Dahi şairimiz Məhəmmədhüseyn Şəhriyarın xatirəsinə həsr olunan internet səhifəsi üzərində işlər yekunlaşıb
Azadmedia.az xəbər verir ki, bu barədə saytın təsisçisi, tanınmış jurnalist Fərid Azəri məlumat verib. O, bildirib ki, layihənin hazırlanmasına 10 ildən artıq vaxt sərf edib:
“Saytın yaradılması istiqamətində iş 2012-ci ildən başlayıb. Toplanan materiallar əvvəlcə “Facebook” sosial şəbəkəsindəki səhifədə paylaşıldı və böyük maraqla qarşılandı. Növbəti mərhələdə isə tanınmış azərbaycanlı iş adamı Mübariz Mənsimovun bilavasitə dəstəyilə internet saytının yaradılması üzərində işlərə başladıq”.
Jurnalist bildirib ki, məzmunu üzərində işlər tamamlandıqdan sonra sayt ictimaiyyətə təqdim olunacaq:
“Portalda şairin indiyədək heç yerdə yayımlanmayan fotoşəkilləri, səs yazıları, əlyazmaları, kitablarının elektron versiyası, həyatının müxtəlif dövrlərində verdiyi audio-video müsahibələr, Azərbaycan Dövlət Radiosu, eləcə də İran və Türkiyə telekanallarının efirində vaxtilə ona həsr olunmuş verilişlərin videoyazıları və digər olduqca faydalı məlumatlar toplanıb. Hesab edirəm ki, layihədən həm Şəhriyar poeziyasının vurğunları, həm də ümumiyyətlə istənilən şəxs faydalana biləcək”.
Layihə rəhbəri onu da əlavə edib ki, saytda yerləşdiriləcək faktların toplanması o qədər də asan olmayıb. O bu məqsədlə ölkəmizdə və İranda fəaliyyət göstərən elektron kitabxanalara, eləcə də araşdırılması xeyli vaxt tələb edən arxiv sənədlərinə müraciət edib.
“Arxivləri tapmaq, onları araşdırmaq kifayət qədər mürəkkəb və xeyli vaxt tələb edən prosesdir. Lakin buna baxmayaraq, görülən işlər nəticəsində geniş məlumat bazası toplaya bilmişik. Yaxın vaxtlarda hər kəs Ustad Şəhriyar barəsindəki bütün məlumatlarla sözü gedən sayt vasitəsilə tanış ola biləcək”.
F. Azəri onu da deyib ki, saytda şairin fars dilində yazdığı kitablar da yer alacaq. Onların əksəriyyəti isə Azərbaycan oxucusuna ilk dəfədir ki, təqdim olunur.