QHT sədri Fuad Nəcəfliyə açıq məktub yazdı
"Vətən bağı" Sosial Təşəbbüslər ictimai birliyinin sədri Emin Tarıverdiyev Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfliyə açıq məktub yazıb, diqqəti baxımsız qalmış tarixi memarlıq abidələrimizə yönəldib. Azadmedia.az mövzunun aktuallığını nəzərə alaraq QHT sədrinin Fuad Nəcəfliyə açıq məktubunu dərc edir
Fuad Nəcəfliyə açıq məktub...
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfliyə...
Hörmətli Fuad müəllim!
Azərbaycanın ən qədim ərazilərindən biri olan Naxçıvan tarixi, mədəniyyəti, abidələri, ənənələri və mətbəxi ilə nəinki yerli, hətta xarici alimlərin əsərlərində də xüsusi olaraq qeyd edilir. Məlumdur ki, Naxçıvan Muxtar Respublikasında 1162 tarixi-mədəniyyət abidəsi mövcuddur. Bu abidələrin 58-i dünya, 455-i ölkə, 649-u isə yerli əhəmiyyətlidir. Məmləkətimizin ayrılmaz parçası olan bu diyarda ilk insanların yaşadıqları mağaralara, qədim yaşayış yerlərinə, möhtəşəm qala divarlarına, qayaüstü rəsmlərə, ən mükəmməl memarlıq incilərinə rast gəlmək olar. Xalqımızın ümummilli lideri Heydər Əliyevin tapşırığı və himayəsi ilə Naxçıvanda tarixi abidələrə daim diqqət göstərilmiş, bir çox yerlərdə abadlıq-bərpa işləri aparılmışdır.
Naxçıvan abidələri Azərbaycan tarixinin müxtəlif dövrlərində tikilib və bizə miras qalıbdır.
Hörmətli Fuad müəllim!
Çox təəssüf ki, bu gün Naxçıvanda olan bəzi abidələr diqqətdən kənarda qalmış, uçmaq, tarixdən silinmək təhlükəsi ilə üz-üzədir.
Bunlardan biri Ordubad şəhərində tarixi 40 pilləkən adlı kəhrizdir. Tarixi kitablarda 17-ci əsrdə Ordubadda 70-dən artıq gur çeşmənin olduğu söylənilir. Ordubadın bu gün də əsas su təchizatı olan kəhriz sistemi orta əsrlərdə yaradılıb. Məhəllə meydanlarında və ya bəzi həyətlərdə yerləşən bu kəhrizlərə xalq arasında “40 pilləkən” deyirlər.
Məlumat üçün bildirək ki, Muxtar respublikada formalaşan kəhriz ənənəsi bu gün dünyanın da diqqətini çəkir. Ayrı-ayrı ölkələrin, beynəlxalq qurumların nüayəndələri muxtar respublikanın kərizlər sistemi üzrə təcrübəsindən yararlanır, nümunə kimi göstərirlər. Ancaq yaşı 5 əsrə çatan 40 pilləkən kəhrizi bərbad vəziyyətdədir. . Oraya rahat enib - çıxmaq üçün pilləkənlər tikilməyib. Təmirsizdir, qayğısız və köməksiz qalıb. Təəssüf ki, keçmiş rəhbərlik də bu tarixi abidəyə laqeyd yanaşmışdır.
Diqqətinizə çatdırmaq istədiyim digər məkan Ordubad İpək Fabrikidir. Azərbaycanda ipəkçilik tarixi V əsrə dayanır. Bu tarixdə Naxçıvanın da adı xüsusi hallanır. Qeyd edim ki, 1971-ci il 3 mart tarixində Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan SSR Nazirlər Soveti “ipəkçiliyin gələcək inkişafına dair tədbirlər haqqında” qərar qəbul etmişdi. Bu qərarın icrasında Ordubad İpək Fabrikinin fəaliyyəti barədə alimlər çox yazıblar. Ordubad ipəyi hələ XVI əsrin ikinci yarısında Avropaya ixrac edilib. 1875-ci ildə şəhərdə buxar mühərriki ilə işləyən ipəksarma fabriki olub. 1886-cı ildə ipək istehsal edən 4 iri ipəksarma müəssisəsi fəaliyyət göstərib. Ordubad şəhəri XIX əsrin ikinci yarısı, 1920-ci illərin əvvəllərində Rusiya bazarlarını yüksək keyfiyyətli xam ipək, ipək parça, habelə quru meyvə ilə təchiz edən mühüm mərkəzlərdən birinə çevrilib.
Lakin bu gün Ordubadda bu tarixi bina dağılmış vəziyyətdə qalmaqdadır. Şəkillərdə göründüyü kimi Ordubadın 40 pilləkən kəhrizi və Ordubad İpək fabrikinin Naxçıvan rəhbərliyinin qayğısına ehtiyac var. Bu tarixi abidələr Ordubadın, Naxçıvanın və nəhayət Azərbaycanın maddi irsidir.
Hörmətli Fuad müəllim!
Hər addımında tarix qoxan, vaxtilə geniş şəkildə yayılmış sənətkarlıqdan xəbər verən Ordubadın altı da, üstü də bir sərvətdir. Ordubadın bu iki tarixi abidəsi olan 40 pilləkən kəhrizi və Ordubad İpək Fabrikinin bərpa edilməsi, orda abadlıq işlərinin aparılmasına ehtiyacı var. Məhz Sizin sayənizdə bunun mümkün olacağına inanırıq.
Hörmətlə Emin Tarverdiyev
"Vətən bağı" Sosial Təşəbbüslər ictimai birliyinin sədri[/b]
www.AzadMedia.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR