AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Fotolardan boylanan yarım ömürlər - Şəhid dəfnindən Reportaj

  • + A
  • - A
  • 22-09-2023, 18:00

    Fotolardan boylanan yarım ömürlər - Şəhid dəfnindən Reportaj

    Fəxri xiyabandaydım. 4-cü şəhidin dəfninə çatdım. Yaylım atəşi, himn, göylərə ucalan nalə...
    5 addım kənarda əsgərlər əllərində külüng qəbirlər qazırdılar. Çox dəhşətli səhnə idi... Qəbristanlığın fəhlələri qaza bilməzmi qəbirləri? Azərbaycan əsgəri qəbir qazmamalıdır, əfəndilər...

    Dəfn edilən Şəhidimiz Naxçıvanlı idi... Kapitan Eyvazov Vüqar Eyvaz oğlu.Kəngərli rayon Şahtaxtı kəndi. Ruhu şad olsun.
    Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abidin Fərzəliyevi məzar başında gördüm. Demək, Abşeron sakini olub şəhidimiz. Atasının 40 mərasimi dünən olub. Şəhidin bibisi oğlundan dəfndə bunu eşidən kimi, qeyri-ixtiyari pıçıldayıram: "Nə xoşbəxt ata imiş, çiyni oğul tabutu görmədi"... Gözüm Şəhid Mayor Vüsal Vəliyevin qardaşı qəhərdən gözləri qızarmış Elyar İslamoğluna sataşır. Onun atası İslam kişinin vəfatını xatırlayıram. Oğlunun şəhid olma xəbərini eşidib ürəyi partladı İslam dayının... Elyargil 2 şəhid verdi 44 günlük müharibədə. Atası da mənfur erməni işğalının, müharibənin qurbanı oldu...
    Hərbçilər müracət edirdi, seyrəklik yaradın. 5-ci şəhidimiz yol gəlirdi son mənzilinə...

    Digər kapitan şəhidin ana-atası yox idi.
    Kapitan Qeybəliyev Elvin Ağalar oğlu.
    Bir bacı, bir qardaşdılar.
    Ruhu şad olsun.
    4 övladı var. Biri də yoldadır.
    Elyarın dediyinə görə bayrağı 13 yaşlı oğlu təhvil alıb...

    Sonra Əlyullanın məzarı, baş tərəfdə qəddi əyilmiş ata, səsi batmış ana...
    Şəhid baş leytenant Əliyev Vəliyulla Elman oğlunun atasını danışdırdım. Məlum oldu ki, bir bacısı qalıb Şəhidimizin. Bacısının 2 oğlu var. İgid dayıları ilə fəxr edəcəklər. 1 ay imiş vətəndaşlıq alıbmış. Gedib Rusiya tərəfdən Ukraynaya qarşı vuruşmaqdansa, canı qədər sevdiyi Azərbaycanda qalıb mənfur düşmənlə döyüşməyi seçib. Atası toxdaq idi. "Vətən sağ olsun! Özü bu yolu seçmişdi. Sonu gözə almışdı", - dedi... Kürəkənləri də orda idi.
    İnanıram ki, qədirbilən dövlətimiz ailəni tezliklə evlə təmin edəcək, yeganə oğul balalarının məzarını tez-tez ziyarət edəcəklər.
    Ayın 19-dan bu yana şəhid olan oğullarımızın fotolardan gülümsəyən həyat dolu gözlərinə baxdıqca, qəhərdən boğulurdum. 2004 təvəllüd şəhidlərimiz də var...
    Sonuncu olsun!

    Bəri başdan qazılmış qəbirlərə şam, çinar ağacları əkilsin diləyi ilə 5-ci şəhidimizin dəfninə özümdə güc tapmadan ayrıldım. Şəhidin ruhu bağışlasın məni.
    Elnurə Abuşova







    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR