Qərbi Azərbaycan ictimaiyyəti Ermənistandan qovulmuş azərbaycanlıların geri qaytarılması ilə bağlı aparılan danışıqlarla bağlı İrəvandan cavab gözləyir. Bu barədə Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərlinin bəyanatında deyilir.
"Biz Azərbaycan hökumətinin Azərbaycanın Qarabağ bölgəsinin erməni əhalisinə reinteqrasiya ilə bağlı təmasların davam etdirilməsi, habelə Qarabağda infrastruktur layihələrinin həyata keçirilməsini müzakirə etmək üçün görüş keçirmək üçün geniş dəvətini alqışlayırıq. Sülhə gedən yol və regionda təhlükəsizlik dialoq, barışıq və reinteqrasiyadan keçir.
Eyni mənada ümid edirik ki, Ermənistan hökuməti Ermənistandan qovulmuş azərbaycanlıların geri qaytarılması ilə bağlı bizimlə danışıqlara başlamaq təşəbbüsümüzə cavab verəcək.
Qərbi Azərbaycan icması olaraq bir neçə gün əvvəl biz də Ermənistanın baş naziri Nikol Paşinyana məktub göndərərək, Ermənistan hökumətini evlərimizə təhlükəsiz və ləyaqətli qayıtmaq hüququmuzu təmin etmək üçün bizimlə dialoqa başlamağa çağırdıq.
Biz gözləyirik ki, Ermənistan rəhbərliyi bizim məktubumuza cavab verəcək və danışıqların başlanması üçün təkliflər verəcək. Bizim danışıqlar platformamız fundamental insan hüquqlarına, beynəlxalq humanitar hüquqa və reinteqrasiyaya əsaslanır.
Xarakterikdir ki, həm Azərbaycanda yaşayan ermənilər, həm də Ermənistandan qovulmuş azərbaycanlılarla bağlı məsələlər üzrə dialoqun başlanmasının təşəbbüskarı müvafiq olaraq Azərbaycan Dövləti və Qərbi Azərbaycan İcmasıdır. Ümid edirik ki, erməni tərəfi öz “etnik uyğunsuzluq” yanaşmasından əl çəkəcək və etnik müxtəliflik, tolerantlıq və multikulturalizm kimi nəcib dəyərlərə əsaslanan addımlar atacaq”, - deyə bəyanatda bildirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.