"Azərbaycan" qəzetindəki "Riyakarlıq"
"Azərbaycan" qəzeti Azərbaycan dövlətinin rəsmi qəzetidir. Hər il dövlətdən bu qəzet üçün yüzminlərlə pul ayrılır. Amma ölkənin bir nömrəli qəzeti tapşırılıb bir qoca yaltağa. O da qəzetin ilk səhifəsində yaltaqlığın dozasını o qədər şişirdib ki, ölkə siyasətində öz naqis ağlı ilə cinsi ayrıseçkilik edib. "Prezident İlham Əliyev qadın siyasətinin mükəmməl nümunəsini yaradıb", "Dünyanı mehribanlıq (Mehriban Əliyeva nəzərdə tutulur?) xilas edəcək kimi yazılarla, əslində ölkəni beynəlxalq səviyyədə biabır etməklə məşğuldur.
Əgər bu ölkənin sadə vətəndaşı olaraq, mən yazılanlardan bu nəticəyə gəlirəmsə, Azərbaycanın ictimai-siyasi həyatını hər gün ələk-vələk edib, Avropa Şurası üçün hesabat hazırlayanlar görün hesabatlarında nə yazacaqlar? Məncə heç uzağa getməklərinə də ehtiyac yoxdur. Qəzetin ilk səhifəsində Bəxtiyar Sadıqov bu başlığı tapıb qoyub.
Onun bu gün gördüyü iş jurnalistlik, jurnalistikaya xidmət yox, qısaca desək qəzetin başlıqlarından biri olan "Riyakarlıq"dır.
Bəs bu ölkənin mətbuatına nəzarət edənlər hara baxır? Yoxsa bu riyakarlıq onların da xoşuna gəlir?
Hər cürə yaltaqlığı sevən, riyakarlığa göz yumub, tənqidi görmək istəməyənlər üçün bəlkə də bu adi hal alıb. Yoxsa sabah beynəlxalq QHT-lərin Azərbaycanda jurnalistikanın vəziyyəti, inkişafı və gələcək problemlərinə dair hesabat hazırlamaq üçün mənbə axtarışlarında bundan gözəl nümunə ola bilməz!
Öz gözündə tiri görməyənlər isə bizə qarşı qərəzli münasibət sərgilənir deyə, saçlarını yolacaqlar!
Elmar Hüseynov
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.