Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Bu cür müqavilə yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.
Zamin birgə məsuliyyət daşıyırsa, borcalan ödənişləri dayandırdıqda bank məhkəməyə müraciət etmədən krediti ödəmək tələbini birbaşa zaminə ünvanlaya bilər. Zamin subsidiar məsuliyyət daşıdıqda isə kredit təşkilatı tərəfindən öncə məhkəməyə müraciət olunmalı sonra isə məhkəmə qərarı ilə krediti ödəmək tələbi zaminə ünvanlanmalıdır.
Zaminin hüquqları
İlk başda zamin borcalanın maddi vəziyyətinə görə və ya öz şəxsi səbəblərinə görə kredit üzrə zamin olmaqdan imtina edə bilər. Yəni, bu öhdəlikləri öz üzərinə götürməyə razı olmamaq zaminin hüquqlarına daxildir. Bundan başqa, zaminin müqavilə şərtləri ilə tanış olduqda bu şərtlər onu qane etmədiyi təqdirdə müqaviləni imzalamamaq hüququ da var
Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zaminin borcluya göstərdiyi xidmətlər üçün muzd almaq hüququ vardır.
Zamin müqaviləni imzaladıqdan sonra da müəyyən hüquqlara malikdir. Belə ki, zamin borcalan krediti ödəmədiyi halda, kreditin ödənilməli hissəsi haqqında tam ətraflı məlumat ala bilər. Bu artıq onun da öhdəliyi olduğundan istənilən məlumatı tələb etmək hüququ var. Öhdəliklər zamin tərəfindən ödəndikdə isə onun ödənilmiş məbləği sonradan borcalandan tələb etmək hüququ da var.
Zaminliyə aşağıdakı hallarda xitam verilir:
Əgər borcalan dəyişmişsə və ya zamin yeni borcalan üçün cavabdeh olmaq barəsində kredit verənə razılıq verməmişsə bu öhdəlikdən imtina etmək hüququ var. Eyni zamanda, zaminin razılığı olmadan onun öhdəliyi dəyişdirildikdə və bu dəyişdirilmə müqavilə üzrə məsuliyyətin artırılmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda da zamin öhdəlikdən imtina edə bilər.
Qeyd: Məqalə Rəşad Vaqifoğlunun facebook səhifəsindən götürülüb
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.