ki, Məmmədağa müəllimdən razılıq alsın.
Məmmədağa müəllimin də bircə qızı var idi. Çox istəyirdi onu. Heç bir sözündən çıxmazdı.
Bir gün Nigarı yanına çağırıb son günlərdə qəmli görünməsinin səbəbini soruşdu. Nigar təmkində anasına oxşuyurdu. Vaxtilə anasının da sevdiyi oğlana verilmədiyindən xəbərdar idi. Atası məmur oğlu olduğundan anasını ona babası Səlim kişi vermişdi. Ona görə də onlar bir-biri ilə uzun müddət yola getməmişdilər. Yaş ötəndən sonra Sərfinaz xanım hər şey artıq gecdir deyə heç nəyə əhəmiyyət vermirdi.
Atasının sualına cavab vermək istəmədi. Ata bir daha soruşdu:
- Qızım, sualıma niyə cavab vermirsən? Sənə nə olub belə?
Nigar atasını bir daha təpədən dırnaqacan süzdü və cavab verdi
- Ata , desəm də xeyri olmayacaq. Bəlkə, heç deməyim?
Atası onu deməyə məcbur etdi. De, qızım de, bir də məni yoxla. Nigarın qara bəbəkləri həyacanda par-par parıldayır. Qəlbi Vurğunun eşqi ilə çırpına-çırpına dedi:
- Ata, guya bilmirsən niyə?
- Xeyir, qızım, bilmirəm.
- Ata, məhəbbətin nə olduğunu bilirsən?
Məmmədağa müəllim heç vaxt eşitmədiyi və könlündən belə keçirtmədiyi bir sözü eşidəndə təəccüblə qızına baxıb soruşdu:
- Qızım bu nə sualdır?
- Ata, çünki sən onu yaşamamısan. Səninçun vəzifə, var-dövlət həmişə önəmli olub. Ona görə də məni başa düşmədin.
Məmmədağa müəllim hər şeyi anladı. Bir qədər fikrə gedəndən sonra, - Yox, qızım yox, onlar bizim tayımız deyil. Buna görə məndən inciməyə dəyməz. Axı sən mənim ağıllı qızımsan, - deyib evdən çıxıb harasa getdi.
***
Bir gecə atəşkəs yenə də qəfil pozuldu. Düşmən növbəti təxribata əl atmışdı. Gecə başlanan qəfil hücum zamanı bir neçə əsgərimiz şəhid olmuşdu. Amma ordumuz xain düşmənə layiqli cavab verir, onun bütün atəş nöqtələrini darmadağın edirdi. Vurğunun xidmət etdiyi hərbi hissə lap öndə idi. Onun olduğu artleriya bölüyü isə düşmənin bir neçə hərbi obyektini sıradan çıxarmışdı. Düşmən müqavimət göstərə-göstərə geri çəkilirdi.
Vurğun atəşin kəsildiyi qısa bir vaxtdan istifadə edib komandirin telefonunu alıb Nigara zəng etməyi xahiş etdi:
- Darıxma, Nigar! Hər şey yaxşıdır, özündən müğayat ol, - deyib telefonu komandirə verdi və gözləri doldu.
- Sağ ol komandir, indi daha yaxşı döyüşə bilərəm, - dedi.
Saçı gicgahlardan ağaran orta yaşlı komandir Vurğunu bağrına basıb sakit bir səslə soruşdu:
- Kiminlə danışdın, əsgər?
Utancaq Vurğunun soyuqdan qızarmış yanaqları daha da qızardı və başını aşağı salıb dinmədi.
Komandir:
- Narahat olma əsgər , hər şey yaxşı olar, amma gərək qızı narahat etməyəydin.
Bu zaman təqribən 25 metr uzaqlıqda düşən mərmi bir neçə əsgərin həyatına son qoydu. Komandir və Vurğun özlərini yaralılara çatdırdı. 3 ay öncə gələn Seymur adlı əsgərin vəziyyəti çox ağır idi. Bir ayağını dizdən aşağı itirmişdi. Onu çəkib həkimə çatdırmaq lazım idi. Düşmən güllələri yağış kimi yağdırırdı. Komandir 10-15 dəqiqə əvvəl lap öndə vuruşmağa söz verən Vurğun özünü səngərdən Seymurun üstünə atdı. Səngərə yarım metr qalmış vəhşi düşmən Vurğunun qolundan yaraladı. Lakin Seymurun yarası isti olduğundan ağrını az hiss etdi və Seymuru səngərə çəkdi.
Vurğunun yarası yüngül olduğundan bir müddətdən sonra yenə düşmənlə üz-üzə durmağa ön xəttə getdi. Yaralı olan anda belə ata-anasına, bacılarına və Nigara hər şey yaxşıdır, nisbi sakitçilikdir - deyərdi...
***
Nigar Hərbi Hospitala yaxın bir özəl klinikada həkim işləyirdi. Rəfiqəsi Hərbi Hospitalda işlədiyi üçün orada yatan əsgər və zabitlərin vəziyyətindən hali idi. Gecə-gündüz Vurğun onun gözlərinin önündə idi. Hərdən Səlmiyyə ona zəng edəndə telefona xəbər gözləyən kimi həyacanlı cavab verərdi. Atasının "yox” cavabı da onu çox narahat edirdi. Amma təsəlli verirdi ki, Vurğunun gəlməyinə lap az qalıb, cəmi 87, 86, 85... gün . Ay sözünü dilinə gətirmirdi. Çünki ay sözü ona ağır gəlirdi. İş otağında rəqəmləri böyük və qırmızı rəngləri kəsib divardakı təqvimə yapışdırırdı. Hər gün isə gələn kimi təcili olaraq rəqəmləri dəyişirdi.
Zahid kişi və Gülzar isə hər gün televizorun qabağında oturub son xəbərlərə qulaq asır, mart ayını səbirsizliklə gözləyirdilər. Axı Vurğun aprel ayının 2-də hərbi xidmətə yola salınmışdı.
Cəbhədə isə bir neçə gün idi ki, qızğın döyüşlər davam edirdi. Heç kəs artıq atəşkəsin bərpa olunacağını gözləmirdi. Düşmən də kəndləri bir-bir boşaldıb qaçırdı. Çoxsaylı texnikasını qoyub qaçan düşmən ordusu xeyli də insan itkisi vermişdi.
Vurğun isə döyüşdə göstərdiyi rəşadətə görə artıq bölük komandirinin müavini idi.
***
Soyuq yanvar ayının ilk günləri idi. Düşmən iriçaplı silahlarla yenidən hücuma keçərək, aldığı ağır zərbənin və məğlubiyyətin qisasını almaq, itirdiyi əraziləri geri almaq istəyirdi. Ordumuz isə 1991-1992-ci ilin ordusu deyil. Artıq düşmənə ağır zərbələr endirirdi.
Ali Baş Komandan və müdafiə naziri də tez-tez cəbhə bölgəsində baş çəkir, əsgər və zabitlərlə maraqlanır və onları ruhlandırırdılar. Vurğun isə verdiyi bir vədə əməl etmək istəyirdi; axı evdən çıxanda atasına söz vermişdi ki, tezliklə düşmənləri torpaqlarımızdan təmizləyəcək və Xocalının qanı yerdə qalmayacaq.
Maraqlı bir faktı bütün əsgər və zabit heyəti gözləri ilə demək olar ki, hər gün görsələr də, ona heç bir reaksiya verməyiblər. Çoban ordumuzun yerləşdiyi sahədə hər gün qoyun otarırdı, lakin heç kəsin ağlına belə gəlmirdi ki, Azərbaycan xalqının öz oğullarından biri ona xəyanət edə bilər.
Ermənilər yenə artleriyadan atəş açırdılar. Gecə saat 400-dan atəş səsləri daha da artdı. Ordumuz əks hücuma keçdi. Səhər saat 930a kimi qızğın döyüşlər davam etdi. Birdən düşmənin atdığı mərmilərdən biri Vurğunun idarə etdiyi özüyeriyən topun yerləşdiyi yerə düşdü. Bir neçə əsgər və zabitimiz şəhid oldu. Vurğun ölümcül yaralandı. Hamı onu ölü bildi deyə öluxanaya apardılar. Ara sakitləşəndən sonra hərbi hissə komandiri yenidən darmadağın olan yerə baş çəkdi. Çobanın yenə həmin yerdə qoyun otardığını görüb onun necə sağ-salamat qalmasından şübhələndi. Komandir çobanı yanına çağırıb üstünü yoxladı. Cibindən lap bir bahalı telefon tapdı. Telefonda isə ermənilərə ötürülmüş məlumatlar...
Çobanı sürüyə-sürüyə əsgərlərin yanına apardı. Artıq hər yerə xəbər yayıldı ki, Vurğun da şəhid olub.
Vurğun isə ölülərin içində ağlı başına gələndən sonra zarıldayırdı : Ana, Nigar! Bu anda əsgərlərdən biri səsi eşidib təcili tibb məntəqəsinə məlumat verir. Vurğunu Bakı şəhərinə Hərbi Hospitala gətirirlər. Həkimlər onu müayinədən keçirəndən sonra vəziyyətinin çox ağır olduğunu bildirirlər. Artıq evlərinə də məlumat verilmişdi. Ata-anası, bacıları hospitalda idilər. Lakin hamının ümidi ondan kəsilmişdi.
Artıq onun evə aparılması tələb olunurdu. Bu arada onu müalicə edən həkim Vurğunun bacısı Səlmiyyəyə yaxınlaşıb dedi:
- Qızım, xəstənin yarası olduqca ağırdır. Yarasını sağaltmaq, bəlkə də, mümkündür, amma onun başqa bir dərdi var. Onda özünəinam yoxdur. O, zarıldayanda "Nigar” deyə çağırır. Kimdir, bu Nigar, sənsən?
Səlmiyyə sanki yuxudan ayılmış kimi, "xeyir, xeyir” – deyə çığırdı və dəhlizin küncünə qısılaraq kiməsə zəng etdi. Aradan 5-10 dəqiqə keçmədi ki, Nigar ağlaya-ağlaya içəri girib "Vurğun, Vurğun”, - deyə hönkürdü. Səlmiyyə, Zahid kişi və Gülzar - hamı Nigara yaxınlaşıb onu qucaqladılar.
Nigar özünü Vurğunun yatdığı palataya atdı. Onu qucaqlayanda nəfəs aldığını gördü və gözləri bərəldi. Nigarın göz yaşları onun sayılmış yanaqlarına töküləndə Vurğun inildiyə-inildiyə: "Nigar, Nigar”, - deyə zarıdı.
Bu anda Nigar bərkdən qışqırdı:
- O, sağdır, o yaşayır, o danışır, - deyə havalanmış kimi ətrafa boylandı.
Bu zaman Zahid kişi, ağlaya-ağlaya Nigarın sarımtıl saçlarını sığallaya-sığallaya: "Bəli, qızım, o, sağdır”, - dedi.
Nigar əlini Vurğunun alnına qoydu:
- Burdayam, əzizim.
Vurğun gözlərini açdı. Artıq onun gözlərində ümid parıltısı vardı.
- Qorxma, Nigar, - deyə gülümsündü.
Bu anda Nigarın atası ilə anası da içəri girdilər. Onlar Zahid kişiyə yaxınlaşıb dinməzcə yanında durdular. İki ay idi ki, Məmmədağa müəllim də vəzifədən çıxarılmışdı. O, hiss edirdi ki, bu dəli sevdanın seli qarşısında dağ belə tab gətirə bilməz...
Artıq Vurğunun başının üstünü onu bir an belə tərk etməyən həkimi – Nigar almışdı. Bir əli Vurğunun saçlarında, bir əli isə əlində idi...
Zahid kişi də, Gülzar da, Səlmiyyə də kövrəlmişdilər. Onlar Nigarı qucaqlayıb sevincindən ağlayırdılar...